Fədail Rəhimova bağlı “forma biznesi”: Bakı Tikiş Evinin keyfiyyət və kəmiyyət maxinasiyaları
30-avq-2016Yeni dərs ilinin başlanması valideynlərin qayğısını artırmaqla yanaşı, ölkə mətbuatına da mövzular verəməkdədir.
Həmin ənənəvi mövzulardan biri isə respublika üzrə məktəbli formalarının yeganə istehsalçısı olan Bakı Tikiş Evinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Məlumat üçün bildirək ki, ötən saylarımızda Bakı Tikiş Evinin bu gəlirli sahəni inhisara almasından və adıçəkilən müəssisədə baş alıb gedən korrupsiya hallarından bəhs etmişdik. Cumhuriyyet.az-a daxil olan yeni məlumatlar isə mövzuya təkrarən qayıtmağımıza səbəb oldu.
Özündə Bakı Tikiş Evinin ilginc maxinasiyalarını əks etdirən həmin məlumatlarda iddia edilir ki, əslində BTE iddialarının əksinə olaraq məktəbli formalarının tikilməsi üçün parçanı Türkiyədən yox, Çindən alır. Bununla bağlı cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə, təkcə bu maxinasiyadan Bakı Tikiş Evinin rəhbəri Fədail Rəhimov küllü miqdarda vəsait qazanır: “Bakı Tikiş Evinin rəsmiləri dəfələrlə bəyan ediblər ki, parçanı Türkiyədən gətirdirlər. Amma bu heç də belə deyil. Əgər parça həqiqətən də Türkiyədən alınsaydı o zaman məktəbli formaklarını 45 manata satışa çıxartmaq Bakı Tikiş Evinə sərf etməzdi. Əslində isə alıcılara “türk malı” kimi sırınan həmin parçalar Çindən çox ucuz qiymətə alınır, tikildikdən sonra bazara 45 manata təqdim olunan məktəbli formalarının isə maya dəyəri çox aşağıdır. Elə bunun da nəticəsində Fədail Rəhimov hər mövsümdən kifayət qədər gəlir götürür”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin parçaların Türkiyədən deyil, məhz Çindən gətirilməsindən xəbərdar olduğunu bildirən mənbəmiz tərəflərin anlaşdığını iddia edir: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları Bakı Tikiş Evində yoxlamalara başlasa təkcə bu yox, digər şok maxinasiyaların da üzərinə işıq düşər. Amma görünür, komitə sədriRamiz Həsənovla BTE sədri Fədail Rəhimovun dostluğu belə yoxlamaların keçirilməsini imkansız edir”.
Onu da bildirək ki, BTİ-nin fəaliyyəti ilə bağlı ölkə ictimaiyyətinin də fikri qənaətbəxş deyil. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun cumhuriyyet.az-a bildirdiyinə görə, məktəbli formalarının qiyməti normalara uyğun gəlmir: “Burada monopoliya elementləri var. Məktəbli formalarının standartları hazırlanmalı və həmin standartlara uyğun formalar da bazara çıxarılmalıdır. Standarta uyğun olmayanlar isə ləğv edilməlidir. Kim hansı ölkədən istəyir, mövcud standartlara uyğun mal gətirməlidir. Həmin mallar isə yoxlanılmalıdır. Əgər bu cür ədalətli rəqabət olarsa, qiymətlər də özü-özünə aşağı düşər. Yəni bir məktəbli formasının qiyməti 35-45 manat yox, 20-30 manat olar. Lakin özünün üstün mövqeyini və arxasında dayanan qüvvələri üstün tutan Bakı Tikiş Evi öz şərtlərini istehlakçılara diktə edir və qiymət siyasəti yeridir. Bu, dövlətin apardığı siyasətə, bazar prinsiplərinə, bazarın liberal olmasına ziddir. Bu, səhv bir siyasətdir. Qiymətlər ən azı 50 faiz aşağı endirilməlidir. Yaxud azad bazar iqtisadiyyatına uyğun iş aparılmalıdır. Hazırkı qiymətlər əhalinin sosial müdafiəsinə zidd bir qərardır. Məktəbli formalarını inhisara alan şəxslər özlərini yığışdırmalıdır”.
Qeyd edək ki, bu günlərdə Bakı Tikiş Evinin(BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, sonuncu devalvasiyadan sonra məktəbli formalarının qiymətlərində bahalaşma olub. Onun sözlərinə görə, 1-6-cı siniflər üçün olan kostyumların qiyməti 34 manatdan 37-yə, 7-11-ci sinif şagirdləri üçün olan kostyumların qiyməti isə 43 manatdan 46 manata yüksəlib. Qiymətlər 3 manat bahalaşıb”. Bakı Tikiş Evinin rəhbərliyinə qarşı irəli sürülən ittihamlardan biri isə vergidən yayınma ilə bağlıdır. Hər mövsümdə 100 mindən artıq məktəbli forması istehsal edən və 45 manata satan BTE-nin bu işdən götürdüyü məbləğ 4 500 000 (4 milyon 500 min manat-red) manatdır. Amma BTE bu qazancın müqabilində dövlətə nə qədər vergi ödədiyini açıqlamır. Hesab edirik ki, bu məqam araşdırılarsa ortaya böyük yeyinti faktları çıxa bilər.
Teref.info olaraq qarşı tərəfin fikirlərinə yer verə bilərik!