Baş nazir öz oğlunu işdən qovdu - Səbəb...
30-may-2023Yaponiyanın baş naziri Fumio Kişida böyük oğlu Şotaronu siyasi məsələlər üzrə şəxsi katib vəzifəsindən azad edib.
Xezer.info xarici agentliklərə istinadən xəbər verir ki, buna əsas səbəb oğulun baş nazirin iqamətgahında Yeni il gecəsi dostları ilə kef məclisi təşkil etməsi olub.
Yeni il gecəsinin fotoları Yaponiyanın "Syukan bunshun" həftəlik qəzetində dərc edilib.
Kişida oğlunun işdən çıxarılmasına münasibət bildirərkən bunları söyləyib:
"Onun ictimai siyasi məsələlər üzrə katibi vəzifəsini həyata keçirərkən bu hərəkətini qəbul edə bilməzdim. Məsuliyyətini daha dərindən dərk etməsi üçün oğumu işdən çıxardm".
Qeyd edək ki, bundan əvvəl baş nazir öz oğlunu "uyğun olmayan" davranışına görə açıq şəkildə qınayıb. Kişida köməkçisi Takayoşi Yamamotonu oğlundan sonra boşalmış vəzifəyə təyin edib.
Şotaro Kişida 2022-ci ilin oktyabrında baş nazirin səkkiz şəxsi katibindən biri olub. Dövlət vəzifələrində varisliyin təmin olunması və bu məqsədlə ailə üzvlərinin təyin edilməsi Yaponiya siyasətində adi hal sayılır.
Şotaro hələ bu ilin yanvar ayında qeyri-qanuni fəaliyyətinə görə yerli medianın diqqət mərkəzinə düşmüşdü. Belə ki həmin vaxt o, London və Parisə şəxsi turlar üçün səfirlik avtomobillərindən istifadə edib və dəbdəbəli London univermağından nazirlər üçün suvenir alıb.
Əvvəllər Yaponiya baş nazirinin təxminən yüz yaşı olan iqamətgahı yalnız onun ofisi kimi fəaliyyət göstərirdi. 2005-ci ildə binada yaşayış mənzilləri qurulub.