Bu gün:
Xezer.info » Cəmiyyət » Azərbaycanda millətçilik ideologiyası geridə qaldı?

Azərbaycanda millətçilik ideologiyası geridə qaldı?


Azərbaycanda millətçilik ideologiyası geridə qaldı?
Müşfiq Vəliyev: “Yeni nəsil milliyyətçi hərəkat inkişaf mərhələsindədir”; Mehriban Vəzir: “Millətçi lider yoxdursa...”
Son illərdə Azərbaycanda millətçilik ideyalarının ciddi şəkildə zəiflədiyi müşahidə olunur. Xüsusilə, bu ideyaların ölkəmizdə yayılmasında və inkişafında böyük xidmətləri olan, 2000-ci ildə milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından sonra millətçilik enmə mərhələsinə qədəm qoydu.

Geriləmə dövrünü yaşayan, bir vaxtlar milyonları bir yerə toplayan bu ideyaları Azərbaycanda tədricən başqa dini cərəyanlar əvəz etməyə başladı. Vəhhabilik, “nurçuluq” və digər belə təriqətlərin adlarını qeyd etmək olar. Hazırda bu adda bir siyasi qurum fəaliyyət göstərir. O da gənclərdən ibarət olan Milliyyətçi Gənclər Təşkilatıdır ki, onun da potensialı bu ideyaların yenidən inkişaf etdirilməsinə yetmir.

Təşkilatın sədri Müşfiq Vəliyev yeni nəsil milliyyətçiliyinin formalaşdığını bildirdi: “Hal-hazırda yeni nəsil milliyyətçi hərəkatın mərhələşməsi prosesi getməkdədir. Fundamental dəyişikliklər vaxt aparır və səbir tələb edir. Bu hər hansı prosedura və ya rəqabətə bağlı bir proses deyildir. Hərəkatın sistemləşməsi zamanla formalaşır. Çünki zamanın gedişatı hər bir ideologiyanın öz vaxtını şərtləndirir. Əlbəttə ki, Elçibəyin vəfatından sonra hərəkat üçün ideoloji inkişafda çətinliklər və vaxt itkisi olmuşdur. Ancaq hazırkı hərəkatımız öz inkişafı ilə itirilən vaxtımızı bərpa etməklə məşğul olmuş və yetərincə hərəkatın saflaşması üçün, eləcə də, hədəflərini reallaşdırmada ciddi qalxınma etmişdir. Hesab edirəm ki, milliyyətçilikdə də qalxınma var və bu təbii ki, zərurətdən doğur. Bu gün yeni nəsil milliyyətçi hərəkat inkişaf mərhələsindədir”.


Yazıçı-publisist Mehriban Vəzir Elçibəyin vəfatının milliyyətçilik ideyalarına ciddi zərbə vurduğunu qeyd etdi: “Elçibəy kimi demokrat, böyük insan, elm xadimi, xarizmatik gücü olan bir lideri itirdikdən sonra boşluq yaranmalıdır. Bu təkcə bizə aid deyil, digər xalqlara da şamil olunmalıdır. O boşluq özünü çox ağır şəkildə göstərəcək. Amma nəzərə alaq ki, Almaniya, Fransa, İtaliya və digər böyük Avropa dövlətlərində milliyyətçi liderlər yoxdur. Bu o demək deyil ki, həmin dövlətlərin, xalqların millətçilik, vətənpərvərlik duyğuları sıradan çıxıb. Əksinə daha güclü, ciddi proseslər gedir. Dövlət də altdan bunlara təkan verir. Amma bizim kimi ölkələrdə bunların əksi olur. Sosial rifah, yaşayış durumu çox aşağı olduğundan, idarəetmə qanunsuzluğuna görə insanlar bir pənah yeri axtarırlar. Bolşevik kimi canilər 1920-ci ildə qalib gəldilər. Rusiya boyda böyük məkana hakim kəsildilər. Bunun səbəbi azğın idarəetmə idi. Amma o zamanlar insanlar bolşevizmə üz tutdular. Çünki o zamankı idarəçilik, yəni bəylərin, xanların, mülkədarların özbaşınalıqları insanları buna sürüklədi. Bu gün də insanlarımız vəhhabizmə və digər bu kimi təhlükəli yerlərə üz tuturlar. Qınamaq da olmur. Çünki insanların üz tutası başqa yerləri qalmayıb.

”Nurçuluq" da göstərdi ki, bunları dünya gücləri körükləyir. Çalışırlar ki, Azərbaycan, Türkiyə və digər müsəlman ölkələrində millətçilik ideyaları baş qaldırmasın. İnsanlara dini mövhumatı daha çox aşılayırlar. Nəticədə təhlükəli təriqətlərdən insanlar maliyyə ala bilirlər, ailələrini dolandırırlar və sonda da belə vəziyyət yaranır. Təsəvvür edin ki, “nurçuluq”, mason kimi hallar Avropada heç olmur. Çünki Avropa insanı rifah içərisində yaşayır. Onların mücərrəd tərəflərə üz tutmağa ehtiyacları yoxdur. Haqlarını tələb edirlər və sonradan da onun bəhrəsini dadırlar. Millətçilik ideyalarında yaranan problem Elçibəy, yaxud millətçi liderlərin yoxluğu ilə həm bağlıdır, həm də bağlı deyil. Millətçi lider yoxdursa, dövlət onu əvəz etməlidir. Çünki bu yol davam etməlidir. Biz də isə həm bu missiya davam etdirilmir, həm də vətəndaş acından ölür. Adətən böyük liderlərin əvəzləyicisi olmur, davamçısı olur. Elçibəyin davamçıları məlum çevrələrdir ki, onlar da gücləri yetən qədər bu yolu davam etdirirlər. Əlbəttə o boşluqlar doldurulacaq səviyyədə deyil. Çünki o boşluqlara basqılar o qədər güclüdür ki, kiçik qruplar nə qədər fədakar olsalar da yetərli deyil".