Bu gün:
Xezer.info » Siyasət » “Antiterror əməliyyatlarına gecikmədən başlamalıyıq” – Deputat

“Antiterror əməliyyatlarına gecikmədən başlamalıyıq” – Deputat



Xəbər verdiyimiz kimi, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) göndərdiyi yardım Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılması üçün Xankəndiyə yola salınıb.
Ağdam-Xankəndi yolu vasitəsiylə Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını artıq Xankəndiyə çatıb.
Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını daimi olaraq öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. Buna görə də Ağdam-Xankəndi yolu ilə humanitar missiyanın reallaşdırılmasını təklif edib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, bu yol hələki Azərbaycan üçün açılmayıb:
“Ağdam-Xankəndi yolundan ruslar öz maşınlarını keçiriblər. Hələ bizim maşınlarımız orada dayanıb. Ağdam-Xankəndi yolunun işlək vəziyyətə düşdüyünü söyləmək hələlik tezdir. Düşünürəm ki, həll edilməsi lazım olan başqa məsələlər var. Ölkə ərazisində dövlətə, onun qanunlarına qarşı bir qrup cinayətkar itaətsizlik göstərir. Bizim qanunlara tabe olmurlar. Təkcə yolun açılmasından söhbət getməməlidir. Həmin ərazidə köç salmış separatçı qurum tamamilə məhv edilməlidir. Separatçılar ərazilərimizdən tamamilə təmizlənməlidir. Onlar Azərbaycan qanunları ilə cəzalarını almalıdırlar”.
Deputatın sözlərinə görə görünən odur ki, separtaçılar ərazilərimizi öz xoşuna tərk etmək fikrində deyillər:
“10 min nəfərlik işğalçı qoşun ərazilərimizdən təmizlənməlidir. Başqa çıxış yolu yoxdur. Azərbaycan özünün hərbi gücündən istifadə etməli, anti-terror əməliyyatlarına gecikmədən başlamalıyıq. Artıq bu qədər dözmək olmaz. Sonuncu nəfərə qədər çıxarmaq lazımdır.
Onlara qarşı heç bir güzəştdən, humanizmdən söhbət gedə bilməz. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi ATƏT-in Minsk Qrupunun rolunu oynamağa başlayıb. Cəsusluqla, kəşfiyyatla məşğuldurlar. Ərazimizdəki cinayətkarlar məhv edilməlidirlər”.