BAKIDA BİNA TİKMƏYƏ BOŞ ƏRAZİ QALMAYIB – EKSPERT
12-okt-2023Paytaxt ərazidində bina tikmək üçün artıq boş ərazi qalmayıb. Ona görə də tikinti şirkətləri köhnə binaları alaraq yerində çoxmənzilli binalar tikir. Bu tikinti şirkətlərinin xərcini artırdığı üçün mənzil bazarına da təsir edir.
Bu sözləri Tribunainfo.az əmlak eksperti Elnur Fərzəliyev mənzil bazarındakı vəziyyət, qiymətlər barədə danışarkən deyib. Ekspert bildirib ki, Bakı şəhəri üzrə son 20 ildə mənzil bazarında qiymətlər artan xətt üzrə davam edir:
“Hətta son 20 ildə qiymətlər 10 dəfədən çox, bəzi ərazilərdə isə 15 dəfəyə qədər artıb. Qiymət artımına təsir edən səbəblər var. Birinci səbəb paytaxtdakı pilot layihələr üzündən köhnə binaların sökülməsidir. Bu o deməkdir ki, artıq paytaxtda bina tikmək üçün boş yer qalmayıb. Boş ərazini alıb bina tikmək şirkətlərə daha çox sərf edirdi.
Ancaq indi nə baş verir? Tikinti şirkətləri köhnə binaları sökərək yerində yeni çoxmənzilli binalar tikirlər. Belə olduğu təqdirdə tikinti şirkətlərinin xərci daha çox çıxır. Çünki şirkət köhnə bina sakinlərinə kirayə pulu ödəyir, daşınma xərci çəkir. Həmçinin bina tikiləndən sonra həmin sakinlərə tam təmirli, geniş evlər verilir. Bu tikinti şirkətləri üçün əlavə xərclərdir. Bu da mənzil bazarına, yeni tikili binaların qiymətinə təsir edir və qiymətləri həddən artıq qaldırır.
Hələlik görünən odur ki, mənzil bazarında qiymət artımı davam edəcək. Çünki Bakı, Sumqayıt və Xırdalana təlabat hər ötən gün daha da artır, insanların axını daha da çoxalır”.