Mətbuatdan qaçıb, sosial mediada trolluq edən icra hakimiyyətləri… (REPLİKA)
21-sen-2023Salyan və Göyçay rayon icra hakimiyyətləri adıçəkilən qurumların keçirdiyi tenderlər barədə Qaynarinfo-da yayımlanan materiallara sosial şəbəkədə reaksiya verib.
Salyan Rayon İcra Hakimiyyətinin açıqlamasında bildirilir ki, Salyan şəhərində çoxmənzilli kommunal binaların əsaslı təmiri işlərinin satın alınması ilə əlaqdar keçirilən tender Dövlət Satınalmalarının Vahid İntertnet Portalında keçirilib.
“Məlumat üçün bildiririk ki, tenderin keçirilməsi qeyd olunan portal üzərindən həyata keçirilir. Portalda yerləşdirilmiş şərtlər toplusuna uyğun tələblərə cavab verən müəssisə qalib elan edilir. Sonda isə yekun protokol Satınalmalar üzrə Dövlət Agentliyinə təqdim olunur”, deyə açıqlamada vurğulanır.
İcra hakimiyyəti əlavə edib ki, Tender Komissiyası “Xezer Construction” MMC-nin portal üzərindən şərtlər toplusuna uyğun olduğunu nəzərə alaraq qalib olması barədə qərar verib:
“Tenderin qalibi barədə son qərarın verilməsi üçün yekun protokol Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilib. Adı qeyd olunan şirkət yekunda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən razılıq verildiyi halda “Xezer Construction” MMC ilə işlərin görülməsi üçün müqavilə bağlanmasına qərar veriləcək”.
Göyçay Rayon İcra Hakimiyyətinin açıqlaması da təxminən eyni məzmun daşıyır. İcra hakimiyyəti bildirir ki, “ATF” MMC İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron sistemi tərəfindən qalib seçilib.
Qaynarinfo-nun hər iki tender barəsində hazırladığı materialda əks olunan faktlar açıq mənbələrdən götürülüb. Digər tərəfdən, materialda qalib şirkətlərlə satınalma müqaviləsi imzalanması barədə qeyd yoxdur. Aydın məsələdir ki, hər hansı bir şirkətin tenderdə qalib elan edilməsi onunla satınalama müqaviləsi imzalanması anlamına gəlmir. Bunu bilmək üçün akademik səviyyədə iqtisadi bilikrlər sahib olmağa gərək yoxdur. Bu məlumatlar Dövlət Satınalmalarının Vahid İnternet Portalının “Tamamlanmış” tenderlər bölümündən götürülüb. Həmin bölümdə yalnız tenderlərin nəticəsi barədə məlumatlar yerləşdilirir. Müqavilələr barədə məlumatlar isə portalın “Bağlanmış müqavilələr” bölümündə yerləşdirilib.
Məsələnin başqa tərəfi isə adıçəkilən icra hakimiyyətlərinin bu tenderlərlə bağlı məsuliyyəti başqa qurumun – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə atmasıdır. Açıqlamalardan belə anlaşılır ki, şirkətlərin qalib elan edilməsi adıçəkilən Xidmətin qərarı əsasında baş verir. Əslində isə elektron sistem sadəcə qalibi müəyyən edir. Hər hansı şirkətin qalib olduğunu protokollaşdıran isə icra hakimiyyətlərinin tender komissiyalarıdır. Məhz bu komissiyaların qərarından sonra şirkətlər mütləq mənada qalib hesab edilir. Artıq sonrakı mərhələdə Antiinhisar və İstehlak Bazarına Dövlət Xidməti yekun qərar verir. Yəni, tenderin keçirilməsində, yaxud qalib şirkətlə bağlı hər hansı problem yoxdursa, Xidmət həmin şirkətlərlə satınalma müqaviləsinin imzalanmasına “yaşıl işıq” yandırır.
Beləliklə, aydın olur ki, hər bir halda tenderlərdə hansısa şirkətin qalib olması icra hakimiyyətlərinin tender komissiyalarının müvafiq qərarından asılıdır.
Başqa bir məsələni də qeyd etməyi zəruri bilirik. Söhbət icra hakimiyyətlərinin media ilə işləməsindən gedir. Bu gün icra hakimiyyətləri ilə əlaqə saxlayıb hansısa hadisə ilə bağlı bilgi əldə etmək, yaxud hansısa məlumatı dəqiqləşdirmək müşkülə çevrilib. İcra hakimiyyətlərinin müvafiq əməkdaşları jurnalistlərin suallarını cavablandırmaqdansa, sosial şəbəkələrdə trolluqla məşğuldurlar. Yaxşı olardı ki, bu qurumlar həqiqəti əks etdirən məlumatları sosial şəbəkələrdə “fake” elan etməyə çalışmaqdansa, media ilə sağlam əməkdaşlıq etmək barədə düşünsünlər…