Bu gün:
Xezer.info » Eksklüziv » Milyard dollardan çox pul qoyulan Azərbaycan futbolu niyə can verir? – Tahir Süleymanov

Milyard dollardan çox pul qoyulan Azərbaycan futbolu niyə can verir? – Tahir Süleymanov



Ötən gün millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya ilə qarşılaşdı və böyük əksəriyyətin gözlədiyi kimi məğlub oldu. Qrup mərhələsində növbəti dəfə bu rəqibə məğlub olduqdan sonra şübhəsiz, narazılıqların sayı bir qədər də artdı. Artıq zəif nəticələrdən bezən futbol ictimaiyyəti, azarkeşlər, mütəxəssislər və digər insanlar həm baş məşqçi, həm də komandanı bu vəziyyətdə görmək istəmirlər. Haqlı tənqidlər edilir və müxtəlif çıxış yolları təklif olunur ki, bunlardan biri də De Byazinin postundan ayrılmasıdır.
Bəs Tahir Süleymanov nə düşünür? Tanınmış futbol funksioneri, keçmiş FİFA referisi Qaynarinfo-ya açıqlamasında yığmanın nəticələrindən sonra təəssüratlarını bölüşüb:
“Millinin çıxışı ilə bağlı 1-2 oyun üzərində müzakirələr aparılmamalıdır, ümumi futbola, mövcud duruma kompleks yanaşma olmalıdır. Əgər Azərbaycan futbolunun dirçəlməsi, inkişafı istənilirsə…”
Süleymanov sözünün davamında hamının nəticələrdən narazı olduğunu deyib və bundan sonra De Byazinin Azərbaycanda işləməsinə gərək qalıb-qalmaması haqda düşüncələrini dilə gətirib:
“Nəticələrdən narazılıq haqlı olaraq illərdi davam edir. Bununla yanaşı, əcnəbi və ya yerli, fərq etməz, millinin baş məşqçi məsələsi də uzun illərdir müzakirə edilir. Adların əvəzlənməsi ilə nəsə dəyişirmi? Deməli, problem daha geniş, qlobal xarakter daşıyır. Məşqçi məsələsinin yenidən müzakirələri, böyük anlamda əlavə illərin itirilməsi deməkdir. Azərbaycan futboluna yanaşma, cavabdeh olan strateji beyinlər dəyişməyincə, belə də davam edəcək. Millidə o vaxt məşqçi məsələsi ciddi müzakirəyə çıxarılar ki, futbol strukturu, idarəçilik mexanizmi yerində olsun.
Son iki tura baxış keçirib qardaş Türkiyə ilə paralellik aparaq. Uğursuz nəticələr fonunda hədəfə uyğun dərhal millinin baş məşqçi dəyişikliyinə gedildi və ardıcıl qələbələrlə Avropa çempionatının final mərhələsinə vəsiqə təmin edildi. Niyə? İnfrastruktur, çempionatın səviyyəsi yerində, xaricdə və daxildə yetişən futbolçular top-klublarda çıxış edirlər, azarkeş tələbi/dəstəyi inanılmazdır. Belə durumda məşqçi seçimi, ortaya qoyulan iş keyfiyyəti önə çıxır. Qəti addımlar, səhvlərdən nəticə çıxarılması dərhal geridönüşü təmin etdi. Azərbaycanda futbol idarəçiliyindən tutmuş uşaq futbolu, bölgələrdə şərait bir çox halda bərbad vəziyyətdədir. İlk öncə, bu problemlər həll edilməli, futbolda təfəkkür, strateji xətt dəyişməlidir, futbol təsərrüfatı uğuru təmin edə biləcək işlək mexanizmə çevrilməli, konveyer kimi çalışmalıdır. Milli komanda futbolun ən yüksək, son mərhələsidir. Azərbaycanda futbol nizamı yoxdursa, yığmanın baş məşqçi müzakirələri vaxt itkisidir, necə ki, illər itirilib. Heç olmasa, bundan sonra düzgün yol seçilməlidir”.
Keçmiş hakim azarkeşlərin millidən üz döndərməsinin günahkarının kimlər olduğu ilə bağlı sualı belə cavablandırıb:
“Azarkeşlər millidən üz döndərməyib, millini yığmaya çevirən, 20 ilə yaxındır ölkə futbolunu xarabalığa sürükləyən futbol cavabdehlərindən üz döndərib. Düşmənlər Ağdamı Xirosimaya çevirdikləri kimi, futbol başbilənləri də cavabdeh olduqları sahəni Naqasakiyə döndəriblər. Baxmayaraq ki, bu illər ərzində dövlət qayğısı, sponsorların sayəsində futbola toplam, AFFA, klublar, infrastrukturla birgə 100 milyonlar deyil, milyard dollar vəsaitdən daha çox sərmayə qoyulub, yatırım edilib. Azərbaycan şəŕtlərinə uyğun fantastik rəqəmdir. Yaradılan şəraitin qarşısında ölkə futbolu layiq olduğu tam fərqli yerlərə qalxmalıydı. Bunun əvəzinə isə, yanlış addımlarla, mənasız milliləşdirmələrlə, Avropa, Afrika, Cənubi Amerikanı təmsil etmiş oyunçulardan ən bərbad dünya yığması formalaşdırıblar. Vəsaiti doğru istiqamətə yönəltmək, bölgələrə sərf etmək, yerli futbol istedadlarını üzə çıxarmaq, yetişdirmək əvəzinə, milyonlar qitələrə səpələnib. Bu, azarkeşlərin milliyə laqeydliyi yox, futbolu idarə edənlərə qarşı birmənalı inamsızlığıdır.
Azarkeş millini bir qrup insanın əlində yığmaya çevrilmiş komanda yox, əsil milli görsə, münasibət fərqli olar, tribunalar tam dolar. Futboldan küsdürülən azarkeşin heç bir günahı yoxdur, günahkar futbolu bataqlığa gətirib çıxaran cavabdeh məmurlardır. Təəssüf ki, proses davam edir. Tək AFFA deyil, bir çox klublarda aparılan kadr “islahatları” onu göstərir ki, futbol düşünülmür, dövlətin ayırdığı vəsaitlə dost-tanış yığını “layihə”ləri davam edir. Qarabağımız, Şuşamız, Xankəndimiz, torpaqlarımız da azad edildi, futbol düzəlmədi. AFFA-ya rəhbərlik etdikləri dövrdə, federasiyaya cavabdehlər Avropaya, İsveçrəyə daha çox səfər ediblər, nəinki bölgələrimizə. Futbolda milli-mənəvi ideologiya ən üst səviyyədə olmalıdır. Dirçəlməsi üçün, öncə, Azərbaycan futbolu nəhayət ki, daxili işğaldan azad edilməlidir!”