Bu gün:
Xezer.info » Dünya » Qəzzada son vəziyyət: Ölənlərin sayı artır

Qəzzada son vəziyyət: Ölənlərin sayı artır




İsrail Qəzzanı bombalamağa davam edir. Ölkənin Müdafiə Ordusunun (IDF) məlumatına görə, hərbçilər Qəzzada HƏMAS bir çox mərkəzlərinə genişmiqyaslı hücuma başlayıblar. Belə ki, İsrail Hərbi Hava Qüvvələri ötən gecə anklavın məskunlaşdığı ərazilərə silsilə hücumlar həyata keçirib.
Bu barədə “Al Mayadeen” yazır. KİV-in məlumatına görə, Qəzza, Cəbəliyyə və Xan Yunisdə 450 quru hədəfi olub.
Münaqişənin hər iki tərəfində yeni qurbanlar haqqında məlumatlar daim yenilənir. Belə ki, Qəzza zolağında İsrail və Fələstinin HƏMAS hərəkatı arasında qarşıdurmanın kəskinləşməsi başlayandan indiyədək 1,2 min insan həlak olub, təxminən 5,6 min insan isə yaralanıb. Bu məlumatı yerli Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən AFP agentliyi yayıb. Dəqiqləşdirilir ki, ötən gecə İsrailin hava hücumları nəticəsində 51 fələstinli həlak olub, daha 281 nəfər yaralanıb.
Eyni zamanda İsraildə 1,3 min nəfər ölüb, 3,7 mindən çox insan yaralanıb.
BMT-nin məlumatına görə, Qəzza zolağının evlərini tərk edən sakinlərinin sayı gündə 75 min nəfər artaraq 338 min nəfərə çatıb.
Bundan əlavə, Qəzza zolağında BMT agentliyinin 11 əməkdaşı həlak olub, UNRWA-nın Qəzza məsələləri üzrə direktor müavini Cennifer Ostin bildirib, – bu barədə Reuters xəbər verib. Onun sözlərinə görə, qurbanlar arasında beş UNRWA məktəb müəllimi, bir ginekoloq, bir mühəndis, bir psixoloq və üç yardımçı heyət var. Ostin əlavə edib ki, bəzi işçilər ailələri ilə birlikdə evlərində öldürülüb.
Axiosun sözlərinə görə, Qəzza zolağında BMT əməkdaşları, qeyri-hökumət təşkilatlarının üzvləri və jurnalistlər də daxil olmaqla “500-dən çox amerikalı və yüzlərlə xarici ölkə vətəndaşı” var. Qeyd olunur ki, hazırda Misirlə danışıqlar aparılır, lakin hələlik razılaşma yoxdur. BMT Misirdən Qəzzaya humanitar yardımın çatdırılması üçün dəhlizlərin yaradılması üçün Qahirə ilə birlikdə işlədiyini bildirib. Bundan əlavə, Birləşmiş Ştatlar Misir və İsraillə qaçqınların Qəzzanı tərk etməsi üçün dəhliz yaratmaq imkanını fəal şəkildə müzakirə edir, – The Jerusalem Post yazır. Bununla belə, Qahirə Qəzzadan qaçqın və köçkünlərin keçidi üçün dəhlizlər açmaqdan imtina edir.