Bu gün:
Xezer.info » Eksklüziv » Ev dustağı olanlara nəzarət mexanizmi dəyişir

Ev dustağı olanlara nəzarət mexanizmi dəyişir



Vəkil: “Bu dəyişiklik dövlət büdcəsinə qənaət edilməsinə səbəb olacaq”
Məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında dəyişikliklər edilib.

“Yeni Müsavat” xəbər verir ki, bununla bağlı müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb. Elektron nəzarət vasitələri tətbiq edilən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarətin daha effektiv həyata keçirilməsinin təmin olunması, habelə bu sahədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişikliklər edilib. Edilən dəyişikliklərə əsasən elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər tərəfindən elektron qolbağın açılması və ərazi məhdudiyyətinin pozulması halı mövcud olduqda monitorinq mərkəzinin dispetçeri tərəfindən bu hallarla bağlı dərhal məsul icra məmuruna və ya polis orqanının vəzifəli şəxsinə məlumat vermə tələbi müəyyən edilib.

Eyni zamanda elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması (elektron qolbağın müvəqqəti açılması və s.) halları genişləndirilib.

Yeni hallar bunlardır: barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə; barəsində həbs növündə qətimkan tədbiri seçildikdə; nəzarət subyektinə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.

Qeyd edək ki, məhkumlara tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları 2018-ci ilin aprelindən qüvvəyə minib. Elektron nəzarət vasitələri dedikdə isə burada elektron qolbaq, mobil nəzarət qurğusu, ev nəzarət stansiyası, ev siqnal ötürücüsü nəzərdə tutulur.

Elektron qolbaq - məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır.

Mobil nəzarət qurğusu - elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır.

Ev nəzarət stansiyası - elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları eyniləşdirərək şəxsin həmin yerdə olması haqda məlumatları monitorinq mərkəzinə ötürən elektron cihazdır. Ev nəzarət stansiyası bir və ya əlaqəli işləyən bir neçə qurğudan ibarət ola bilər.

Ev siqnal ötürücüsü - elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin yaşadığı evdə quraşdırılan və qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron cihazdır. Ev siqnal ötürücüsü bir və ya əlaqəli işləyən bir neçə qurğudan ibarət ola bilər.

Bəs görəsən, qanunvericilikdə edilən yenilik özündə nəyi ehtiva edir? Bu dəyişiklik hansı zərurətdən yaranıb? Faydası nədir?

Turan Abdullazadə

Mövzu ilə bağlı vəkil Turan Abdullazadə “Yeni Müsavat”a dedi ki, məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında dəyişikliklər edilməsi mütərəqqi addımdır: “Belə ki, edilən dəyişikliklərdən biri elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər tərəfindən elektron qolbağın açılması və ərazi məhdudiyyətinin pozulması halı mövcud olduqda monitorinq mərkəzinin dispetçeri tərəfindən bu hallarla bağlı dərhal məsul icra məmuruna və ya polis orqanının vəzifəli şəxsinə məlumat vermə tələbinin müəyyən edilməsidir. Bu elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər tərəfindən qaydaların pozulduğu halda operativliyin təmin edilməsinə və şəxslərin məsuliyyətdən yayınmasının qarşısının çevik şəkildə alınmasına xidmət edir.

Belə ki, elektron nəzarət vasitələri azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, habelə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə, həmçinin məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilir.

Bu qəbildən olan şəxslər üzərində daha operativ nəzarət mexanizminin olması ədalət mühakiməsinin səmərəliliyinə xidmət edir".

Vəkil onu da əlavə edib ki, elektron nəzarət vasitəsi kimi elektron qolbaq - məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır: "Elektron nəzarət vasitələri məhkəmənin müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin təyin edilməsi barədə qanuni qüvvəyə minmiş yekun qərarı əsasında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq icra məmuru (probasiya üzrə) tərəfindən tətbiq olunur.

Digər bir dəyişikliyə görə isə elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması (elektron qolbağın müvəqqəti açılması və s.) halları genişləndirilib. Yəni şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə; barəsində həbs növündə qətimkan tədbiri seçildikdə; nəzarət subyektinə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə. Aydın məsələdir ki, bu, gözlənilən dəyişiklik idi. Çünki şəxsin barəsində həbs-qətimkan tədbiri seçilmişdirsə, müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirilmişdirsə, bu halda ona elektron nəzarət vasitəsinin tətbiqi ağlabatan deyildi. Çünki onsuz da həmin şəxslər üzərində nəzarət mövcuddur. Bu dəyişiklik məsul şəxslərin iş yükünün azalmasına, elektron nəzarət vasitələrinin istismar müddətinin artmasına, dövlət büdcəsinə qənaət edilməsinə vəsilə olacaq".