Ermənistanın təxribatçı çağırışı iflas oldu: ATƏT PA-nın nümayəndə heyəti Zəngilanda
23-may-2023Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən konfransın iştirakçıları mayın 23-də Azərbaycanın Zəngilan rayonuna səfər ediblər.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Səfərdə ATƏT PA-nın sədri Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella, Litva Seyminin vitse-spikeri Yonas Yarutis, ATƏT PA-ya üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Qonaqları Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə baş komitəsinin sədri Azay Quliyev, deputat İqbal Məmmədov və Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli müşayiət ediblər.
Səfər çərçivəsində qonaqlar təyyarə ilə Zəngilan beynəlxalq hava limanına gəliblər. Onlara burada Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə tikilmiş Zəngilan Beynəlxalq Hava Limanının texniki imkanları barədə məlumat verilib.
Sonra qonaqlar Zəngilan rayonunun Cahangirbəyli kəndinə gəliblər. Burada onlara Şərqi Zəngəzur rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan və digər ərazilərimizin Ermənistanın işğalı altında olduğu dövrdə necə viran edilməsindən, bütün əhalinin öz doğma yurdlarından didərgin düşərək məcburi köçkün olmalarından söz açıb. Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilər, o cümlədən Zəngilan rayonu Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur. Xüsusi nümayəndə həyata keçirilən quruculuq işləri və perspektivdə nəzərdə tutulan planlar barədə də danışıb, Cahangirbəyli kəndinin bərpa işləri, kəndin inkişaf planı barədə məlumat verib.
Sonra qonaqlara ANAMA-nın sədr müavini Samir Poladov ərazidə basdırılan minalar və onların axtarışı barədə məlumat verib. Qonaqlara burada mina partlayışı nümayiş etdirilib.
Sonra qonaqlar Zəngilan şəhərində Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, yerlə-yeksan edilmiş binaların qalıqlarına baxıblar.
Qonaqların diqqətinə çatdırılıb ki, işğal illərində Ermənistan meşələrimizi və təbiət qoruqlarımızı məhv edib, təbii sərvətlərimizdən qanunsuz istifadə edib, Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çaylar da daxil olmaqla, torpağı və çayları çirkləndirib.
Yol boyu qonaqlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının dağıdıcı nəticələrini öz gözləri ilə görüblər. Qonaqlara işğal dövründə Azərbaycanın şəhər və qəsəbələrinin, mədəni, dini abidələrinin, kitabxanaların işğalçı qüvvələr tərəfindən dağıdıldığı, xaraba qaldığı barədə məlumat verilib.
Sonra qonaqlar Zəngilanın Ağalı kəndinə yola düşüblər.
Qonaqlara bildirilib ki, Ağalı kəndi “Ağıllı kənd” layihəsi çərçivəsində tamamilə yenidən bərpa olunan və işğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin yenidən məskunlaşdığı yaşayış məntəqəsidir. Onlara “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat verilib.
Milli Məclisin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə Bakıda keçirilən konfransın iştirakçıları Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi, ASAN xidmət mərkəzi və digər yeni tikililərlə tanış olublar. Qonaqlar burada kənd sakinləri ilə söhbət ediblər və onlarla xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Ermənistan ATƏT PA nümayəndə heyətinə, ümumilikdə 27 ölkənin iştirakçılarına məktub göndərərək onları Zəngilana getməməyə çağırmışdı. Bu barədə dünən Bakıda keçirilən iclasda spiker Sahibə Qafarova çıxışında bildirmişdi.