Küçə bəzi uşaqların “çörək ağacı”dır - çıxış yolu
08-iyun-2023İşləyən azyaşlıları gözləyən təhlükələr
Elə gün yoxdur ki, yolda-izdə qarşımıza işçi uşaqlar çıxmasın. Bazarlarda, tıxaclarda, səyyar satıcılar arasında... Xüsusən də yay mövsümünün gəlişi ilə bu kateqoriyanın sayında bir artım var. Bəs bu, nədən xəbər verir? İldən-ilə çalışan uşaqların sayı niyə artır? Azərbaycan uşaqları dünya uşaqları ilə bu sahədə necə və niyə yarışır?
Öncə rəqəmlər barədə. Dünya üzrə işləyən uşaq sayı 160 milyona yüksəlib. Beynəlxalq Əmək Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) son 4 ildə günəmuzd fəhlə kimi çalışan uşaq sayının 8,4 milyon artaraq dünya miqyasında 160 milyona çatdığını bildiriblər. Uşaq əməyi ilə bağlı 2020-ci ilin gələcəyə ünvanlı hesabatda “lazımi tədbirlər görülməzsə, 2022-ci ilin sonuna qədər uşaq işçilərin sayının 169 milyona çatacağı” yazılırdı.
160 milyon işləyən uşaq arasında təhlükəli işlərdə çalışan 5-17 yaş arasında olan 79 milyon uşaq var. 5-11 yaşlı uşaqların 28 faizi, 12-14 yaşlı uşaqların isə 35 faizi məktəbdən kənarda qalıb. Bütün uşaq işçilərin 72 faizi ailələri ilə çalışır. Uşaqlar ailələrlə işləsələr də, təhlükəli işlərə cəlb olunurlar. Uşaq əməyi nisbəti Asiya və Sakit Okean bölgəsində 13,3-dən faizdən 5,6, Latın Amerikası və Karib dənizində isə 10 faizdən 6-ya düşsə də, Afrikanın Səhra bölgəsində 2008-2012-ci illər arasında azalsa da, 2012-ci ildə 21,4 olan nisbət 23.9 faiz yüksəlib. Uşaq işçilərin ən çox olduğu bölgə isə Afrikadır.
Küçədə işləyən uşaqların ailələri ilə münasibəti necədir?
UNİSEF küçədə işləyən uşaqları ailələri ilə münasibət dərəcəsinə görə bir neçə qrupa ayırır:
1-ci qrup: ailələri ilə daim münasibətləri olan uşaqlar günlərini küçədə işləyərək keçirsələr də, ailələrinin qoruması və nəzarəti altındadırlar.
2-ci qrup: ailələri ilə zaman-zaman münasibət quran “küçə uşaqları”. Bu uşaqların ailə bağları zəifləsə də, tamamilə qopmayıb. Özlərini hələ də ata-analı, qardaş-bacılı hesab edirlər və ailələri olmalarının fərqindədirlər. Onlar gün ərzində küçədə bir şeylər sataraq keçirsələr də, gecələr çox zaman evlərində olurlar.
3-cü qrup: ailələri ilə heç bir münasibəti olmayan, işləyən uşaqlar. Onlar əsasən cəmiyyətin ən yoxsul təbəqəsinin və dağılmış ailənin uşaqlarıdır. Ailələrindən ya zorla, ya da öz istəkləri ilə ayrılan bu uşaqlar günün 24 saatını küçədə keçirirlər. Evindən qovulan, qaçan, ailəsi olmayan və ya ailəsi tərəfindən tamamilə nəzarət edilməyən uşaqlar üçün də küçələr ikinci ev sayılır.
UNİSEF-in araşdırmalarında qeyd edilib ki, küçələrdə işləyən və yaşayan uşaqları gözləyən risklər aşağıdakı kimidir: a) istismara məruz qalma; b) içki, siqaret, müxtəlif növ narkotik maddələrdən asılılıq ehtimalı; c) zehni və fiziki inkişafdakı geriləmə; d) döyülmə, yaralama və ölümlə nəticələnən fiziki təzyiqlər; e) oğurluq, qəsbkarlar kimi cinayətləri həyata keçirməyə meyllilik; f) psixoloji problemlər; g) fiziki qəzalara uğrama ehtimalı.
