NAZİR “ABİTURİYENTLƏR ESSE YAZA BİLMİR” DEDİ, CAVAB GECİKMƏDİ..
11-sen-2023Vaxtilə məktəblərdə yoxlama yazı işləri var idi. Bu yoxlama yazı işləri xüsusilə Azərbaycan dili və Ədəbiyyat, Riyaziyyat, Xarici dil fənlərindən həyata keçirilirdi. Hətta ibtidai siniflərdə də yoxlama yazı işləri olurdu. Buna görə müəllimlərə əlavə əmək haqqı ödənilirdi. Ancaq təəssüf ki, 2015-ci ildən yoxlama yazı işlərinə görə əlavə ödənişi ləğv etdilər. Onsuz da yazı vərdişinin zamanla sıradan çıxması, üstəlik də məktəblərdə yoxlama yazı işinə görə müəllimlərə əlavə ödəniliş edilməsinin ləğvi məktəblilərdə yazı yazmaq vərdişini tamamilə sıradan çıxardı. Buna görə də bu gün Azərbaycan dili imtahanından yüksək nəticə göstərənlər esse yaza bilmir.
Bu sözləri Xezerinfo.az-a təhsil eksperti Elşən Qafarov Elm və təhsil naziri Emin Əmrullayevin Bakı təhsil işçilərinin sentyabr konfransında abituriyentlərin yazı vərdişlərinin olmaması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, nazirin çıxışındakı fikirlər reallıqdır:
“Hesab edirəm ki, bu vəziyyətdən çıxmaq üçün ilk növbədə məktəblərdə Azərbaycan dili və Ədəbiyyat, Riyaziyyat, Xarici dil fənlərindən, həmçinin ibtidai siniflərdə yoxlama yazı işlərini bərpa etmək və eyni zamanda bu işlərə görə əlavə əmək haqqı verilməsini bərpa etmək lazımdır. Əlavə əmək haqqı olduğu təqqdirdə direktorlar və rayon təhsil şöbələri bu yoxlama yazı işlərinə xüsusi nəzarət edəcəkdilər. Nəticə etibarilə də şagirdlərimizdə yazı vərdişləri formalaşacaqdı. Yazı vərdişi məktəblidə imla, inşa, esse, ifadə yazı yazılan zaman formalaşır. Məktəblərdə yoxlama yazı işlərinin yazdırılmalı və bunu görmək üçün də müəllimlərə əvvəllki qaydada həvəsləndirici əlavə əmək haqqı verilməlidir”.