Bu gün:
Xezer.info » Manşet » Yol polisi təhlükəsizliyi necə təmin edir? - Vaqif Əsədov yazır...

Yol polisi təhlükəsizliyi necə təmin edir? - Vaqif Əsədov yazır...


Yol polisi təhlükəsizliyi necə təmin edir? - Vaqif Əsədov yazır...
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun “Yol polisi təhlükəsizliyi necə təmin edir?” adlı məqaləsini təqdim edirik:
Təkcə paytaxt Bakı şəhərində deyil, Azərbaycanın bütün regionlarında avtomobil parkı ildən-ilə genişlənir. Abtomobilləşmənin sürətlə getdiyi indiki dövrdə hərəkətin təhlükəsizliyinin əsas şərti, yol mədəniyyətilə yanaşı, sürücü, piyada məsuliyyətidir. Əgər tərəflər bu şərtə əməl etsələr, insan həyatının təhlükəsizliyi daha etibarlı olar. Deməli, kimin nə deməsindən asılı olmayaraq, yollarda təhlükəsizliyin təmin olunması təkcə dövlət nümayəndəsi – yol polisinin fəaliyyətilə şərtlənmir. Qabaqcıl ölkələrdə, xüsusilə Avropa cəmiyyətində sürücü-piyada, piyada-sürücü məsuliyyəti o qədər mental xarakter daşıyır ki, bu ənənənin yayılmasında yol polisilə yanaşı, vətəndaş cəmiyyəti, mətbuat daha çox fəallıq göstərir.

Etiraf edək ki, bizdə vəziyyət fərqlidir. Niyə? Araşdırmalar, daxil olan şikayətlərin mahiyyəti təhlil olunarkən ortaya aydın bir məntiq çıxır ki, hərəkət iştirakçısı birinci halda qaydalara əməl etməli olduğu halda, qaydanı pozaraq, ailə büdcəsinə dəyən zərəri ödəməmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır. Yol polisi olaraq, biz bunu daxil olan müraciətlərin böyük əksəriyyətində müşahidə edirik. Yaxud, başqa bir qrup yol polisindən narazılığını, müvafiq idarəyə müraciət etmədən sosial şəbəkədə müzakirəyə çıxarır, özünü haqlı göstərən statuslar yazır. Bu statuslarda, yazılan rəylərdə bəzən elə “hökm”lər, “qərar”lar çıxır ki, asayiş keşikçisinin sanki vətəndaşla şəxsi qərəzliyi var. Xüsusilə, polisi təxribata çəkmək istəyən bəzi sürücülər bununla da, yol polisinin fəaliyyətini şübhə altına salan, əsası olmayan informasiylar, sosial statuslar tirajlayır, ictimai rəy yaratmağa, təzyiqlərə məruz qalması barədə görüntü yaratmaq istəyirlər. Hər kəsə bəllidir ki, bu qarayaxmalar nədən qaynaqlanır, nədən ortaya çıxır. Bütün bu bədniyyətlilərin arxasında dayananların məqsədi yalnız asayiş keşikçisinin - polisin ildənilə artan nüfuzuna xələl gətirməkdir.

Yollarda qarşılıqlı məsuliyyət, piyada-sürücü, sürücü-piyada münasibətləri dövlətin qanunları ilə tənzimlənir. Bunların hamısı ölkəmizdə bütün səviyyələrdə ciddi nizam-intizamın mövcudluğundan irəli gəlir. Kiminsə haqlı olmasının başlıca yolu, qanuna əməl etməkdən keçir. Əgər tərəflərdən biri qanunu pozursa, yol polisi bunu aşkarlayıb məsuliyyətə cəlb edirsə, bu cəmiyyətin gələcəyi, ictimai təhlükəsizilyin etibarlı təminatı ilə bağlı olan məsələdir. Ancaq əksər sürücülər yalnız “mənəm-mənəmlik” iddiası ilə hərəkət etməyə cəhd edir. İctimai rəydə də belə bir fikir formalaşdırmağa çalışırlar ki, yol qəzaları, sürücü özbaşınalıqları, onların məsuliyyətə cəlb olunmamasından irəli gəlir. Ancaq həqiqət ondan ibarətdir ki, yol-nəqliyyat hadisələrinin baş verməsi hərəkət iştirakçılarının intizamının səviyyəsi ilə bağlıdır. Yol polisini ləkələyən, qeyri-mötəbər, bəzi hallarda anonim mənbələr hesabına hazırlanan hər bir fakt üzrə aparılan yoxlamalarda bir fikir diqqət çəkir: “Yol polisi göz yumsun, mən bildiyimi edim!”
Həyata keçirilən qabaqlayıcı tədbirlərdən aydın görünür ki, polisi təxribata çəkmək istəyən sürücülər, “ekspertlər” bu durumdan xeyirləri üçün yararlanmağa can atsalar da, heç bir faydası olmayacaq. Bütün dövrlərdə əldə edilən uğurlar, inkişafla yanaşı, bəzi çətinliklər də olub. Ancaq hər bir hərəkət iştirakçısının yollarda həyat və sağlamlığı, eləcə də əmlakının təhlükəsiziliyi üçün gərəkli olan bütün tədbirləri görür. Onu da etiraf edək ki, polisi xarakterizə edən başlıca göstəricilərdən biri vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsidir. Bu, Azərbaycan polisinin fəaliyyətində rəhbər tələbdir. dia.az