ABŞ dövlət çevrilişi ilə bağlı iki sənədi məxfilikdən çıxardı – 50 il sonra
26-avq-2023ABŞ hökuməti 1973-cü il sentyabrın 11-də Çilidə dövlət çevrilişinin hazırlanması ilə bağlı iki hesabatın məxfiliyini ləğv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Santyaqodakı səfirliyi məlumat yayıb.
8 sentyabr 1973-cü il tarixli ilk sənəddə ABŞ prezidenti Riçard Nikson Çilidə “hərbi çevrilişə cəhd ehtimalı” barədə məlumatlandırılıb. Qeyd edilir ki, həmin vaxt Hərbi Dəniz Qüvvələrinin “Hava Qüvvələri və quru qoşunlarının dəstəyini bəyan etməsinə” baxmayaraq, Silahlı Qüvvələrin bütün bölmələrinin koordinasiyalı iştirakı ilə plana dair heç bir sübut yox idi.
11 sentyabr 1973-cü il tarixli başqa bir sənəddə Çili Hərbi Dəniz Qüvvələrinin “bəzi əsas hərbi birləşmələrin” dəstəyini cəlb etdiyi bildirilir. Hesabatda həmçinin deyilir ki, hərbi rəhbərliyin “yaxşı əlaqələndirilmiş planı” yoxdur, lakin siyasi və iqtisadi asayişi bərpa etmək əzmindədir.
Sənədlər Çili hökumətinin tələbi ilə dərc edilib. Bundan əvvəl Çilili deputatlar ölkənin Xarici İşlər Nazirliyindən Vaşinqtonun çevrilişdə rolunu üzə çıxaran məxfi sənədlərin dərc olunmasına ABŞ-ı məcbur etməyi tələb ediblər.
Çilidə çevriliş 1973-cü il sentyabrın 11-də baş verib. Ali komandanlığın yaxşı planlaşdırılmış üsyanı nəticəsində Çilinin qanuni yolla seçilmiş prezidenti Salvador Alyende devrilib və general Auqusto Pinoçetin başçılıq etdiyi xunta hakimiyyətə gəlib. Ölkədə devrilmiş rejimin nümayəndələrinə və onların ailə üzvlərinə qarşı repressiyalar geniş vüsət alıb.