Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb
18-okt-2023Oktyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu.
Baş nazir cari ilin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə hər iki ölkə üçün xüsusilə əlamətdar olduğunu bildirdi.
Türkiyə Ali Məhkəməsi sədrinin Şuşada keçiriləcək Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda və Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis yığıncağında iştirakının önəmi xüsusi vurğulandı.
Qeyd edildi ki, Azərbaycan-Türkiyə münasibətləri müasir mərhələdə hər iki ölkənin liderləri – İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hərtərəfli inkişaf edərək strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatmışdır.
Tərəflər Türkiyə Prezidentinin ötən ay Naxçıvan Muxtar Respublikasına səfərinin qardaş ölkələr arasında əlaqələrin bütün sahələrdə daha da sürətli inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə etdilər. Bu baxımdan dövlət başçılarının İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirakı, eyni zamanda iki ölkə arasında imzalanmış Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun və Türkiyənin Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi haqqında Əməkdaşlıq Sazişinin əhəmiyyəti qeyd edildi.
Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının, həmçinin Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların effektiv icrasını mühüm faktor kimi dəyərləndirən Ə.Əsədov, cari ilin 9 ayında ticarət dövriyyəsinin 42% artaraq rekord məbləğə çatmasının sevindirici hal olduğunu qeyd etdi.
Azərbaycan ilə Türkiyənin məhkəmə-hüquq sistemləri arasında münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu.
Məhkəmə-hüquq orqanları arasında əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilməsinin, mütəmadi qaydada təcrübə müdabiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olacağı qeyd edildi.
Görüşdə həmçinin iki ölkə arasında sərmayələrin qoyuluşu, enerji, nəqliyyat-tranzit və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.