Bu gün:
Xezer.info » Manşet » SUYUMUZ YOXDUR, QORXMAZ ALDADIR! - «Azərsu» bizlərə nifrət edir!

SUYUMUZ YOXDUR, QORXMAZ ALDADIR! - «Azərsu» bizlərə nifrət edir!


SUYUMUZ YOXDUR, QORXMAZ ALDADIR! - «Azərsu» bizlərə nifrət edir!
yayın ən isti çağı yetişən kimi, «Azərsu» Səhmdar Cəmiyyətinin (SC) «ürəkkeçməsi» də baş qaldırır. Qurum buna «bir növ, adətkərdədir» – hər gün Bakının bir və ya bir neçə rayonunda əhaliyə su verilişini ən müxtəlif bəhanələrlə, dayandırır. Əksər hallarda isə əhaliyə (istehlakçı qrupuna) heç bir xəbərdarlıq-filan da etmir – etsə də sadəcə, YALAN SƏBƏB göstərir və YALAN VƏDLƏR verir! Məsələn, iyulun 19-da «Azərsu(susuzluq)» adlı «koska» məlumat yaydı ki, haradasa qəza baş verdiyi səbəbilə, Bakı 1 gün susuz qalacaq! Susuz qalacaq Bakı rayonlarının adları da sadalandı: «Qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Subunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək».

Açıqlamadan belə anlaşılır ki, guya qəzaya qədər adıgedən rayonların abonentləri suyu 24 saat ərzində fasiləsiz alırmış. Fəqət, belə deyil – heç bir qəza-filan ollmadığı günlərdə də 24 saat fasiləsiz su alan kimi təqdim edilən abonentlərin suyu, ən yaxşı halda, gecə saat 01:00 – dən səhər saat 06:00-dək kəsilir. Bunu hansı əsasla deyirəm?

Yeni Günəşlidə yaşayıram (əslində, buna sürünmək deyərdim!). 2012-ci ildə yaşadığım sahənin məhəllədaxili su xətləri yeniləndi, su anbarına bir balaca əl gəzdirildi və əhaliyə elan olundu ki, gün ərzində 24 saat fasiləsiz su ilə təmin olunacaq. Sayğaclar quraşdırıldı, qısa müddətdən sonra həmin sayğaclar yeni sayğaclarla əvəzləndi və ərazinin su təchizatı kart sisteminə keçirildi. Yəni ki, kart sisteminə keçiriləndən sonra, «Azərsu(susuzluq)» səhmdar cəmiyyəti əhaliyə verəcəyi suyun pulunu əvvəlcədən almağa girişdi – pulun var, su alacaqsan, pulun yoxdur, su ala bilməyəcəksən, sayğac xəttini bağlayacaq. Bir müddət (təxminən, 1 ilə yaxın) ərazidəki abonentlər fasiləsiz su ala bildilər – sevincdən, hamı binanın damında, mənzilinin içində yerləşdirdiyi su çənini söküb atdı. Fəqət, insanların bu sevinci uzun sürmədi – «Azərsu(susuzluq)» cəmiyyəti rəhbərliyinin əmri ilə gecələr su nasoslarını söndürməyə başladılar. Söhbət zamanı tanıdığım nasosxana operatoru etiraf etdi ki, müdiriyyətin əmridir – gecələr su olmayacaq! Azərbaycan nağıllarında olduğu kimi – gecələr «əjdaha gəlib suyun qabağını kəsməyə başladı». Nağılda deyilir ki, əjdaha suyu buraxmaq üçün gündə bir bakirə qız qurbanı tələb edirmiş. Maraqlıdır, görəsən, «Azərsu(susuzluq)» hansı qurbanı umur?


