Bu gün:
Xezer.info » Eksklüziv » Turşu bağlamalarının fəsadları - evdə hazırlayaq, yoxsa marketdən alaq...

Turşu bağlamalarının fəsadları - evdə hazırlayaq, yoxsa marketdən alaq...



Ekspertlər turşu bağlamalarından imtina etməyi tövsiyə edir; Azər Maqsudov: “Kustar üsulu ilə hazırlayırlar, sanitar qaydalara uyğun olmur, ona görə...”

Yayın sonu-payızın əvvəli evlərdə qış üçün turşu bağlamalarının tədarük dövrü sayılır. Maraqlıdır ki, illərdir marketlərdə hazır pomidor və xiyar turşuları satılsa da, bir çox insanlar nədənsə yenə ev məhsullarına üstünlük verir. Görəsən niyə, daha ucuz başa gəldiyinə görə, yoxsa başqa səbəb var?

Bəs turşu bağlamalarını ev şəraitində hazırlayarkən hansı qaydalara riayət olunmalıdır ki, qışda botulizmdən zəhərlənmə halları olmasın? Bəlkə ən yaxşısı elə onları marketdən almaqdır? Ümumiyyətlə statistika nə deyir, zəhərlənmələr daha çox ev “zaqatovka”sından baş verir, yoxsa marketdə satılanlardan?

İstehlakçıların müdafiəçisi Eyyub Hüseynov bizimlə söhbətdə deyib ki, turşulardan bidrəfəlik, birmənalı şəkildə imtina etmək lazımdır: “Bazara gedən zaman görürük ki, plastik qablar götürüb, elə oradaca kələmdən turşu düzəldirlər. Hələ üzərinə kimyəvi aktiv sirkə də tökürlər. Azərbaycanın qida rasionundan bunu birdəfəlik çıxarmaq lazımdır. Hər kəs bilir ki, badımcan, xiyar və digər turşular insanı cəzb edir, iştahı açır. İnsanı nə özünə çəkirsə, əksər hallarda o, zərərli olur. Turşular da o cümlədən zərərlidir. Əgər zəhərlənmələrin statistikasını araşdırsaq görərik ki, bunların əksəriyyətinə səbəb turşulardır. Ona görə də ev şəraitində hazırlanan turşulardan birdəfəlik imtina etmək lazımdır.

Evlərdə hazırlanan turşulardan zəhərlənmə ona görə baş verir ki, insanlar normalara əməl etmirlər. Turşulardan zəhərlənmə qədimi zamanlarda da baş verib. Lakin o zaman tibb elmi bu qədər inkişaf etmədiyi üçün qəfil dünyadan köçmənin turşudan zəhərlənmə olduğunu bilmirdilər. Sənaye üsulu ilə hazırlanan turşulardan isə təsadüfü hallarda istifadə etmək lazımdır. Ancaq bundan da imtina edilərsə, faydası var. Bir il istifadə olunmasa, ailələr onu unudacaq. Kənd təsərrüfatı məhsulları torpaqla təmasda olur. Bəzən torpaqda olan çox ciddi bakteriya turşular vasitəsilə insan orqanizminə keçir. Çünki yaxşı sterilizə edilmir. Bizim məişətdə istifadə edilən turşular tədrici və qəfil zəhərlənmənin amillərindən biridir. Mağazalarda bununla bağlı xüsusi reyd etməmişik. Ancaq bilirəm ki, sənaye üsulu ilə istehsal edilən turşular mağazalarda da satılır. Ən pis vəziyyət isə açıq bazarlardadır. Orada satılan turşulardan insan zəhərlənərsə, kim günahkar olacaq kimi məsələlər açıq qalıb. Ona görə də bazarlardan turşu almaq lazım deyil. Bu, çox təhlükəlidir. Söhbət təkcə zəhərlənmədən getmir. Turşunun insan orqanizminə zərərləri çoxdur".


Azər Maqsudov

Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əsasən ev şəraitində bağlanan şorabalardan zəhərlənmələr olur: “Kustar üsulu ilə hazırlayırlar, sanitar qaydalara uyğun olmur. Yaxşı qaynadılmır və infeksiya qalır. İnfeksiya oksigen olmayan şəraitdə inkişaf edir və batulizmə səbəb olur. Bu da ağır toksiki qida infeksiyasıdır. Buna da kütləvi şəkildə rast gəlirik. Dükandan alınan şorabalar yüz dərəcə istilikdə hazırlanır. Ona görə dükandan alınan şorbalardan zəhərlənmə halları demək olar ki, rast gəlinmir. Amma evdə, bazarda satılan şorabalardan zəhərlənmələrə tez-tez rast gəlinir. Keçən ay 3-4 nəfər bundan zəhərlənmişdi. Artıq mövsüm başlayıb, oktyabr, noyabr, fevrala qədər belə hallar olacaq. Zəhərlənmələr əsas qış aylarında baş verir, indi hələ başlanğıcdır”.
Turşu bağlamalarının fəsadları - evdə hazırlayaq, yoxsa marketdən alaq...
İmran Abdullayev

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə mediaya açıqlamasında bildirib ki, ev şəraitində hazırlanan turşuların daha təhlükəli olduğunu bildirir ki: “Əhaliyə bu cür ərzaqların təhlükəli olması barədə dəfələrlə xəbərdarlıqlar edirik. Xüsusilə də ev şəraitində hazırlanan turşular, bilgisiz şəkildə hazırlanır. Çox vaxt turşu bağlayarkən sterilizə etmirlər, hazırlanma prosesində təmizliyə ciddi riayət etmirlər. Əgər insanlar öz qida rasionlarında mütləq turşulardan istifadə etmək istəyirlərsə, üstünlüyü evdə yox, sənaye üsulu ilə hazırlanan məhsullara verməlidirlər. Çünki bu cür sənaye məhsullarını daha sterilizə şəkildə bu sahə üzrə ixtisaslı kadrlar hazırlayır. Amma belə məhsulları alarkən qabın üzərindəki istehsal tarixinə diqqət yetirmək lazımdır. Həmçinin turşu qabına fikir vermək lazımdır ki, onun qapağı şişmiş olmasın”.