Bu gün:
Xezer.info » Bu gün » Xızıda hər il yollar təmir edilir? – Naməlum şirkətlə tender əməliyyatı

Xızıda hər il yollar təmir edilir? – Naməlum şirkətlə tender əməliyyatı



Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi avtomobil yollarının əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi “Avtoyoltikintiservis” MMC seçilib. Qurum yolların təmirinə 379.794,8 AZN xərcləyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Avtoyoltikntiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. MMC-nin əlaqə telefonları və internet səhifəsinə də rast gəlinmir.

“Facebook” sosial şəbəkəsində “Avtoyoltikntiservis” MMC-nin səhifəsi olsa da, aktiv deyil. Digər tərəfdən səhifədə şirkət haqqında dolğun məlumat yerləşdirilməyib.

“Avtoyoltikntiservis” MMC populyar şirkət olmasa da, tenderlərdə fəal iştirak edir. Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkətin əsas sifarişçiləri icra hakimiyyətləri və onlara tabeli qurumlardır.



“Avtoyoltikintiservis” MMC təkcə 2022-ci ildə 15 satınalma müqaviləsi imzalayıb. Bir müqavilələrdən 14-ü Xızı, Siyəzən, Sumqayıt, Şabran, Qax, Şəki, Sabirabad, Ağsu və Beyləqan icra hakimiyyətləri və onlara tabeli qurumlarla bağlanıb.

Bir müqavilə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə imzalanıb.

Mənzil və yol çəkilişlərinin nəzərdə tutulduğu bu müqavilələrin toplam maliyyə dəyəri 1 809 872, 76 AZN təşkil edir.

Yeri gəlmişkən, Xızı Rayon İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ötən il də “Avtoyoltikintiservis” MMC ilə Xızı şəhərində yolların əsaslı təmiri ilə bağlı maliyyə dəyəri 397.980,96 AZN təşkil edən müqavilə imzalayıb.

Xızı rayonunun icra başçısı Xəzər Aslanovdur. O 2012-ci ildə bu vəzifədədir.