Sözümün canı budur ki, «Azərsu» SC-in «qəza» səbəbilə su məhdudiyyətinin yaşanacağı barədəki açıqlamasına qədər də sözügedən ərazilər suyu fasiləsiz ala bilmirdilər. Bu, dünyada analoqu olmayan praktikadır – xidmət müəssisəsi əvvəlcədən (avansla!) aldığı pulun müqabilində abonentə SU VERMİR! Bunun adına nə deyək – oğurluqmu, dələduzluqmu?! Qoy, bunu hüquqşünaslar təsnif etsinlər. Yeri gəlmişkən, qeyd edim ki, «Azərsu» adlı «koska»nın yuxarıda sitat gətirdiyim açıqlamasında Suraxanı rayonunun adı olmasa da, Yeni Günəşlidə tam 4 sutka su olmadı!

Xeyli maraqlıdır – dünya təcrübəsi göstərir ki, sivil ölkələrin hamısında su təchizatı ilə məşğul olan xidmət müəssisələri fəaliyyətini həm kəmiyyət, həm də keyfiyyət baxımından, hər zaman genişləndirməyə çalışırlar. Nədən ki, satış həcminin artırılması, müəssisənin birbaşa gəlirlərinin artmasına səbəb olur. Nə yazıq ki, «Azərsu»-nun fəaliyyətində bu tendensiya müşahidə olunmur, əksinə, səhmdar cəmiyyət bunda sadəcə, maraqsız görünür. Bunun bir neçə səbəbi var və hamı onları bilir, amma dilə gətirməyə QORXUR!

Birləşmiş Millətlər Təşkilatının (BMT) «İstehlakçıların maraqlarının müdafiəsi üçün BMT rəhbər prinsipləri» (13.01.2015) adlı sənədi ilə bu beynəlxalq təşkilat əhalinin su təchizatının kəmiyyət və keyfiyyət baxımından, durmadan yaxşılaşdırılmasını milli hökumətlərə TÖVSİYYƏ EDİR! Fəqət, bizim «hökumət» buna məhəl qoymur! Təkcə bu səbəbdən dolayı, Artur hökumətinin (ad şərtidir) milli olmasına şübhələrim var! Hökumət BMT çağırışını qulaqardına vurduğu qədərində də, «Azərsu» SC həm hökuməti, həm də əhalini aldadıb, baş girləyir – özü də hansı şəraitdə? Otuzbir mərtəbəli «ofis»in 31-ci «kilometrliyi»ndə! Maraqlıdır, nə üçün 31 kilometr yüksəkdə?

Niyə də olmasın? 31 mərtəbəli «ofis» bir tərəfdən, 31 milyon «navar» deməkdir! Digər tərəfdən, bu yüksəklik Azərbaycan cəmiyyətindən bir növ, özünü «təcrid» etmək deməkdir ki, bunun sayəsində «Azərsu(susuzluq)» rəhbərliyi susuzluqdan nalə çəkən insanların, heyvanların və bitkilərin harayını eşidib də «dilxor» olmaqdan sığortalanır! Başqa tərəfdən isə «qara camaata» 31 kilometr yüksəkdən baxıb da, onların köməksiz durumundan ləzzət almaq müstəsna bir istirahət sayıla bilər axı. Amma Şah Abbasın şahlıq dövrü olsaydı, belə əliəyri oyunbazlara 31 mərtəbəli ofis tikmək əvəzinə, hər birinə 31 zopa vurardılar!

Dünyada böyük şəhərlər çoxdur. Həttə elə şəhərlər var ki, əhalisinin sayı Azərbaycanın əhalisindən çoxdur. Amma mən hələ bu ölkələrin heç birində əhalinin su təchizatı təyinatlı xidmət müəssisəsinin 31 mərtəbəli ofisdə «yatdığı»nı eşitməmişəm! Nə üçün «yatdığı» yazıram? Çünki «Azərsu(susuzluq)» işləmir, mürgüləyir! İşləsəydi – su olardı, əhali «su» deyib, nalə çəkməzdi…

