POLİETİLEN TORBALARIN PULLU OLMASI PROBLEMİ HƏLL ETDİ?
12-okt-2023Polietilen qabların satılması ilə bağlı qərardan sonra polietilen torbaların evlərə daşınması təxminən 40-45% azalıb.
Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, polietilen torbaların satılması bütün dünyada qəbul edilmiş qaydadır:
“Hazırda polietilen torbaların evlərə daşınması azalıb. Hesab edirəm ki, zamanla bu daha da artacaq. Belə davam edəcəyi halda polietilen torbalar mağazalardan yığışdırılacaq.
Hazırda üstü rənglənmiş, reklam məlumatları olan, rənglənmədə tərkibində ağır metallar olan zəhərli materiallardan hazırlanmış torbaların da evə daşınmasının qarşısının alınması üçün iş aparırıq.
Təkcə ərzaq mağazalarında yox, biz birmənalı olaraq digər yerlərdə də polietilen torbaların satılmasının tərəfdarıyıq. Həmçinin onların təşkil olunmuş şəkildə yığılmasının tərəfdarıyıq. Çox təəssüf ki, yığılma həyata keçirilmir”.