Bu gün:
Xezer.info » Eksklüziv » Hüseyn Məmmədov: “Türk dövlətlərində təsdiqlənmiş sənədlər qarşılıqlı şəkildə sadələşdiriləcək”

Hüseyn Məmmədov: “Türk dövlətlərində təsdiqlənmiş sənədlər qarşılıqlı şəkildə sadələşdiriləcək”



“Türk dövlətlərində təsdiqlənmiş sənədin digər ölkələrdə mümkün qədər sadələşdirilməsi və bunun üçün də rəqəmsal inteqrasiyanın aparılması nəzərdə tutulur”.

Bunu Türk Dünyası Notariat Birliyinin qurulması ilə əlaqədar keçirilən tədbirdə “Report”a açıqlamasında Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov bildirib.

“Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin notariat qurumlarının birgə imzaladıqları anlaşma memorandumu dövlətlər arasında notariat əməliyyatlarının səmərəliliyinin artırılmasına xidmət edəcək”, - o vurğulayıb.

H.Məmmədov deyib ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızstan və Özbəkistanın notariat birliklərinin birgə imzaladıqları sənəd bu dövlətlərin müvafiq qurumlarının fəaliyyətlərinin əlaqələndirilməsinə, qanunvericiliklə notariata dair məsələlərin tətbiqinə töhfə verəcək:

“Bununla TDT üzv olan ölkələr daxilində hüquqi əlaqələrin yaxınlaşmasına, eləcə də vətəndaşlarımıza hüquqi xidmət səviyyəsinin artırılmasına imkan yaranacaq. Bu sahədə təcrübə mübadiləsi ilə də əməkdaşlığımızı genişləndirəcəyik. Gələcəkdə bir türk dövlətində təsdiqlənmiş sənədin digər ölkədə mümkün qədər sadələşdirilməsi və bunun üçün də rəqəmsal inteqrasiyanın aparılması nəzərdə tutulur”.

H.Məmmədov onu da qeyd edib ki, TDT-də müşahidəçi olan Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının da gələcəkdə prosesə cəlb olunması mümkündür.