Bu gün:
Xezer.info » Bu gün » ÖZƏL MƏKTƏB ŞAGİRDLƏRİNƏ DƏRSLİKLƏR PULLA SATILIR – NARAZILIQ

ÖZƏL MƏKTƏB ŞAGİRDLƏRİNƏ DƏRSLİKLƏR PULLA SATILIR – NARAZILIQ



Özəl liseylərdə oxuyan şagirdlərə dövlətin pulsuz verdiyi dərsliklər niyə verilmir? Mən hər il iki uşaq üçün 200-300 manat pul verib dərs kitabları alıram. O kitabları ki, dövlət məktəblərində oxuyan uşaqlara pulsuz paylanır, ancaq özəl liseydə oxuyanlara verilmədiyi üçün pulla almalı oluruq.

Tribunainfo.az xəbər verir ki, bu sözləri jurnalist Çingiz Özgür dilə gətirib. Hər il üzləşdiyi problem barədə danışan jurnalist qeyd edib ki, özəl məktəb şagirdlərinə dərsliklərin verilməməsi düzgün deyil:

“Orta məktəb şagirdlərinin sayına uyğun dərs kitabları çap olunur və bu kitablar şagirdlərə pulsuz paylanır. Oğlanlarım Özgür və Can orta məktəb şagirdidir. Mən hər il Özgür və Canın dərs kitablarına 200-300 manat pul verirəm. Bəli, dərs kitablarına!
ÖZƏL MƏKTƏB ŞAGİRDLƏRİNƏ DƏRSLİKLƏR PULLA SATILIR – NARAZILIQ
Söhbət liseydə oxuyurlar (Özgür də Can da, Atatürk litseyində oxuyur) deyə əlavə ədəbiyyatdan getmir, söhbət Türkiyədən gətirilən hansısa kitablardan getmir, əksinə, Türkiyədən gələn dərs kitabları tamamilə pulsuzdur!
Məsələ özəl məktəb olmaqdırsa, özəl məktəbə lisenziyanı Elm və Təhsil Nazirliyi verir. Üstəgəl, özəl məktəb olub pislik eləmirlər ki, dövlətə filan qədər vergi verirlər. Mənim və mənim kimi yüzlərlə valideyinin və bu valideyinlərin orta məktəb şagirdi övladlarının hüququ pozulur, haqqı tapdalanır.

Dərs kitabını orta məktəb şagirdinə DÖVLƏTimiz pulsuz edib. Mənim övladımın adına mənim dövlətim dərslik nəşr edir. Ölkədəki orta məktəb şagirdlərinin statsitikasında hamısı var. “Bu il 9-cu siniflərə filan qədər uşaq gedəcək” deyəndə litseydə oxuyanları çıxıb demirlər hər halda.
Biz uşaqlarımızın təhsili üçün özəl məktəb seçmiş ola bilərik, amma bu o demək deyil ki, uşağın hüququ tapdanmalıdır. Uşağı ən bahalı məktəbdə oxutsan belə, ən sıradan dövlət məktəbində oxutsan belə, bütün uşaqlar eyni hüquqa malikdir!

Çox hörmətli Elm və Təhsil naziri Emin Amrullayev, hörmətli təhsil sahəsi çalışanları, əziz deputatlar, əsas da Milli Məclisdə müvafiq komissiya üzvləri, çox əziz bütün yetkililər! Bu məsələ həllini tapmalıdır. Diqqət edilməlidir bu problemə. Belə olmaz! Vallah olmaz”.