Banklar dollar satışını tam dayandırdı
03-sen-2016Nemət Əliyev: «Bankların dollar satışını dayandırması dövriyyənin azalmasına və bazarda qıtlığın yaranmasına gətirib çıxaracaq»
Artıq bir neçə gündür ki, dollar satışını limitlə açıqlayan banklar dünən səhərdən satışı tamamilə dayandırıblar. Ölkənin ən iri bankları belə müəyyən vaxtlarda əhaliyə dollar satsa da, artıq proses dayanıb. Ölkənin ən iri bankları olan “Paşa Bank”, “Kapital Bank” və Azərbaycan Beynəlxalq Bankı və “Unibank” satışı dayandırdığını rəsmən bəyan edib.
Sentyabrın 1-də əgər 23 bank dollar satışını dayandırmışdısa, bu siyahı dünən bütün bank sektorunu əhatə edib(Fins.az).
Hava limanında dollar satışı dayandırıldı
Dünən eyni zamanda hava limanında “Bank Silk Vey” dollar satışını tamamilə dayandırıb. Bankdan verilən məlumata görə, sentyabr ayının 1-nə kimi adi müştərilərə dollar satışı olmasa da, hava limanında xaricə səfər edənlər üçün dollar satışı həyata keçirilirdi. Uçuş bileti olanlara limitlə 300 dollar satılırdı. O sıradan, eyni məbləğdə bankdan avro da almaq mümkün idi. Sentyabr ayının 2-dən etibarən isəÿ xaricə getmək istəyənlər üçün də satış dayandırılıb. Amma bankdan bunun səbəbi açıqlanmır.
Qeyd edək ki, bankın sentyabr ayının 2-nəÿ dollar üzrə alış qiyməti 1.6360 manat, satış üzrə qiyməti isə 1.7016 manatdır. Avronun alış məzənnəsi 1.8320 manat, satışı isə 1.9060 manat təşkil edir.
Ehtiyatlar 42 faiz azalıb
Bu arada Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatlarının həcmi məlum olub. MB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatları artıb. MB-nin açıqladığı statistikaya əsasən, 2016-cı il avqustun 31-nə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 192,5 mln. ABŞ dolları olub.ÿ Bu, avqustun əvvəli ilə müqayisədə 0,7% və ya 29,6 mln. dollar artım deməkdir. Ötən ilin analoji dövrü ilə müqayisə etsək, MB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 42,7% azalma qeydə alınıb.ÿ2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 16,7 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-avqust aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 16,4% azalıb.
Manat kütləsi yenə azalıb
Dolların kursunun sabit saxlanması üçün MB yenə ənənəvi siyasətini davam etdirir. Azərbaycanda pul bazası yenə də azalıb. Avqustun 31-nə pul bazası 7 milyard 412.2 milyon manat olub. Bu da iyul ayı ilə müqayisədə 225.9 milyon manat azalma deməkdir.
Pul bazasının ən yüksək həddi 2014-cü ilin yayına təsadüf edir – 11.7 milyard manat. Indiki səviyyə isə həmin həddən təxminən 1.5 dəfə azdır. Ekspertlər hesab edir ki, pul bazasının azalması Mərkəzi Bankın (MB-nin) manat siyasətindən qaynaqlanır.
Pul bazasının azalması iqtisadiyyata nə vəd edir
Pul bazası dedikdə, pul kütləsinin MB tərəfindən qısa müddət ərzində dəyişdirə bildiyi hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının MB-dəki müxbir hesablarının qalıqları) daxildir.
Ekspertlərin fikrincə, pul bazasının azaldılmasında MB-nin bir məqsədi dollar alışını azaltmaqdır. Dollar almağa nə qədər az manat varsa, ölkənin valyuta ehtiyatlarının azalma sürəti də o qədər aşağı düşür. Ancaq pul bazasının azalması iqtisadi fəallığı tam aradan qaldıra bilər. Bir sözlə, iqtisadiyyat kəskin şəkildə manatsızlaşır. Pul defisiti iqtisadi fəallığın kəskin azalması və nəticədə tələbin məhdudlaşması kimi iqtisadi gələcək vəd edir.
Azərbaycanda ötən il dekabrın 21-də baş verən devalvasiyadan bir müddət sonra da təxminən eyni vəziyyət yaranmışdı.
Yaranmış vəziyyətdə hökumətin heç bir addım atmaması hansı durum yaradır? Bunun sonu necə görünür?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, proses başlayandan MB-nin ehtiyatları 11.3 milyarddan 4.1 milyarda qədər düşüb. Nəticədə MB öz valyuta ehtiyatlarını 3.5 dəfədən çox itirib. N.Əliyevin sözlərinə görə, bu, MB-nin yeritdiyi yarıtmaz siyasətin nəticəsidir. Ind isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışır. Amma MB gərək tənzimləyici funksiyalarını unutmasın: “Mərkəzi Bank bazarın valyutaya olan tələbatını ödəməlidir. Həmin ehtiyatlar ağır zamanlarda xərclənmək üçün yığılıb. Mərkəzi Bank valyuta ehtiyatlarını qısqanclıqla xərcləyir. Digər tərəfdən isə ölkəyə valyuta gəlmir. Qeyri-neft sektorunu isə hökumət inkişaf etdirə bilmədi. Belə bir vəziyyətdə bankların valyuta satışını dayandırması tam təbiidir”.
N.Əliyev onu da bildirdi ki, hazırda milli valyuta gərəksiz vasitəyə çevrilib. Prosesin bu cür davam etməsi yaxşı heç nə vəd etmir. Ekspertin sözlərinə görə, bankların dollar satışını dayandırması, daxili bazarın tələbatının ödənilməməsi dövriyyənin azalmasına və bazarda qıtlığın yaranmasına gətirib çıxaracaq: “Bu ilin aprelində daxili istehsal bazarı 47 faiz kiçilib. Bu proses daha da sürətlənəcək. Qara bazar dövriyyəsi böyüyüb. Mərkəzi Bankın elan etdiyi məzənnəni artıq nəzərə almırlar. Qara bazarda alğı-satqı tam başqa yolla aparılır”.