ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİ SÜRÜNDÜRMƏÇİLİYƏ MƏRUZ QALIR – ŞƏHİD QARDAŞI
16-iyun-2023Sanatoriya-kurort müalicəsinə ehtiyacı olan şəhid valideynləri süründürməçiliyə məruz qalır, dövlətin onlar üçün verdiyi imtiyazdan, güzəştdən istifadə edə bilmir. Ailələrin əksəriyyəti belə bir güzəştin olmasıyla bağlı indiyədək heç məlumatlandırılmayıb.
Tribunainfo.az xəbər verir ki, bu, jurnalist Elyar İslamoğlunun şəhid ailələri arasında apardığı sorğudan aydın olub. Jurnalist bildirib ki, sanatoriya və kurortla bağlı müraciət edilən zaman icra hakimiyyətlərində sırf şəhid ailələrinin problemləri ilə bağlı yaradılmış “Şəhid ailələri və qazilərlə iş” şöbəsi problemi atır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sosial Xidmətlər Agentliyinin üstünə, Sosial Xidmətlər Agentliyi də DOST xidmətinin üstünə:
“Bu qədər qurum yaradılıb, amma şəhidin yaşlı anası özü gedib poliklinikadan, həkimdən arayış-sənəd toplamalıdır, sonra gedib DOST Xidmətində sənədləri verib qeydiyyatdan keçməlidir, aylarla növbə gözləməlidir.
Bəs o zaman Sosial Xidmətlər Agentliyi, “Şəhid ailələri və qazilərlə iş” şöbəsi nə üçün yaradılıb?
Bu qədər qurumdansa bircə cavabdeh qurum olsun, ailələr də bilsin hara müraciət etməlidir. Boş-boş qurumlar yaradıb dövlət büdcəsindən maaş ayırıblar, hər qurumun rəhbəri də öz qohum-əqrabasını, tanış-bilişini başına toplayıb at oynadır.
Həkim reseptləri üzrə dərman almaq üçün şəhid ailələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilməlidir. Bu müavinət də şəhid ailələrinə verilmir”.
E.İslamoğlu bildirib ki, şəhid adının əbədiləşdirilməsi, ailələrə digər imtiyazlarının verilməsi, güzəştlərlə bağlı çox saylı problemlər var:
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının qanunu uzun illərdir qəbul edilib, dəyişdirilməli, əlavələr olunmalıdır. Ailələrin güzəşt və imtiyazlarını təmin etməli olan cavabdeh qurumların adları qanunla dəqiqləşdirilməlidir.
Belə olsa şəhid ailələrinin imtiyaz və güzəştlərinin təmin olunmasına cavabdeh olan qurumlar məsuliyyətsizlik edə bilməyəcək”.