Bu gün:
Xezer.info » Eksklüziv » Rəşadət Babayevin döydüyü şəxslərdən biri PA-da şöbə müdiri Eldar Nuriyevin bacısı oğludur?

Rəşadət Babayevin döydüyü şəxslərdən biri PA-da şöbə müdiri Eldar Nuriyevin bacısı oğludur?


Rəşadət Babayevin döydüyü şəxslərdən biri PA-da şöbə müdiri Eldar Nuriyevin bacısı oğludur?
Yol polisinə “dana” deyən Eldar İbrahimovun öz qaynı Rəşadət Babayevdən xəbərsizdir?

Bakıda hamilə qadının və ərinin rəis müavini tərəfindən təhqir olunması ilə bağlı məlumat və video mətbuatın qızğın müzakirəsinə səbəb oldu. Əvvəlcə, sözügedən məlumata bir daha nəzər salaq: “Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev (DYP 10 AP 400) bir avtomobili saxlayıb. Həyat yoldaşını işə aparan şəxsə yaxınlaşan polis işçisi avtomobili yolun kənarından götürməyi tələb edib. Sürücü o anda polisdən xahiş edib ki, həyat yoldaşı hamilədir və burada düşməyini xahiş edib. Ancaq Rəşadət Babayev ərinin yanında qadını söyüb. Bundan əsəbləşən sürücü isə avtomobildən düşərək polislə mübahisə edib. Rəis müavini Rəşadət Babayev sürücüyə sillə vurub və onu da söyüb. Hadisəni kənardan görən mühafizəçi də məsələyə müdaxilə edib. Ancaq polis işçisi ona da arxadan təpik vurub ( BAKU.WS).

Qeyd edək ki, bu, Rəşadət Babayevin adam döyməsi barədə ölkə mətbuatında yayılan ilk məlumat deyil. Məsələn, hələ 6 il əvvəl ölkə mətbuatında sabiq ədliyyə naziri Əlisahib Orucovun oğlunun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) döyülməsi ilə bağlı məlumat yayılmışdı. “Keçmiş ədliyyə naziri Əlisahib Orucovun oğlu Kamran Orucov yaxın dostu, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ( DİN BDYPİ ) əməkdaşı, kapitan Sadiq Əsgərova bildirib ki, BŞDYPİ-nin rəis müavini Rəşadət Babayev ona “zaderjaniya” verib. Sadiq Əsgərov isə bildirib ki, burda problem yoxdur, bir yerdə gedərik Rəşadət müəllimin yanına və məsələ həll olunar. Növbəti gün Sadiq Əsgərovla Kamran Orucov Şəhər “QAİ”sinə yollanırlar. Kamran aşağıda gözləyir, Sadiq isə yuxarı qalxıb Rəşadət müəllimlə görüşür. İnsafən Rəşadət Sadiqi hörmətlə qəbul edir, ancaq Kamranın adını eşidən kimi…hər şey dəyişir və Kamranın yuxarı qalxmasını təkid edir. Kamran xidməti kabinetə daxil olan kimi BŞDYPİ-nin rəis müavini Rəşadət Babyev onu şillələyir, araya girən Sadiq Əsgərova isə elə bir kəllə qoyur ki, ağız-burun qan olur. İdarənin işçiləri içəri daxil olurlar. Vəziyyətin gərginləşdiyini görən Kamranla Sadiq ekspertizaya müraciət edib rəy alırlar. Hazırda işlə Bakı Şəhər prokurorluğu məşğul olur.

Məlumatı verən mənbə bildirdi ki, hörmətli Baş Prokuror Zakir Qaralov məsələyə obyektiv və təcili münasibət tələb edib. Onu da bildirək ki, döyülən Kamran Orucov keçmiş ədliyyə naziri Əlisahib Orucovun oğlu olmaqla yanaşı, həm də Preziden Administrasiyası Dövlət Nəzarəti Şöbəsinin müdiri Eldar Nuriyevin bacısı oğludur. Məlumat üçün bildirək ki, Eldar Nuriyev əvvəllər Baş prokurorun müavini işləyib. O da məlumdur ki, şəhər “QAİ”sinin rəis müavini Rəşadət Babyev deputatlardan birinin qaynıdır. Eyni zamanda onu da bildirək ki, Rəşadət Babayev Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun kadrıdır (gundelik-baku.com)”.
Qeyd edək ki, Rafiq Abbasov 2014-cü ildən DİN-in Baş Kadrlar İdarəsinin rəisidir, Eldar Nuriyev isə hələ də öz vəzifəsindədir və bundan başqa, 2016-cı ilin fevral ayından bəri Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasına sədrlik edir. 365info.az-ın oxucularında da sual yarana bilər ki, necə olub, Eldar Nuriyevin bacısı oğlunu döyən Rəşadət Babayev hələ də vəzifəsində qalmaqdadır? İstisna olunmur ki, bu məsələ “yuxarılarda” sülh içində həllini tapıb. Lakin Rəşadət Babayevin uzun illər karyera pilləsində yüksələ bilməməsini də məhz bu və digər aqressiv hərəkətləriylə əlaqələndirənlər var. 365info.az-ın əldə etdiyi məlumata görə, Rəşadət Babayevin daim “vəziyyətdən çıxmasında” onun deputat qohumunun da rolu istisna deyil. Bəs bu deputat qohum, daha doğrusu, deputat yeznə kimdir? Yəqin ki, Eldar İbrahimov adı oxuculara tanışdır. Bu deputat mətbuata daha çox aqrar məsələlərlə, kənd təsərrüfatı mövzuları ilə gəlsə də, onun DYP işçiləri ilə bağlı qalmaqallı açıqlaması bir zamanlar cəmiyyətdə səs-küy yaratmışdı. Xatırladaq ki, 2015-ci ilin fevralında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov parlamentdə çıxışı zamanı DYP işçilərinin kobudluğundan və ona qarşı hörmətsizliyindən gileylənmiş, hətta “dana” ifadəsi işlətmişdi:

“”Prezident Administrasiyasının nömrələri haradan başlayır, harada qurtarır. Məni maşına görə tanıyırsız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimov. Maşın nömrəm 10 AA 409. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. Bilməlidirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin, deyirlər ki, məsələ araşdırılıb sizə deyiləcək. Bizim polislərdə bu mədəniyyət çatmır. Mənə çox gileylər olub və başıma gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana” üzr istəyirəm, haradan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir. Hüquq məhkəmə şurasının üzvlərinin, yəqin, heç üzlərini də tanımırlar. Mən arzu edərəm ki, bunlar olmasın. Mən demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq. Amma başa salanda məsələni küçədə qanunsuzluq edən insanlar kimi yanaşmasınlar. Cavan uşaqlara bunları başa salmaq lazımdır” (oxu.az).

Bəs görəsən, parlamentdə belə atəşin çıxışlar edən Eldar İbrahimov bircə dəfə də olsun öz qaynı Rəşadət Babayevə hər hansı səviyyədə məzəmmət edibmi? Yoxsa, bizim bəzi deputatlar kimi, Eldar İbrahimov da ancaq özünə qarşı olan hörmətsizliklərə parlament tribunasından reaksiya verir? Bəs bu parlament tribunası xalqın sözünü demək üçün deyil?

Bu istiqamətdə araşdırmamız davam edir… (365info.az)