Yuxarıda göstərdiyim tarixdə Yeni Günəşlidə dörd gün su olmadı («Azərsu(susuzluq)» isə demişdi ki, bircə gün su olmayacaq)! Amma insanlar «Suraxanı rayon Sukanal» İdarəsinə («Azərsu»-nun yerli strukturu) supulunu əvvəlcədən (avansla) ödəyirlər. Fəqət, yayın bu isti cağında insanlar pulunu ödədikləri SUYU ALA BİLMİRLƏR! Susuzluqdan küçə-baca, hətta mənzillər də üfunət saçır – üfunət adamın beynini çatladır! Azərbaycanda gözəl bir qanun var (amma zamanın tələbi baxımından, bir qədər «köhnəlib»): «Sanitariya-epidemioloji salamatlıq» haqqında! Ölkə boyunca, bu qanunun tələbləri görünməmiş soyuqqanlılıqla pozulur. SUSUZLUQ səbəbindən! Hökumət isə inert olaraq, bu dəhşətli mənzərəni sadəcə, seyr etməklə kifayətlənir! «Azərsu» SC də bundan gen-bol bəhrələnir – istəyirsə, suyu verir, istəmirsə, vermir. Nəticə birmənalıdır – susuzluq səbəbindən dolayı, Bakı əhalisi miqyaslı epidemiyaların təhdidi altında gün keçirir. Ətrafımızdakı ağaclar QURUYUR. Bunca dəhşətli mənzərəni seyr etdikcə, adamın ürəyi ağrıyır! Bu, bir kabusdur – susuzluğun doğurduğu epidemioloji salamatsızlıq kabusu – başımızın üstündə dolaşır…

Son 10 ildə Bakının su təchizatının yaxşılaşdırılması məqsədilə dövləti fondlardan «Azərsu» Səhmdar Cəmiyyətinə milyardlarla dövlət vəsaiti ayrılıb. Su isə demək olar, əvvəlki dövrlərdə olduğu kimi – YOXDUR! Bəs, pullar hara, nəyə məsrəf olunub? Bu sualı «Azərsu»ya mən versəm, məni heç dinləyən də olmayacaq, nəinki sualıma cavab verən. Ona görə də hesab edirəm ki, dövlətin başçısı bu qurumdan HESAB SORMALIDIR!

«Azərsu» Bakı əhalisini su ilə imtahana çəkir. Mən isə buna «su ilə terror» deyirəm! Sivil ölkələrdə olsaydı, cəmiyyət belə davranışa təpki nümayiş etdirərdi. Nə yazıq ki, xalqımız qədərindən də artıq «dözümlü»dür – yükləndikcə, ağır yük altında inləyə-inləyə «min şükür» deyə, sayıqlayır!

Qeyd etməliyəm ki, Azərbaycan cəmiyyəti «dözümlü» olduğu qədər də həm riyakardır, həm də «şahsevən»dir. Məhz şahsevənlik və riyakarlıq adlı keyfiyyətsizliklərə mübtəla olmuş bu zavallı toplum, susuzluqdan dodağı «beş yerdən» çat versə də, yayın bu isti çağında ənənəsinə sadiq qalaraq, ləhləyə-ləhləyə «Şahsuvar» (Şah, suyumuz var) deyir! Mən, uzun müddət fikirləşdim ki, nə üçün Azərbaycanda «Şahsüvar» adı məhz «Şahsuvar» kəlməsinə təhrif olunub? İndi bildim – əhali Şaha təşəkkürünü ifadə etmək üçün «Şah, su var» demək isiəyirmiş…

