DÜNYANIN ƏN QƏDİM QƏBİRİSTANLIĞI TAPILDI – HOMO SAPİENSDƏN DƏ ƏVVƏL…
06-iyun-2023Cənubi Afrikada çalışan elm adamları dünyada məlum olan ən qədim qəbiristanlığı tapdıqlarını bildiriblər.
Xezerinfo.az İndependent-ə istinadən xəbər verir ki, qalıqların Homo naledi latınca adı olan primatlara aid olduğu bildirilib.
Dünya şöhrətli paleoantropoloq Prof. Li Bergerin rəhbərlik etdiyi tədqiqat qrupu kəşfin insanın təkamülü haqqında düşüncələrini dəyişdirə biləcəyini bildirib. Çünki ölüləri basdırmaq kimi davranışlar indiyə qədər daha böyük beyinə malik olan Homo sapiens və Neandertallarla əlaqələndirilmişdir.
Tədqiqatçılar qəbiristanlığı Cənubi Afrikanın Yohannesburq yaxınlığındakı “Bəşəriyyətin beşiyi” adlı paleoantropoloji sahədə tapıblar.
Qəbiristanlıqda Homo naledinin qalıqları aşkar edilib. Dünyanın ən qədim məzarları əvvəllər Yaxın Şərq və Afrikada yerləşirdi və təxminən 100.000 il yaşı olduğu düşünülürdü.
Cənubi Afrikadakı qəbiristanlıqda tapılan sümüklərin yaşı 236-335 min il arasındadır. Alimlər cəsədlərin basdırılması üçün qəbiristanlıqda skelet qalıqları olan dayaz, oval çuxurların bilərəkdən qazılaraq üzərlərinin örtüldüyünü qeyd ediblər.
Homo naledi, təxminən 335.000 il əvvəl Pleistosen dövründə ortaya çıxan və 236.000 il əvvəl nəsli kəsilmiş arxaik insan növüdür.
Növün beyni müasir insanlarla müqayisədə olduqca kiçikdir. Bunun səbəbi onların beyin ölçüsünün Homo sapiens beyinlərinin təxminən üçdə birinə bərabər olmasıdır.
Tədqiqatçılar daha çox təhlilə ehtiyac olduğunu yazıblar, lakin buna baxmayaraq, kəşflər insan təkamülü haqqında anlayışı dəyişdirir. Tədqiqatda iştirak edən antropoloq Kerol Uord bildirib ki, əgər tapıntılar təsdiqlənərsə, bu, əhəmiyyətli olacaq.