NAZİR MƏKTƏBLƏRDƏ BUNA FİKİR VERMƏLİDİR – EKSPERT
10-okt-2023Bir neçə ildir ki, dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılıb. Ancaq təəssüf ki, bu qruplar bütün məktəbləri əhatə etmir. Hər uşaq bu qruplarda oxuya bilmir. Bu da valideynlərin haqlı narazılığına səbəb olur. Məktəblərdə hazırlıq qrupu yoxdursa, valideyn məcburdur ki, uşağı əlavə ödənişlə kurslara yazdırsın.
Məktəbəqədər hazırlıq mütləqdirsə, nitün məktəblərdə bu xidmət yoxdur? Təhsil eksperti Kamran Əsədov Tribunainfo.az-a açıqlamasında bildirib ki, hazırda 2900-a yaxın məktəbdə məktəbəhazırlıq qrupu var. Amma bu bütün məktəbləri əhatə etmir. Bütün məktəblərdə olsa, daha yaxşı olar:
“Nəzərə alsaq ki, uşaqların yalnız 25 faizi baxçalarla əhatə olunub, bu istiqamətdə çatışmazlıqlar var, məhz bu boşluğun aradan qaldırılması üçün bütün məktəblərdə məktəbəhazırlıq qruplarının açılması zərauridir. Bu uşaqların məktəbə fiziki və psixoloji hazırlığına müsbət təsir göstərir.
Amma məktəblərdə sinif sayının azlığı hər məktəbdə bunu təşkil etməyə imkan vermir. Digər tərəfdən isə məktəbəqədər qruplara dərs deyən müəllimlərin dərs saatları ibtidai sinifdə çox olur və əlavə dərs yükü götürməsi mümkün olmur.
Digər səbəb isə məktəbəqədər hazırlıq qruplarına müraciət edən uşaqların sayıdır. Uşaq sayı az olduğu təqdirdə qruplar açılmır. Yaxşı olardı ki, daha az uşaqla da qrupların açılmasaına icazə verilsin”.