BU DA SON! AĞDAMDAKI TÜRKİYƏ-RUSİYA BİRGƏ MONİTORİNQ MƏRKƏZİ DƏ BAĞLANIR…
17-okt-2023İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətinə xitam verilə bilər. Tribunainfo.az bildirir ki, Azərbaycan suverenliyini bərpa etdikdən və qanunsuz silahlı birləşmələr bölgədən tərki-silah olunduqdan sonra bu Mərkəzin fəaliyyətinə lüzum qalmır. Paralel olaraq, sülhməramlıların da postlarını yığışdırmasını nəzərə alsaq, bölgəyə Ordumuzun tam nəzarət etdiyini əlavə etsək, Türkiyə―Rusiya birgə monitorinq mərkəzi işini başa vurmuş sayıla bilər.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu.
Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Qarabağa təsir etməyəcəyini bildirmişdilər. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi.
Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi. 2021-ci il yanvar ayının 30-da Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməyə başlamışdır.