Kainat nədən yaranıb?
25-avq-2016"Ateist Cəfər Quluzadənin modern.az saytına verdiyi müsahibəsindəki iddialara cavab" məqaləsinə dair
Təbiət qanunları, o cümlədən fizika qanunları heç kim tərəfindən təyin edilmir və heç kim tərəfindən yaradılmır. Müəllif (Düşünək.com saytı) bunları dərk edə bilmir. Müəllif Böyuk partlayış nəzəriyyəsini sübut edən faktları göstərməyə çalışir və terminoloji səhflər edir:
ulduz spektrlərində spektral xəttlərin qırmızı tərəfə sürüşməsi ulduz spektrlərinin qırmızıya doğru sürüşməsi kimi, kosmik mikrodalğalı fon şüalanması və ya relikt (qalıq) şüalanma isə kosmik mikrodalğa arxa plan şüalanması, kosmik arxa plan radiasiyası kimi ifadə olunur.
Görəsən, “Kainatın genişlənmə sürəti o qədər kritik bir nöqtədədir ki, “Biq Bənq”dən sonrakı birinci saniyədə bu nisbət yüz min milyon dəfə milyonda bir qədər kiçik olsaydı belə, kainat indiki vəziyyətinə gəlmədən içinə çökəcəkdi” cümləsini müəllif özü necə başa düşür?
Standart Böyük partlayış nəzəriyyəsi bir çox problemləri izah edə bilmir. Bu problemlərdən birincisi və əsası Cəfər müəllimin düzgün qeyd etdiyi kimi Böyük partlayışın mövcudluğu problemidir: çox sıx bir maddə necə olub ki, partlayıb, bu maddəni partlamağa nə məcbur edib? Bu sualı standart Böyük partlayış nəzəriyyəsi izah edə bilmir.
Standart Böyük partlayış nəzəriyyəsinin həll edə bilmədiyi bir sıra problemləri kosmoloji inflyasiya nəzəriyyəsi həll edir.
KAİNAT NƏDƏN YARANIB?
Müasir elm qəbul edir ki, Kainat heç nədən yaranıb. Heç nə dedikdə vakuum nəzərdə tutulur. Ümumi nisbilik nəzəriyyəsinin mahiyyətini A.Eynşteyn bir cümlədə belə ifadə edir: ” Əvvəllər belə qəbul olunurdu ki, əgər Kainatdan bütün materiya yox olarsa, fəza və zaman saxlanılar; nisbilik nəzəriyyəsi isə təstiq edir ki, materiya ilə birlikdə fəza və zaman da yox olar.” Beləliklə Kainat yaranana qədər nə fəza, nə də zaman, heç biri olmayıb.
XIX əsr fizikası vakuumu boşluq hesab edir. Müasir, kvant fizikasına görə isə vakuum materiyanın xüsusi formasıdır, müəyyən şəraitdə maddə zərrəcikləri yaratmaq qabilliyətinə malikdir.
Kvant vakuumu mənfi təzyiq ilə xarakterizə olunur. Ümumi nisbilik nəzəriyyəsinə görə qravitasiya qüvvələrinin yaranmasına səbəb təkcə kütlə (enerji) deyil, həmçinin təzyiqdir. Müsbət təzyiq qravitasiya cazibə, mənfi təzyiq isə qravitasiya itələmə təsirnin yaranmasına səbəb olur. Beləliklə kvant vakuumda gravitasiya itələmə təsiri mövcuddur. Müasir, kvant fizikası qəbul edir ki, vakuum həyəcanlanmış hala keçə bilər və vakuumda enerji yaranar. Həyacanlanmış vakuum enerjiləri olduqca kəskin fərqlənən hallardan birində olur. Vakuumun ən yuxarı və ən aşağı hallarının enerjiləri fərqı olduqca böyükdür. Həyəcanlanmış vakuum hallarının enerjiləri ilə yanaşı həmçinin təzyiqləri də olduqca kəskin fərqlənir.
Böyük partlayış necə baş verib? Başlanğıcda Kainat həyəcanlanmış vakuum halında olub. Bu halda Kainatda ifrat böyük kosmik itələmə qüvvəsi təsir edib, bu qüvvə Kainatın ifrat böyük sürətlə genişlənməsinə səbəb olub, saniyənin sonsuz kiçik hissəsi
müddətində Kainat eksponensial qanunla ölçülərini artırıb. Kainatın bu cür genişlənməsinə birinci dəfə 1980-cı ildə Alan Qut (Alan Guth, ABŞ) tərəfindən baxılıb və ‘inflyasiya’’ adlandırılıb. İnflyasiya fazasında, ifrat tez və kəsilməz artan sürətlə genişlənmə nəticəsində Kainatın bütün hissələri partlayışda oldugu kimi ifrat sürətlə kəsilməz uçub. Elə bu da Böyük Partlayışdır!
Bütün həyəcanlanmış kvant sistemləri kimi həyəcanlanmış vakuum dayanıqlı deyil, parçalana bilər. Parçalanma baş verdikdə vakuumda itələmə təsiri yox olur, nəticədə inflyasiya qurtarır. Əlbəttə ki, Kainat bundan sonra da inflyasiya periodunda aldığı ilkin impulsun hesabına genişlənir, amma genişlənmə sürəti tədricən azalır.
İnflyasiya fazasının sonuna yaxın Kainat boş və soyuqdur. Amma inflyasiya qurtaranda Kainat olduqca qaynar olur. Qeyd etdik ki, inflyasiya periodunda Kainat olduqca tez və kəsilməz artan sürətlə genişlənir. Digər mühitlərdən fərqli olaraq mənfi təzyiqli vakuum genişləndikcə enerjisi azalmır, əksinə artır. Beləliklə infyasiya müddətində vakuumun enerjisi artır və çox böyük qiymət alır. İnflyasiya qurtaranda bütün enerji bir nəhəng istilik alışmada azad olunur. Bu istilik alışması ani olaraq Kainatı 1027 K-ə qədər qızdırır. Bu andan Kainatın inkişafı standart Böyük partlayış nəzəriyyəsinə uyğun olur. İstilik enerjisinin hesabına maddə və antimaddə yaranır, sonra Kainat soyuyur və tədricən Kainatın obyektləri yaranır.
Kvant vakuumu enerjini necə əldə edir? Mənfi təzyiqli vakuum təsəvvür olunmayacaq imkanlara malikdir. Belə vakuum özü - özünü böyük miqdarda enerji ilə təmin edir, belə ki, o daxilən qeyri - dayanıqlıdır, bu qeyri - dayanıqlıq onun kəsilməz genişlənməsini və qeyri-məhdud enerji istehsal etməsini təmin edir. Yalnız vakuumun kvant parçalanması enerjiyə məhdudiyyət qoyur.
Kainat özü-özünə yaranıb! Cəfər müəllim düzgün qeyd edir:Yaradıcı axtarmağa ehtiyac yoxdur!
Z.A.Səmədov,
BDU, Fizika fakültəsi, Astrofizika kafedrasının dosenti