Bu gün:
Xezer.info » Dünya » SON DƏQİQƏ! Türkiyə öz liderini seçir - 2023-cü ilin ƏN ÖNƏMLİ hadisəsi

SON DƏQİQƏ! Türkiyə öz liderini seçir - 2023-cü ilin ƏN ÖNƏMLİ hadisəsi



Bu gün, mayın 14-ü Türkiyədə prezident və deputat seçkiləri keçirilir. Səsvermə bütün ölkə üzrə yerli vaxtla saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Xezer.info xəbər verir ki, Türkiyə xalqı 5 il müddətinə fəaliyyət göstərəcək 13-cü prezidenti və 28-ci dönəm parlamentini seçmək üçün səs verir.

Prezidentlik uğrunda 3 namizəd - hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan mübarizə aparır.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlamentə daxil olmaq üçün isə 24 siyasi partiya və 151 müstəqil deputat namizədi yarışır.

Ölkə daxilində və xaricdə seçicilərin ümumi sayı 64 milyon 113 min 941-dir. Onlardan 60 milyon 697 min 843 nəfəri yerli seçicilərdir. Yerli seçicilərin 30 milyon 710 min 790-ı (50,6 faiz) qadın, 29 milyon 897 min 53-ü (49,4 faiz) kişidir. Ölkə üzrə ortopedik və görmə qüsurlu seçicilərin sayı 989 min 543, 75 və yuxarı yaşda olan seçicilərin sayı 3 milyon 180 min 802, həbsxanada olan seçicilərin sayı 53 min 172 nəfərdir. 4 milyon 904 min 672 nəfər 18 yaşdan yuxarı seçici bu gün ilk dəfə səs verəcək.

Səsvermə bitdikdən sonra Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayacaq.

Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkiləri analitiklər tərəfindən "2023-cü ilin ən önəmli hadisəsi" kimi şərh edilir.