Bu gün:
Xezer.info » Manşet » Prezidentin uğurunun sirri - 3 ildə nələr baş verdi?

Prezidentin uğurunun sirri - 3 ildə nələr baş verdi?



3 il bundan əvvəl noyabrın 8-də Azərbaycanda tarixi anlar yaşanmışdı. Şuşanın azad edilməsi Qarabağ döyüşünün pik nöqtəsi idi və bütün ölkə bu qələbə sevincinə şərik idi. Demək olar ki, hər kəs küçəyə axışaraq bu əlamətdar hadisəni qürur hissi ilə qeyd edirdi.



İki gün sonra, noyabrın 10-da hərbi əməliyyatların dayandırılması fikir ayrılığı yaratdı. Çoxları düşünürdü ki, bu proses Şuşanın işğaldan azad edilməsi ilə yekunlaşıb. Onlar beynəlxalq aləmin ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcəyi ilə əsaslandırırdılar. Həmin dövrdə ABŞ və Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar bu tipli düşüncənin formalaşması üçün şərait yaratmışdı.

Bu proseslər zamanı və ondan sonrakı müddətdə də Azərbaycana qarşı təzyiqlər artmışdı. Məqsəd Prezident İlham Əliyevi planlarından çəkindirmək və Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək idi. Sözsüz ki erməni lobbisi bu məqsəd üçün gecə-gündüz çalışırdı.
Ətraflı

Çıxışı zamanı "nəyi, nə zaman və necə etmək lazım olduğunu mən bilirəm" sözlərindən istifadə edərək bunu hər dəfə sübut edən ölkə başçısı sonrakı 3 il ərzində həyata keçirdiyi siyasətlə dediyini isbatladı. O, bütün təzyiqlərə və hədələrə baxmayaraq uzaqgörənliklə, qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı.

Bütün bu proseslər İlham Əliyevin həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran lider olduğunu göstərir. O, böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işlədi, öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırdı, bu məsələdə maneə olan güclərin müqavimətini sındırdı və tarixi ədaləti bərpa etdi. İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı. Onun böyüklüyü, uzaqgörənliyi və siyasi məharətinin qayəsini təşkil edən həqiqət məhz bundan ibarətdir.