İqtisadçı varlılara qarşı: “Elədirsə, canı çıxsın, onun vergisini ödəsin…”
31-avq-2023“Təklif edirəm ki, hansı vətəndaşların banklarda pulu çoxdursa, böyük əmlakları, dəbdəbəli villaları, bahalı avtomobilləri varsa, onlar daha çox vergi verməlidirlər. Çıxıb yekə-yekə camaata açıq verirlər ki, “məndə elə maşın var, şəhərdə ondan heç kəsdə yoxdur”. Əgər elədirsə, canı çıxsın, onun vergisini də çox ödəsin. Eyni şey banklara qoyulan əmanətlərə də şamil olunmalıdır. Banka əmanət qoya bilirsən, amma onun vergisini verə bilmirsən? Hələ mən deyirəm, banklarda qorunan əmanətlər üçün 10% vergi azdır, pullu adamlardan 10 deyil, 25% vergi tutulmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Milli Məclisin deputatı Vüqar Bayramovun qorunan əmanətlərin vergidən azad olunması ilə bağlı təklifini şərh edərkən deyib. Ekspert millət vəkilinin fikirləri ilə razılaşmadığını qeyd edib:
“Son vaxtlar deyirlər ki, banklarda qorunan əmanətlərə niyə vergi tətbiq olunmalıdır? Mən o zaman bununla bağlı fikirimi demişəm və bu gün də həmin fikirimi üstündəyəm. Bu ilin əvvəlindən banklarda əmanətlər 1 milyad manata qədər artıb. Son bir ayda isə 40 milyon azalma olub. Amma bütövlükdə bu ilin əvvəlindən hər ay bu rəqəm artımla gedir. Vergi də bu ilin əvvəlindən tətbiq olunub. Əgər kimlər üçünsə bu problem olsaydı, əmanətlər artmazdı, azalırdı. Deməli, bu vergi heç kəs üçün ciddi problem deyil. Buna görə hər dəfə bu məsələnin qaldırılmasının mənası yoxdur. Sual verirəm, ötən il vergi yox idi, niyə 1 milyard manat artmamışdı? Niyə bu il artıb? Əmanətlərin artmasında verginin rolu çox kiçikdir, bəlkə də yoxdur. Vergi alınan hissə 10%-dir. Qorunan əmanətlər üzrə faiz isə 12%-dir. Yəni, onun vergi hissəsi 1,2%-dir. Bankların çoxu 10%-lə qəbul edir. Onun da 1%-i vergiyə gedir, 9%-ni isə vətəndaş alır”.
Əkrəm Həsənov bildirib ki, vətəndaşlar üçün əmanəti banka yerləşdirib-yerləşdirməmək həlledici meyar deyil:
“Vətəndaş niyə banka əmanət qoyur? Pulu çoxdur. Pul o qədər çoxdur ki, evdə saxlamaqdan qorxur və onu hansısa səbəbdən əmlaka yerləşdirmək istəmir. Vergi oldu-olmadı onsuz da onu gətirib banka qoyacaq. Onlardan niyə vergi tutulmasın? Eyni zamanda milli valyutanın sabitliyi də vacibdir. Bu dəqiqə milli valyuta sabitdir. Bu təklifi niyə verirlər? Aydındır ki, banklar lobbiçilik edirlər”.
Ekspert Azərbaycanda əmanətlər üzrə faizlərin yüksək olduğunu qeyd edib:
“Bu, hansı ölkədə var? Bütün Avropa üzrə əmanətlər 1-2%-dir. İndi söhbət qorunan əmanətlərlə bağlı qərarın ədalətli olub-olmamasından gedir. Hər bir şəxs gəlirindən, əmlakından vergi verməlidir. Əmanətdən vergi tutulmur, vətəndaş ondan gəlir əldə edir, vergini də ona görə verir. Niyə biz gəlirimizdən, əmlakımızdan vergi verməliyik, əmanətçilər isə vergi verməli deyil? Halbuki əmanətçi daha yaxşı təmin olunmuş şəxslərdir, artıq pulu var ki, banka qoyur. Başqa birisinin aldığı maaş bəlkə də ailəsinin xərcinə çatmır, amma vergi verir. Yaxud da kimsə əmlakını icarəyə verib odan 14% vergi verə bilər, pulunu banka qoyan verə bilmir? Əmanətçi nə edir? Heç nə, pulunu qoruyur, təhlüksəzliyini təmin edir, sabah bank bağlansa Əmanətlərin Sığortalanması Fondu onu kompensasiya edəcək. Biz gəlirlərimizdən, xərcimizdən və əmlakımızdan da vergi veririk. Amma əmanətçi oturub evində, ondan niyə vergi tutulmalı deyil? Biri çıxıb bunu bizə başa salsın”.
Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov “Vergi Məcəlləsinə” dəyişiklik ediməsi ilə bağlı təklif verib: “Daha məqsədəuyğun olardı ki, Vergi Məcəlləsinə dəyişiklik edilərək əmanətlər üzrə diferensial vergi güzəşti tətbiq olunsun. Təklif edirik ki, qorunan əmanətlər eyni zamanda vergidən azad olunsun. Bu halda, 100 min manatadək əmanətlər 10 faizlik gəlir vergisindən azad oluna bilər ki, bu da depozit yığımlarını stimullaşdıraraq daha da artırar”.