Bu gün:
Xezer.info » Bu gün » 1-ci siniflərə onlayn qəbulun bitməyən problemləri

1-ci siniflərə onlayn qəbulun bitməyən problemləri



Ekspertlər deyir ki, yeni məktəblər tikilməsə, problemin həlli görünmür
Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilib. Qeyd edək ki, şagird qəbulu artıq neçə ildir elektron formada həyata keçirilir.

Şagird qəbuluna yeni start verilsə də, problemlər, narazılıqlar səslənir. Abşeron, Xırdalan, Sumqayıt ərazilərində əksər məktəblərə şagird qeydiyyatında problem yaranıb.

Bu barədə sosial şəbəkələrdə valideynlər məlumat paylaşıb. Belə ki, sözügedən ərazilərdə məktəbin birinci sinfinə elektron qaydada şagird qeydiyyatdan keçirmək istəyən valideynlərdən məktəb seçimi zamanı prioritetlər tələb olunur. Valideynlərin yazdığına görə, Xırdalanda yerləşən 1, 2, 3 saylı məktəblərə şagird qeydiyyatı zamanı eyni problem yaranır. Bu məktəblərə birinci sinfə şagird qəbuluna yalnız şagirdin bacı və qardaşı həmin məktəbdə təhsil alarsa, yaxud da valideyni həmin məktəbdə çalışarsa mümkündür. Əks halda, bu prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu mümkün olmur.

Valideynlər isə sosial şəbəkədə etiraz edərək, bunu övladlarının istənilən ərazidə yerləşən ümumi təhsil məktəblərində təhsil almasının məhdudlaşdırılması kimi qiymətləndirirlər.

Qanunvericiliyə görə, Azərbaycan vətəndaşlarının ölkənin istənilən ərazisində yerləşən ümumtəhsil məktəblərində təhsil almaq hüququ var.

Bəzi ekspertlər isə bildirir ki, hər il birinci sinfə qəbulla bağlı yaranan problem Bakıda məktəblərin sayının az olması, məktəblərdə şagird sıxlığının olması ilə bağlıdır.

Adil Vəliyev

Təhsil eksperti Adil Vəliyev “Yeni Müsavat”a dedi ki, birinci siniflərin qeydiyyatında valideynlər problemlə üzləşib, ancaq bu problemin yaranmasında da əksər valideynlərin rolu var: “Çünki əvvəlki illərə nəzər salanda görürük ki, bəzən valideynlər uşaqlarını fərqli rayonda, fərqli kəndin məktəbində qeydiyyatdan keçirirlər, amma həmin uşaq məktəbə getmir. Əvəzində onu hansısa kursa, müəllim yanına hazırlığa göndərirlər. Bu proses demək olar ki, birinci sinifdən etibarən başlayır, digər siniflərdə də davam etdirilir. Qaydalarda var ki, əgər uşağın bacısı və ya qardaşı həmin məktəbdə təhsil alırsa, ya da valideyn o məktəbdə işləyirsə, o zaman övladı həmin məktəbdə təhsil ala bilər. Biz çox vaxt xaricdə təhsilə üz tuturuq, xaricdə təhsildən nümunələr gətiririk. Diqqət edəndə baxırıq ki, xaricdə heç də belə bir problem yoxdur. Xaricdə uşaq doğulan gündən valideyn onu istədiyi uşaq bağçasına yazdırır. Xaricdə valideyn öz övladını istədiyi məktəbə yazdıra, göndərə bilər. Belə bir məhdudiyyət yoxdur ki, uşağın yaxını, ya da valideyni həmin məktəbdə təhsil alsın, ya da işləsin. Bu o dərəcədə böyüdüləcək problem deyil. Əslində Elm və Təhsil Nazirliyi istəyir ki, övladını təhsildən yayındıran valideynlərin qarşısını alsın. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda övladını maddi texniki bazası yaxşı olan məktəbdə oxutmaq istəyən valideynlər var. Biz o kütləni əlimizdə saxlamalıyıq, o kütlənin təhsildən yayınmasının qarşısını almaq üçün də şərait yaratmalıyıq. Qadağalarla biz valideynlərə onların övladının məktəbə göndərilməsinə kömək etmiş olmuruq. Əksinə, biz onları təhsildən uzaqlaşdırırıq, yayındırırıq. Onu qeyd etmək istəyirəm ki, Azərbaycanda istənilən şəxs, istənilən vaxt övladını istənilən məktəbə təhsil almaq üçün göndərə bilər. Artıq yolun uzaqlığı, digər problemlər valideynin seçimindən asılıdır”.


Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, şagird qəbulunda prioritet qoyulan məktəblərdə də üstünlüklərlə qəbul başa çatdıqdan sonra digərlərinə qəbula şərait yaratmaq lazımdır: “Prioritetin tələbi ilə şagird müraciəti başa çatdıqdan sonra məktəbə yaxın yaşayan digər şəxslərin də müraciətinə baxılmalıdır”.

K.Əsədov onu da bildirib ki, şagird qəbuluna prioritet üstünlüklər daha çox sayda müraciətlər olan məktəblərə qoyulur. Bu, hüquqpozma kimi qiymətləndirilsə də, məcburiyyətdən yaranır. Bəzən prioritetlər tətbiq edilən məktəblərdə şagird qəbulunda sui-istifadə hallarına yol verilir, məktəbdə yer olmaması bəhanə gətirilərək rüşvət alınması hallarına da rast gəlinir. Bütün bu problemlərin olmaması üçün məktəblərin yeni korpusları inşa olunmalıdır. Hazırda çıxış yollarından biri iki və üçmərtəbəli məktəbləri söküb yerində dördmərtəbəli məktəblər inşa etməkdir. Eyni zamanda boş yerlərdə yeni məktəblər də tikilməlidir".

Qeyd edək ki, bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə keçirdiyi brifinqdə Xırdalan məktəblərində birinci sinfə qəbulla bağlı yaranan problemdən danışıb: “Xırdalan məktəblərində sıxlıq normaldır. Bir məktəb isə təmirə bağlanıb. Ona görə də həmin məktəblərə I sinfə qəbulda problem yaranır. Bir sinifdə 30 şagirdlik yer varsa, əlavə stul qoyub 40 nəfərlik şagird yeri etsək, durum ağırlaşar. Vaxtında planlaşdırma düzgün aparılmayıb. Məktəb azdır, şagird isə çoxdur. Düşünürəm ki, yeni məktəblərin açılmasını sürətləndirə biləcəyik”.

Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də bizimlə söhbətdə bildirib ki, son 26 ildə təkcə paytaxt Bakıda 2000-dən artıq yeni çoxmənzilli yaşayış binası tikilib və yüz minlərlə fərdi həyət evləri tikilib, amma orta məktəb sayı tam yetərsizdir: “Normalda bir sinifdə 15-20 şagird oxumalıdırsa, hazırda əksər siniflərdə 35-40 şagird təhsil alır. Və nəticə də göz önündədir. Əziyyətini həm biz valideyinlər cəkirik, həm də övladlarımız. Uşaqlar hər gün dərsdən çıxır, yenidən müəllim yanına hazırlığa gedir”.

Qeyd edək ki, sentyabrın 14-də birinci sinfə qəbulla bağlı elektron qeydiyyat başa çatacaq.