AYNA regionlarda sahibkarlar üçün bir sıra xidmətləri yeni ünvanda göstərir
12-may-2023Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) regionlarda sahibkarlıq subyektlərinə bir sıra xidmətləri yeni ünvanda göstərməyə başlayıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, artıq İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) Xaçmaz və Yevlax KOB evlərində iriqabaritli yüklərin daşınması üçün icazələr, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsinə başlanılıb.
Həmçinin Yevlax və Xaçmaz şəhərlərində daşıyıcılar “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartları”nı təqdim edərək “İcazə” blanklarını KOB evlərində AYNA-nın əməkdaşlarından təhvil ala bilərlər. Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı” da KOB evlərində təqdim olunur.
Bu ilin yanvar ayından etibarən AYNA-nın göstərdiyi bir sıra xidmətlər ilk olaraq “Bakı KOB evi”ndə təşkil edilir.