Bu məqamda hörmətli Etibar Əliyevin bir məqaləsini xatırlamalı oldum – Nobel mükafatı almış təlxək barədəki məqaləni deyirəm. Məqalənin bir yerində olduqca maraqlı mətləbə toxunulur. Suya qərq olanlar, sadəcə riyakar («dözümlü») olduqları səbəbindən dolayı, «ay aman, batırıq, kömək edin!» bağırmaq əvəzinə, sakitcə pıçıldayırlar: «Biz suda boğulmuruq, sadəcə, bu gün bir qədər nəmişlikdir…». Suya qərq olanlar barədəki rəvayəti danışan «şüşəüfürən»lər (şüşəüfürən – şüşə qablar istehsal edən zavodlarda bir peşədir) sanki Azərbaycan cəmiyyətinin yaltaqlıq və riyakarlıq kimi məziyyətlərindən xəbərdar imişlər. Nədən ki, suya qərq olanlar «…bu gün bir qədər nəmişlikdir» deyir, bizlər isə eyni davranışı başqa formada ifadə edirik – susuzluqdan qovrulduqca, çirkaba baş vurduqca, ətrafımız üfunət saçdıqca, «Şah – su – var» deyə, gülümsəməyə çalışırıq. Fəqət, gülümsəmək cəhdi ilə sifətimiz eybəcər hala düşəcək qədər ƏYİLİR!

Düşünürəm, gərək nə qədər qorxmaz, «şir ürəyi yemiş birisi» olasan ki, dövlət başçısının siyasi iradəsinə məhəl qoymayaraq, əhalini «su ilə terror»a məruz qoyub da, çak-çukla baş girləyəsən. «Azərsu» SC-nin saytının əsas səhifəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bir fikiri yer alıb: «Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin…». Milyonların ürəyindən keçən arzudur. Nə yazıq ki, «Azərsu» belə düşünmür və öz bildiklərini yapır…

Sonra «Azərsu»nun rəhbərliyini aradım və… lap mat qaldım! Gördüm ki, müdrik və uzaqgörən kimsələr «quşu gözündən vurub» və Səhmdar Cəmiyyətə Qorxmaz aldı birisini rəhbər təyin etdiriblər! «Azərsu»nun naqis təcrübəsi göstərir ki, Qorxmaz, gerçəkdən də heç bir məsuliyyətdən qorxub-çəkinmir…


Məmurlarımız, zorən siyasətçilərimiş, xilafi-deputatlarımız tez-tez belə bir fikiri işlətməkdən çəkinmirlər (yorulmurlar, ar eləmirlər) ki, sən demə Azərbaycan müstəqilik illərində çox-çox inkişaf edib. Lap, SSRİ dövründəki «Azərbaycan iri addımlarla irəliləyir» kimi. Olsun – bu, hər birimzin arzusudur və hər birimiz buna öz töhfəmizi verməliyik. Fəqət, təcrübədə bu inkişaf gözə çarpmır!

Nə üçün belə deyirəm? Azərbaycanın babat bir şəhəri var – paytaxt Bakı. Anlaşılmazdır – Müstəqillik illərində milyardların sağa-sola səpələndiyi bir ölkənin paytaxtında SU YOXDUR!!! «Su həyat deməkdir» – belə bir deyim var. «Azərsu» SC də bunu etiraf edir və bir qədər də «təkmilləşdirib: «Su, həyat mənbəyi olaraq qalır» (Guya ki, suyun həyat mənbəyi olması nə vaxtsa bitəcəkmiş!). Deməli, suyu olmayan məkanda həyat da olmaz. Qeyd etdim ki, Bakının suyu yoxdur. Belədə, düşünməli olursan: Suyu olmayan və bu səbəblə də həyatı bitmək ərəfəsində olan bir məkanın hansı inkişafından danışmaq olar?! Buradan açıq-aydın görsənir ki, «Azərsu» SC adlı xidmət müəssisəsi sadəcə, öz müştərilərinə NİFRƏT EDİR!

Bütün bunları beynimin «süzgəc»indən keçirərkən, qərara gəldim ki, riyakarlığın «daşını atım» və qışqırım: «Doloy», Şahsuvar! Şah, suyumuz yoxdur! Qorxmaz hamımızı aldadır! «Azərsu» bizlərə nifrət edir!…

P.S. Mövzuya qayıdacam. Növbəti məqalədə Bakı əhalisinə verilən suyun keyfiyyət göstəricilərindən, elektrik enejisinə «qənaət»indən bəhs edəcəm. Marağı olanlar izləsinlər…

AzPolitika.info