Sığorta xaosu - vətəndaşları təhdid etməyin məsuliyyəti
08-iyun-2023Bir neçə aydır ki, ölkədə sığorta xaosu hökm sürür. Bəzi sığorta şirkətləri hətta vətəndaşları təhdid edir, mənzillərini sığorta etdirməyəcəkləri halda cərimələməklə hədələyirlər. Vətəndaşlar isə avtomobillərinin icbari sığortası prosesində zaman-zaman başlarına gələndən sonra mənzillərini sığortalatmaqda maraqlı deyillər.
Bu məsələ ilə bağlı deputat Azay Quliyev maraqlı açıqlama verib və sığorta xaosuna dair konkret faktlar göstərib. Sitat: “Məlum olduğu kimi, bu il yanvarın 2-də 9-cu mikrorayon, Cavadxan küçəsi, 4 A saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında təbii qazın sızması ilə əlaqədar baş verən güclü partlayış nəticəsində 6 mənzil tamamilə dağılmış, vətəndaşların ev avadanlıqları və əşyaları yararsız vəziyyətə düşmüşdü. Hadisədən yarım il keçməsinə və müvafiq dövlət qurumlarına dəfələrlə olunan müraciətlərə baxmayaraq, indiyə kimi nə vətəndaşların evləri təmir olunub, nə də onlara dəymiş maddi ziyan ödənilib. Bu ailələrin düşdüyü vəziyyət çox acınacaqlıdır və onlar kirayədə yaşadıqları evlərin kirayə pulunu ödəmək qabiliyyətində deyillər.
Dövlət qurumlarından verilən cavab isə budur ki, vaxtında mənzillərinizi sığortalamalıydınız. Bu yanaşmanın məntiqi başa düşülən olsa da, vətəndaşların hazırda düşdüyü vəziyyətə adekvat deyil. Belə ki, sığortalanan mənzillərdən birinin sahibinə cəmi 7079 manat sığorta pulu təklif olunub. Gəlin razılaşaq ki, bu vəsaitlə tamamilə dağılmış mənzili təmir etmək və avadanlıqla təchiz etmək mümkün deyil. Sığorta şirkətlərindən söz düşmüşkən, burada başqa bir vacib məsələyə də toxunmaq istərdim.
Son günlər daşınmaz əmlakın icbari sığortası məsələsi aktuallaşıb. Sığorta şirkətləri ev-ev gəzərək vətəndaşlardan tələb edirlər ki, icbari sığorta müqaviləsi bağlasınlar, əks təqdirdə, məsuliyyət daşıyacaqlar. Əlbəttə, daşınmaz əmlakın icbari sığortası mahiyyət etibarilə faydalıdır və zəruridir. Lakin sığorta bazarında mövcud problemləri həll etmədən insanları bu formada nəyəsə məcbur eləmək doğru deyil. İlk növbədə sığorta sisteminə insanlar tam etimad edib güvənməlidirlər. Bu gün sığorta hadisəsinin qeydə alınmasından, ta sığorta ödənişinin alınmasınadək ciddi bürokratiya, problemlər, süründürməçilik var. Buraya həmçinin sığorta hadisəsi zamanı vurulan ziyanın düzgün hesablanmaması və ədalətli ödənişin həyata keçirilməməsi də daxildir. İkincisi, axı sığorta şirkətləri inzibati orqanlar deyillər. Onlar olsa-olsa bu işi təşviq edə, vətəndaşların sığorta müqaviləsi bağlaması üçün çağırış edə bilərlər. Lakin bəzi şirkətlər sanki bir cərimə tətbiq edən qurum kimi davranır, vətəndaşlara SMS-lər göndərərək onları cərimələməklə və ya cəzalandırmaqla hədələyirlər. Digər tərəfdən, sığorta təşkilatlarının bu cür tələb irəli sürməsi haqsız monopoliya imkanları yaradır və vətəndaşın sərbəst şəkildə sığortaçı seçmək hüququnu məhdudlaşdırır.
Müvafiq qurumlardan xahiş edirəm ki, icbari sığorta ilə bağlı vətəndaşları narahat edən bu kimi suallara aydınlıq gətirilsin və əsassız tələblər irəli sürən sığorta şirkətlərinə qarşı qanun çərçivəsində tədbirlər görülsün".