Küçədə işləyən uşaqlar əsasən ailələrinin yanında qalır, gündüz küçələrdə işləsələr də, axşam evlərinə qayıdırlar. Amma küçədə işləmə şərtləri onların psixi-sosial inkişaf və təhsil durumlarına mənfi təsir edir. Uşaqlar küçədə yaşamağa təhrik edilməsə, məktəbi atan və küçədə işləyən uşaqların da sayı azalacaq, onların cinsi istismara uğrama riski aşağı düşəcək, yüksək risk altındakı, aşağı gəlirli ailələrin ailədaxili münasibətlərində ümumi bir yaxşılaşma və yeniyetmələr üçün daha yaxşı, sosial inkişaf təmin ediləcək.
Ölkəmizdə yay tətili zamanı məktəblilərin məşğulluğu üçün xüsusi bir proqram mövcud deyil. Buna baxmayaraq, son iki il ərzində komitə 15 yaşdan 18 yaşadək 138 uşağın yay tətili müddətində işlə təmin edilməsinə köməklik göstərib. Lakin bu, fərdi xarakter daşıyıb. Dövlət Statistika Komitəsi küçə həyatına məhkum uşaqlarla bağlı maraqlı araşdırma aparıb və bu mövzuda sorğu keçirib. Belə bir araşdırmanın aparılmasında məqsəd küçə uşaqlarının qarşılaşdıqları problemlər, onların küçədə işləmələrinin səbəbləri, məşğul olduqları əmək növləri, eləcə də məruz qaldıqları təhlükələr barədə ətraflı məlumat əldə etməkdir. Araşdırmaların nəticəsi göstərir ki, uşaqların küçə həyatına məhkum olma səbəblərindən biri də onların ailələrində yaranan maliyyə problemidir. Statistikanın nəticələrinə görə, hər iki valideyni olan 126 uşağın cəmi 9 faizinin həm atası, həm də anası işləyir. Valideynlərinin biri və ya hər ikisi olan uşaqların 75 faizinin təkcə anası və ya atası işləyir, hər beş uşaqdan birinin heç bir valideyni işləmir. Sorğuya cəlb olunan hər 2 uşaqdan birinin ailəsi öz yaşayış yerini 1988-ci ildən, yəni Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı dövrdən sonra dəyişib ki, bu da ölkədə küçə həyatına məhkum uşaqların formalaşmasına təsir edən amillərdən biridir.
Küçə həyatına məhkum uşaqlarla aparılan söhbətlərdən belə bir nəticəyə gəlmək olar ki, onlar belə yaşamaq istəmirlər. Oğlanların böyük hissəsi hərbçi, peşəkar idmançı olmaq, texnika (cihazlarla, maşınlarla, kompüterlərlə) və ya insanlarla işləmək (müəllim, satıcı olmaq) istədiklərini bildirib. Hər üç oğlandan biri və hər beş qızdan biri gələcəkdə istədiklərinə nail olacağına inanır. Eyni zamanda hər dörd oğlandan və dörd qızdan biri arzularının həyata keçəcəyinə inanmadığını söyləyib.
Hər küçə uşağı dilənçi deyil, amma hər işləyən uşaq da dələduzluqdan uzaqlaşmayıb
Məlum olub ki, sorğuya cəlb olunan bütün küçə uşaqlarının gəlir mənbəyi var. Şüşə qabları və metal tullantıları yığıb təhvil verməyi və dilənməyi əmək fəaliyyətinin bir növü hesab etsək, o zaman sorğu olunan bütün küçə uşaqlarını işləyənlər kateqoriyasına aid etmək olar. Küçələrdəki uşaqların yarısı maşın yumaq (25 faiz) və dilənmək (25 faiz) yolu ilə pul qazanır.
Uşaqlar bir qayda olaraq, 10-11 yaşlarında küçədə işləməyə başlayırlar. Oğlan uşaqları qızlara nisbətən daha erkən yaşlardan işləməyə başlayıblar. Oğlanlar əsasən 10 yaşından, qızların isə 11 yaşından əmək fəaliyyətinə başladıqlarını bildiriblər. Uşaqların əksəriyyəti öz ailələrinə maliyyə cəhətdən kömək göstərmək üçün işlədiyini qeyd edib. Lakin onların arasında ailə üzvləri tərəfindən işləməyə məcbur edilənlər də var.
Əksər hallarda uşaqlar yerinə yetirdikləri işləri özləri tapıb. Lakin təxminən hər dörd uşaqdan biri valideynlərinin, hər on uşaqdan biri isə yaşca böyük olan qohumlarının və ailə tanışlarının köməyi ilə işlə təmin olunublar. Oğlan və eləcə də qızların hər beş nəfərindən dördü hər gün orta hesabla 3-5 manat pul qazandığını qeyd edib. Oğlanların 3 faizində, qızların isə 12 faizində gündəlik gəlir 1-2 manat, 15 və 9 faizində müvafiq olaraq 6-10 manat təşkil edib.