ABŞ Ukraynaya yeni hərbi yardım paketləri təqdim edəcək
26-may-2023ABŞ yaxın həftələrdə və aylarda Ukraynanın ehtimal edilən əks-hücumu fonunda Kiyevə hərbi yardım göstərməyə davam edəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə əlaqələndirici Con Kirbi CNN telekanalına müsahibəsində deyib.
“Ukraynanın əks-hücumu istənilən an başlaya bilər. Onun nə vaxt, harada və necə başlayacağı barədə qərarı Kiyev qəbul edəcək. Biz bütün diqqətimizi qərar qəbul edilərkən və əks-hücum əməliyyatları həyata keçirilərkən Ukrayna ordusunun lazımi vasitələrlə və imkanlarla təmin olunmasına yönəltmişik”, - deyə Con Kirbi bildirib.
Bir müddət öncə Reuters agentliyi ABŞ administrasiyasının mayın 26-da Ukraynaya 300 milyon dollarlıq növbəti hərbi yardım paketini elan edəcəyi barədə məlumat yaymışdı.
ABŞ müharibənin başladığı vaxtdan bəri Ukraynaya ümumilikdə 37 milyard dollar həcmində hərbi yardım göndərib.