Əkrəm Həsənov: "Müvafiq qurumların susqunluğu sığorta şirkətlərinə dəstək kimi dəyərləndirilə bilər"
Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a bildirdi ki, xaosun yaranmasında dövlətin də günahı var. Ekspert xatırlatdı ki, 2011-ci ildə qəbul edilmiş “İcbari sığorta haqqında” Qanuna görə hər kəs daşınmaz əmlakını sığortalamalıdır: “Bu sığorta növü qeyri-adidir, çünki icbari sığorta adətən 3-cü şəxslərə vurulan zərər üzrə olur. Digər hallarda sığorta könüllü olmalıdır. Daşınmaz əmlakın sığortası konstitusiyaya ziddir. Şəxsi əmlaka dəyən zərərə görə risk vətəndaşa aiddir. Bu məsələdə məcburiyyət olmamalıdır. Dünya təcrübəsində də icbari sığorta könüllüdür. Azərbaycanda "İcbari sığorta haqqında" Qanun ona görə qəbul edildi ki, sel nəticəsində vətəndaşlara dəyən zərər böyük idi, bu zərəri də dövlət qarşılamışdı. Əslində isə belə olmamalıdır. Bazar iqtisadiyyatının qanunlarına görə vətəndaş evini, yaxud ona məxsus olan digər əmlakı özü sığortalamalıdır. Başqa sözlə, hesab edirəm ki, bir vətəndaşa dəyən zərər digər vətəndaşların ödədiyi vergi hesabına qarşılanmamalıdır. 2011-ci ildə İnzibati Xətalar Məcəlləsində 30 AZN cərimənin tətbiq olunması ilə bağlı dəyişiklik oldu. Qanuna görə, bu cəriməni yerli icra hakimiyyəti orqanları tətbiq edə bilər. Ötən 12 il ərzində dövlət heç kimi cərimələməyib”.
Ekspert eyni vəziyyətin 2019-cu ildə də baş verdiyinə diqqət çəkdi: “Sığorta şirkətləri bu məsələni qaldırsalar da, Bakı Şəhər İcra Hakimiyyəti cərimə mexanizminin olmadığını bildirmişdi. 2020-ci ildə ölkə başçısı məsələyə münasibət bildirərkən qeyd etmişdi ki, insanları maarifləndirmək lazımdır. Ötən 4 il ərzində sığorta bazarına nəzarət edən Mərkəzi Bank bu sahədə heç bir tədbir görmədi. Yenidən eyni proses başlayıb. Sığorta şirkətləri vətəndaşları qorxutmağa başlayıb. Ədalət naminə deyək ki, ancaq sığorta şirkətlərini ittiham etmək doğru deyil. Qanunvericilik çərçivəsində xidmətin təklifi qanun pozuntusu deyil. Azərbaycanda sığorta sahəsi acınacaqlı vəziyyətdədir, sığorta şirkətlərinə etimad yoxdur. Daşınmaz əmlakın sığortası çox gəlirli sahədir. Avtomobilin sığortasından fərqli olaraq, mənzilin sığortası şirkətlər üçün daha sərfəlidir. Avtomobillərlə bağlı hadisələr daha çox olur, nəinki mənzillərlə bağlı, yəni hər daşınmaz əmlaka görə sığorta şirkətləri yüksək məbləğdə gəlir əldə edəcəklər ki, bu da xalis qazanc deməkdir. Sığorta bazarına nəzarət edən Mərkəzi Bank, digər müvafiq qurumlar hələ ki susurlar. Bu susqunluq sığorta şirkətlərinə dəstək kimi dəyərləndirilə bilər. Vətəndaşları sakitləşdirmək üçün cərimənin tətbiq edilib-edilməyəcəyi barədə dəqiq açıqlama verilməlidir”.
