Bu gün:
Xezer.info » Siyasət » TURAL ABBASLIDAN SAHİL BABAYEVƏ: QAZİLƏRİ İNTİHARA ÇATDIRMAQ NƏ DEMƏKDİR?

TURAL ABBASLIDAN SAHİL BABAYEVƏ: QAZİLƏRİ İNTİHARA ÇATDIRMAQ NƏ DEMƏKDİR?



Məlum olduğu kimi, əlillik dərəcəsi ala bilməyən Vətən müharibəsi qazisi Elçin Hüseynov buna görə intihar edib. Sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ittiham olunur.
Tribunainfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, qazilər və şəhid ailələri ilə bağlı problemlər həssas məsələlərdir. Onun fikrincə, bu səbəbdən dövlət diqqətlə yanaşmalıdır. T.Abbaslı bildirib ki, qazilər, şəhid ailələri ilə bağlı olan bütün müraciət, iş və problemlərə adi, gündəlik məsələ kimi deyil, əhəmiyyətli bir problem kimi baxılmalıdır.
“Müharibə bitəndən indiyə qədər hər kəsin dilindədir qazilər, şəhid ailələri, veteranlar… Ancaq dövlət sanki buna statistika kimi yanaşır. Bəli, şəhid ailələrinə ev verilir, ancaq ev hansı şərtlərlə verilir, neçə otaqlıdır, şəhərin harasındadır, şəhid ailələrinə uyğundur, uyğun deyil, heç kəs maraqlanmır.
Şəhidlərin adlarının əbədiləşdirilməsini istəyir hamı. Kimin ailəsi bir az çalışır, qabağa düşürsə, kimin ordeni varsa adı əbədiləşdirilir. Kimin ailəsi sakit, fağırdırsa üzünə baxan da olmur. Qazilərə bu pul verdi, o pul verdi, Yaşat Fondu pul ayırdı… Bu belə olmalı deyil. Xüsusi proqram qəbul olunmalıdır. Bu kəsim insanların həyatlarını rahatlaşdıracaq, gündəlik həyatlarında rahatlığı, normal dövlət qayğısını hiss edə biləcək proqram qəbul olunmalıdır, yanaşma dəyişməlidir”,_ deyə partiya lideri qeyd edib.
T.Abbaslı bildirib ki, nazir Sahil Babayevin mövcud problemləri görməməyi reallığı dəyişdirmir: “Ola bilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özlüyündə düşünür ki, biz əlimizdən gələni etmişik. Ancaq reallıq başqadır. Həqiqətən də problem var. Sahil Babayev bunu görsə də problem var, görməsə də problem var. Onun bu problemləri görməməyi heç nəyi dəyişmir. Problemin həlli üçün nazirlik cəhd etmir. Ümumi addımlardan başqa konkret addımların şahidi olmuruq. Fakt budur ki, qazilərin, şəhid ailələrinin haqqı tanınmır bir çox hallarda. Qazilərin statistikası var, əlillik dərəcələri məlumdur. Bunlara əsasən nazirlik özü iş aparmalı, daimi nəzarətdə saxlamalıdır. Qazilər nazirliyin qapısına düşməli deyil. Belə davam etməməlidir, belə davam edə bilməz. Qaziləri intihar həddinə çatdırmaq nə deməkdir? Qazilər, şəhid ailələri, veteranlar efirlərı çıxıb şikayət etmək məcburiyyətində qalmamalıdır. Hətta lazım gələrsə, bunun üçün əlavə fond da yaradılmalıdır”