Mingəçevirdə 2 milyonluq yol və səki təmiri – Ötən il də yollara bu qədər vəsait xərclənib
06-noy-2023Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB)”ATF” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 2 184 640,13 AZN təşkil edən müqavilədə Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ATF” MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
Tender kralı kimi tanınan “ATF” MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur.
Şirkətin adı da qardaşların adlarının baş hərflərinin birləşməsidir.
“ATF” MMC-nin adı bir sıra qalmaqallarda hallanıb.
Məsələn, 2018-ci ildə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, şirkət dövlətə 361 000 AZN ziyan vurub. Faktla bağlı cinayə işi başlanıb və Fəxrəddin Muradov saxlanılıb. Lakin onun sonradan azadlığa buraxıldığı iddia olunur.
Mingəçevir MKTİB ötən il də yolların təmiri ilə “ATF” MMC ilə satınalma müqaviləsi bağlayıb. Müqavilənin maliyyə dəyəri 2 169 787,71 AZN-dir.
Beləliklə, ötən il təmirinə 2 milyon xərclənən Mingəçevir yollarının bu il də təmirinə ehtiyac yaranıb.
Mingəçevir MKTİB Mingəçevir Şəhər İcra Hakimiyyətinə tabeli qurumdur.
Mingəçevirin icra başçısı İlham İsmayılovdur. O, 2018-ci ildən bu vəzifədədir.