Bu gün:
Xezer.info » Siyasət » Keçmiş MTN zabiti bəzi generalların həbsini anons etdi

Keçmiş MTN zabiti bəzi generalların həbsini anons etdi


Keçmiş MTN zabiti bəzi generalların həbsini anons etdi
İlham İsmayıl generalları həbsə aparan ilginc səbəbləri açıqladı
Türmədən kimsə sığortalanmayıb. Bu deyim illərdir ki, öz təsdiqini tapmaqdadır. Tutduğu vəzifəsindən, qohumluq əlaqələrindən, var-dövlətin aşıb-daşmasından asılı olmayaraq heç kim həbsdən sığortalanmayıb.

Amma bəzi kateqoriyadan olan vəzifə sahibləri var ki, türmə qapıları onların üzünə digər vəzifə daşıyıcılarından daha gen açılmış kimi görünür. Azərbaycan türmələrində sıradan olmayan dustaqlar zümrəsinə tez-tez general poqonu daşıyan vəzifə sahibləri daxil olur. Ötən əsrin son 10 illiyində Azərbaycan türmələrinə generallar İsgəndər Həmidovun, Rəhim Qazıyevin, Vahid Musayevin və digərilərinin yolu “salınıb”.

Bu gün Azərbaycan təcridxanasında 4 general var. Bunlar bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov; qurumun Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev; Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovdur. MTN-in daha bir generalı - Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mürvətova hazırda ev dustaqlığındadır.

Generalları həbsə aparan, onları bir günün içində yüksək postdan salıb əli zəncirlənmiş adama çevirən hansı amildir? Təhlükəsizlik orqanın istefada olan polkovnik-leytenantı İlham İsmayıl deyir ki, generalların həbsə aparan situasiya hər dəfə eyni olmur: “1993-cü ildə generallar İsgəndər Həmidovu, Vahid Musayevin və yüksək rütbəli digər zabitləri həbs etmişdilər. Bu insanlar güc strukturlarında işləmişdilər. İnsanlar güc strukturlarında olanda müəyyən səlahiyyət sahibləri olurlar. Hakimiyyət dəyişəndə isə həmin səlahiyyət sahiblərində suç axtarışları başlanır və əhəmiyyətsiz olan ən kiçik səhvlər şişirdilib həbs üçün əsas yaradılır. O dövrdəki həbslər hakimiyyət dəyişikliyindən sonra baş vermişdi. İndiki həbslər isə belə dəyişikliklərdən kənar baş verib. Bu gün Azərbaycanda general sarıdan bolluqdur. Balaca bir ölkə olmağımıza baxmayaraq xeyli general var və onlardan bəzilərinin çox ciddi səhvlərə, cinayətlərə yol verilməsi general bolluğunda təəccüblü olmamalıdır”.

İ.İsmayıla görə, son həbslər hakimiyyət daxilində baş vermiş hadisələrin kəskin fazasında gerçəkləşib: “Bütöv bir güc strukturunun səlahiyyətliləri, generalları ən müxtəlif cinayətlərdə günahlandırılıb həbs olundular. Bu gün həmin generallara cinayətkar deyə bilmirik. Ona görə ki, barələrində məhkəmə hökmü yoxdur. Əgər illər öncə generalları hakimiyyət dəyişikliyindən sonra həbs etmişdilərsə, sonuncu general həbsləri isə hakimiyyətdaxili gərginliyin nəticəsidir, hakimiyyətin içindən gələn prosesdir”.

İ.İsmayıl vurğuladı ki, yaxın perspektivdə Azərbaycan həbsxanalarda generalların sayı artacaq: “Yaxın 10 ildə general həbslərin şahidi olacağıq. Azərbaycan güc strukturlarında ciddi bir yoxlama, təhqiqat aparılsa, səlahiyyət sahibi olan generalların həbsi labüddür. İstisna etmirəm ki, yaxın 10 ildə həbsdəki generalların sayı artacaq”.

Ekspert güc strukturlarında yüksək vəzifə tutan generalların qoluzəncirli adama çevirilməsinin səbəbini belə izah elədi: “Generallar bir qayda olaraq səlahiyyət sahibidirlər. Ona görə də əməllərində cinayət tərkibi çox asanlıqla müəyyən olunur. Leytenant, kapitan, mayorun səlahiyyəti o qədər də böyük deyil və ona görə də tutulanda diqqəti cəlb etmir. Ölkə daxilində miqyası bu qədər böyük cinayətlərin törədilməsi, illərlə cəzadan kənar qala bilmələri kiçik rütbəlilərin səlahiyyət sərhədlərini aşan məsələ idi. Məhz belə əməlləri geniş səlahiyyət sahibi olan generallardan gözləmək olardı”. musavat.com