İmtahanda maksimal nəticə göstərən şagirdlər niyə esse YAZA BİLMİR? – Deputatdan Nazirliyə İRAD
13-sen-2023Azərbaycan dili fənninin tədrisi ilə bağlı ciddi problemlərin olması aktual olaraq qalır. Bu günlərdə Elm və təhsil naziri Emin Əmrullayev də açıqlamasında bunu etiraf etdi. Hətta nazir Azərbaycan dili fənnindən imtahanda maksimal nəticə göstərən şagirdlərin bir səhifəlik esse yaza və danışa bilmədiyini vurğulayaraq, Azərbaycan gəncinin öz dilində danışa bilməməsini utancverici addım kimi qiymətləndirib.
Qeyd edək ki, Sovet dövründə orta məktəblərdə ibtidai sinifdən başlayaraq şagirdlərə Azərbaycan dili fənnində imla, ifadə və inşa yazdırılardı. İndi bunların heç biri yoxdur.
Bəs, bunun günahı kimdədir? Tədris proqramını tərtib edən Elm və Təhsil Nazirliyi maksimal nəticə göstərən şagirdlərin esse yaza bilməməsinin səbəbini nə ilə əlaqələndirir?
Tribunainfo.az bildirir ki, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O, deyib ki, məktəb sözügedən nöqsanları düzəltmək üçün ciddi addımlar atmalıdır:
“Sovet dönəminin təhsilini nə birmənalı olaraq inkar etmək olar, nə də onu tam uğurlu təhsil saymaq olar. Bu təhsilin kifayət qədər müsbət nəticələri ilə yanaşı çatışmazlıqları və nöqsanları da var idi. Amma o dövrdə orta məktəbin ilk siniflərindən şagirdlərə imla, inşa və ifadə yazdırılırdı. İmla sözün həqiqi mənasında çətin olsa da, bu sahədə şagirdlər uğur qazanırdı.
İnşa isə artıq hər bir şagirdin yaradıcılıq məhsulu idi. Yuxarı siniflərdə isə sərbəst mövzulara üstünlük verilirdi. Bu gün əgər şagird bağlayıcı ilə şəkilçini ayırd edə bilmirsə, xitabın mahiyyətini anlaya bilmirsə, vergül harada qoyulmalıdır, bununla bağlı çətinliyi varsa, təbii ki, şagird üçün esse, inşa, imla, ifadə yazmaq da çox çətin olacaq. Sovet dövründə 10-cu sinifdə Azərbaycan dili dərsi buna həsr olunurdu. İzahat və ərizə necə yazılır, akt necə tərtib olunur, bütün bunlar şagirdə aşılanardı”.
Deputatın fikrincə, qeyd olunan problemi təkcə məktəblə əlaqələndirmək olmaz:
“Biz etiraz və tənqid etsək də hər bir şagirdin əlində mobil telefonu var. Rahatlıqla internetdən istifadə edən şagirdlərin qarşısına müxtəlif çeşiddə yazı, səs, şer, mahnı, hətta söyüş çıxır. Bunların hər birini şagird nəzərdən keçirir. Ondan nə götürdüyünü deyə bilmərəm. Ona görə də müəllimin izahına və tələblərinə cavab vermək bu gün çətinləşib.
Mən bir təhsil işçisi, həm də orta məktəblə bağlı olan kafedra müdiri kimi bunun canlı şahidiyəm. Sadəcə olaraq məktəb bu istiqamətdə olan nöqsanları düzəltmək üçün ciddi tədbirlər görməlidir. Nöqsan varsa, onu aradan qaldırmaq üçün də yollar axtarmaq lazımdır.
Cənab nazir bu nöqsanı görürsə, problemi yoluna qoymaq üçün yollar düşünməlidir. Nöqsan günah və ya cinayət deyil, sadəcə onu aradan qaldırmağa ehtiyac var ki, bu da biz müəllimlərin borcudur. Onu da deyim ki, bu istiqamətdə iş gedir”.