Bu gün:
Xezer.info » Qarabağ » ZƏNGƏZUR YOLU DÜYÜNÜ AÇILIR… “YOLA ERMƏNİSTANIN NƏZARƏT ETMƏSİ DAHA SƏRFƏLİDİR…” – EKSPERT

ZƏNGƏZUR YOLU DÜYÜNÜ AÇILIR… “YOLA ERMƏNİSTANIN NƏZARƏT ETMƏSİ DAHA SƏRFƏLİDİR…” – EKSPERT



Bir neçə istiqamətdə davam edən Azərbaycan-Ermənistan danışıqlarında bəzi pozitiv ilkin razılaşmalar var, əsas da Zəngəzurdan keçəcək kommunikasiya xəttlərinin açılması ilə bağlı məsələ həllini tapmaq üzrədir. Bu yolun açılmasında əsas maneə Rusiya ilə Ermənistan arasında olan problemlərdir. Kreml israr edirdi ki, Laçın yoluna da, Zəngəzur yoluna da ancaq və ancaq Moskva nəzarət etməlidir. Azərbaycan bütün müqavimətlərə baxmayaraq Laçın yoluna sərhəd-keçid məntəqəsi inşa edib nəticəyə nail olması bu məsələnin çözülməsində mühim rol oynadı.

Xezerinfo.az məlumatına görə, bu barədə fikir bildirən Real Partiyasının üzvü Natiq Cəfərlinin fikrincə, Ermənistanın hay-küy salmasına baxmayaraq Laçında Bakının dediyini etməsi, öz sərhədimizin özümüz tərəfindən qorunub nəzarətə götürülməsi Ermənistan üçün də çox sərfəli oldu.

Ekspert bildirib ki, məhz bu addımımızdan sonra Ermənistan Rusiyadan Zəngəzur yoluna nəzarəti qopara bildi – son Moskva görüşündə Kreml Zəngəzur yolunun giriş və çıxışında Ermənistan rəsmi orqanlarının yerləşməsi israrı ilə razılaşmalı, barışmalı oldu:

“Rəsmi Bakının Laçın yolunda qəti addım atması Zəngəzur yolu düyününün açılmasında birbaşa və həlledici rol oynadı. Əslində bizə də Zəngəzur yoluna Ermənistanın nəzarət etməsi daha sərfəlidir – Kremlin təkbaşına nəzarəti Azərbaycana növbəti təzyiq vasitəsinə çevrilə bilərdi. Nəzarətin Ermənistanda olması isə işi asanlaşdırır, qarşılıqlı asılılıq yaradır – yəni, İrəvan Naxçıvana gedən yüklərə, vətəndaşlara, qatar və avtomobillərə problem çıxarsa, özləri də Laçın yolunda eyni problemlərlə, və ya Azərbaycan üzərindən Ermənistana gedəcək yük və sərnişinlər eyni yanaşma ilə üzləşəcəklər. Qarşılıqlı asılılıq belə məsələlərdə sabitlik göstəricisinə çevrilir, dəngə yaradan faktor olur”.