Ə.Həsənov qeyd etdi ki, dövlət "İcbari sığorta haqqında" Qanuna yenidən baxmalıdır: “Yeri gəlmişkən, bir neçə gün öncə Mərkəzi Bank tərəfindən Milli Məclisə təklif olunan qanun layihələri paketində sığorta ilə əlaqədar qanunda sırf texniki dəyişikliklər nəzərdə tutulub. Fikrimcə, ilk növbədə sığorta icbari yox, könüllü olmalıdır. Rəsmi məlumata görə, daşınmaz əmlakın 80%-i sığortalanmayıb. Bu o deməkdir ki, ötən 12 il ərzində Azərbaycan xalqı məsələyə münasibətini bildirib, yəni sözügedən qanunla razı deyil. Cərimənin tətbiq olunmaması da dövlətin bu məsələdə əhali ilə həmfikir olduğunu göstərir. Bu halda dövlət "ölü" qanunu dəyişməlidir. Sığortanın könüllü olması sağlam rəqabəti də artıracaq. Hansı şirkət sərfəli təklif versə, vətəndaş sığorta müqaviləsini onunla imzalayacaq. Yeri gəlmişkən, Bakıda 50 AZN sığorta ödənişi çoxdur. Bir ildə nadir hallarda sığorta hadisəsi baş verir. Qanuna dəyişiklik etmək kifayət deyil. O cümlədən vətəndaşları maarifləndirmək lazımdır ki, sığorta hadisəsi baş verdikdə məsuliyyət onların üzərinə düşür. Həmçinin hesab edirəm ki, Azərbaycanda müştərək sığorta modeli inkişaf etdirilməlidir. Dünya təcrübəsində kommersiya və müştərək sığorta modelləri var. Qanunda müştərək sığorta haqqında bəhs edilsə də, mexanizm barədə təfsilat yoxdur. Kommersiya sığortası zamanı bir il ərzində sığorta hadisəsi baş vermədikdə ödənən məbləğ şirkətin xalis mənfəəti hesab olunur, vətəndaş isə yeni il üçün müqaviləni yeniləməlidir. Bu modelin zəif cəhəti odur ki, sığorta hadisəsi baş verdikdə şirkət zərəri ödəməməkdə maraqlı olur. Sadə dildə desək, nə qədər az ödəsə, bir o qədər sərfəlidir. Müştərək sığorta növündə isə şirkət öncədən məbləğin müəyyən hissəsini, bir növ xidmət haqqını götürür. Sığorta hadisəsi baş verdikdə əgər müəyyən məbləğ qalıbsa, vətəndaşa qaytarılır. Bu sığorta növünün üstünlüyü odur ki, şirkət zərərin ödənilməsindən yayınmaqda maraqlı olmur. Mənfi cəhəti isə budur ki, çox sığorta hadisəsi baş versə, vətəndaş sığortasız qala bilər. Ümumiyyətlə, seçimi vətəndaşın öhdəsinə buraxmaq lazımdır. Bu sığorta şirkətlərinə etimadı artıra bilər".
Natiq Cəfərli: “Heç bir özəl şirkət vətəndaşa cərimə tətbiq edə bilməz”
İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, sığorta şirkətlərinin cərimə etmək səlahiyyəti yoxdur, bu, dövlətin funksiyasıdır: “Heç bir özəl şirkət vətəndaşa cərimə tətbiq edə bilməz. Şirkətlərin vətəndaşları qorxudaraq icbari sığorta müqaviləsi bağlamağa məcbur etməsi qanunsuzluqdur. Bunun mexanizmi yoxdur. Vətəndaşlar daşınmaz əmlakını könüllü sığorta etdirə bilərlər. Bu, əslində faydalıdır, amma proses könüllü həyata keçirilməlidir. Vətəndaşlar sığorta şirkətlərinin hədə-qorxusu ilə qarşılaşdıqda onları məhkəməyə verə bilərlər”.
Azərbaycan Mərkəzi Bankı (AMB) daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması ilə bağlı iradlara cavab verib.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması fikri kökündən yanlışdir. Əksinə, bu icbari sığorta növü, insanlarin konstitusiyada müəyyən olunmuş mənzil hüququnun təmin olunmasının sabitliyi və fasiləsizliyi üçün bir alətdir.
Mərkəzi Bank: “Daşınmaz əmlakın icbari sığortası vətəndaşların hüquqlarına zidd deyil”
Mərkəzi Bankdan həmçinin əlavə edilib ki, sadə vətəndaşlar, o cümlədən vəzifəli və hüquqi şəxslər daşınmaz əmlakın icbari sığortasının olmamasına görə qanunla cərimələnə bilər: “İnzibati Xətalar Məcəlləsinin (İXM) 469.1-ci maddəsinin tələblərinə uyğun olaraq, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinə birinci cümləsinə əsasən şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur”.
Bununla belə, cərimə mexanizminin tətbiq edilməsi ilə bağlı məsələ hələ də açıq şəkildə qalmaqdadır.