Bu gün:
Xezer.info » Siyasət » TÜRKİYƏ PARLAMENTİNİN İDMANÇI, MUSİQİÇİ, JURNALİST MİLLƏT VƏKİLƏRİ… MÜĞƏNNİ DAVUD GÜLOĞLU İSƏ…

TÜRKİYƏ PARLAMENTİNİN İDMANÇI, MUSİQİÇİ, JURNALİST MİLLƏT VƏKİLƏRİ… MÜĞƏNNİ DAVUD GÜLOĞLU İSƏ…



Türkiyədə prezident seçkilərinin II tura qaldığı rəsmən açıqlandı. Paralel olaraq keçirilən millət vəkili seçkiləri isə təsdiqlənmiş hesab edilir. Artıq parlamentə daxil olacaq deputatlar müəyyənləşib. Məclisin bu dəfəki üzvləri arasında siyasətçilərlə bərabər idmançılar, musiqiçilər, jurnalistlər və nazirlər olmuş millət vəkilləri də var.

Tribunainfo.az xəbər verir ki, siyasi partiyalar öz siyahılarına diqqətçəkən adları daxil ediblər. MHP-nin qurucusu Alparslan Türkeşin övladları AK Partiyadan Yıldırım Tuğrul Türkeş, İYİ Partiyadan isə Ayyüce Türkeş millət vəkili kimi məclisə daxil ola biliblər. Yıldırım Tuğrul Türkeş Ankara, Ayyüce Türkeş isə Adana millət vəkili olaraq xidmət göstərəcək.

Parlament siyahılarında idman aləmindən də adlar var idi. Keçmiş futbolçu və məşqçi Ünal Karaman İYİ Partiya Konya millət vəkili olmağı bacarıb. İYİ Partiyadan da Hatay millət vəkili namizədi olan sabiq milli futbolçu Gökhan Zan isə seçilməyib.
AK Partiya İstanbul Millət vəkili Namizədi olan Milli Üzgüçü Umut Arman Sonay da namizəd olsa da, parlamentə girə bilməyib.

Sənət aləmindən də bir çox adlar Məclisə daxil olub. Musiqiçi Yücel Arzen AK Partiya İstanbul Millət vəkili seçilib.

Rifah Partiyasının İstanbul millət vəkili namizədi, sənətçi Davud Güloğlu isə parlamentə daxil ola bilməyib. MHP Muğla millət vəkili namizədi aktrisa Özlem Balcı da seçilməyib.

CHP Ankara 1-ci bölgəsindən namizədliyi böyük müzakirələrə səbəb olan sabiq ədliyyə naziri Sadullah Ergin isə millət vəkili seçilib.

AK Partiya İzmir millət vəkili namizədi jurnalist Şebnem Bursalı və İstanbul millət vəkili namizədi jurnalist Hülki Cevizoğlu da TBMM-ə daxil olmağı bacarıblar.