PKK liderlərindən Kılıçdaroğluya dəstək: Ərdoğanı devirməliyik
22-may-202314 may seçkilərində məğlub olan "7-li Masa"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğluna PKK-nın Avropadakı nümayəndələrindən dəstək mesajları gəlməkdə davam edir.
Publika.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, sözügedən terror təşkilatının liderləri Fatoş Göksunqur və Yüksel Qoç açıq şəkildə Kamal Kılıçdaroğluna ikinci turda səs verməyə çağıraraq “Ərdoğan getməlidir, ikinci turda hamı səfərbər olunmalı və Ərdoğanı devirməliyik" ifadəsini səsləndiriblər.
Onlar 14 may seçkilərində böyük uğur qazandıqlarını iddia edərək, əhalini ikinci tura səsləyiblər.
Göksunqur, "Hamınızı diktatoru devirmək üçün səsinizi verməyə, 28 Maydan sonra birlikdə zəfər rəqsini rəqs etməyə və faşizmi məhv edəcəyimizi bəyan etməyə dəvət edirəm" söyləyib.
Yüksel Koç isə "Ərdoğanın 1-ci turda qalib gəlməsinə biz mane olduq. Ərdoğan getməlidir, 2-ci turda hamı səfərbər olmalıdır" kimi sözlərdən istifadə edib.
PKK-nın Suriya qolu PYD-nin həmsədri, terrorçuların lideri Səlim Müslüm də mayın 28-də keçiriləcək ikinci prezident seçkiləri ilə bağlı çirkin planlarını deşifrə edən açıqlamalar verib. PKK-nın seçkilərlə bağlı fikirlərini bir daha dilə gətirən Müslüm, Ərdoğanı devirməkdən başqa fikirlərinin olmadığını və bunu qisas kimi gördüklərini etiraf edib.