“AQTA ÖLKƏDƏ ÖZƏL SEKTORU MƏHV ETMƏKLƏ MƏŞĞULDUR” – EYYUB HÜSEYNOV
14-sen-2023Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu gün ölkədə biznesin inkişafına təkan vermək əvəzinə, biznesin çökməsi üçün əlindən gələni edir. Dövlət orqanı olaraq AQTA müəyyən etdiyi problemləri aşkarlayandan sonra mümkün olan köməyi göstərib həmin problemi aradan qaldırmağa yardım etməlidir. Biznes qurumunun çökməməsi üçün köməklik etməlidir, problemi aşkarlayıb aradan qaldırmağa yol göstərməlidir. Ancaq AQTA özünü dövlət qurumu kimi aparmır.
Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, vətəndaşlar həmişə monopoliyadan şikayət edirlər ki, AQTA hansısa özəl biznesi batırıb, öz adamlarına şərait yaradır. Onun fikrincə, əhali belə düşünməkdə haqılıdır:
“Bu gün qida sektorunda çox ciddi problemlər yaşanan yerlər var. AQTA onunla mübarizə aparmalıdır. Dönər satılan obyektlərdə antisanitar vəziyyət hökm sürür, ancaq AQTA bunun aradan qaldırılması üçün tədbir görmür. 8-ci kilometr bazarında açıq şəkildə mənşəyi məlum olmayan toyuqlar satılır. AQTA bununla bağlı tədbir görməlidir.
Ancaq bu problemlər kənarda qalıb, AQTA qida daşınmasını həyata keçirən şirkətlə müharibədədir. AQTA-nın “Volt”u bağlamaq, onunla mübarizə aparmaq cəhdi çox yanlışdır. Ola bilər nöqsanlar var, bunsuz mümkün deyil. Onun aradan qaldırılması üçün kömək etmək lazımdır. Ancaq AQTA görməli olduğu işi kənara qoyub yüzlərlə insanın çörək qazandığı bir sahəni məhv etməklə məşğuldur. Bu gün Qoşqar Təhməzlinin verdiyi açıqlamalar da sırf buna hesablanıb”.