Bu gün:
Xezer.info » Eksklüziv » Xətaidə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

Xətaidə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi





Aprelin 28-də Xətai Rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı və Respublika Perinatal Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Respublika Perinatal Mərkəzində davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Zərifə xanım Əliyevanın həyat və elmi yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirildi.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Zərifə xanım Əliyeva ümumilikdə 200-ə qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifidir. Tanınmış alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib. Zərifə Əliyeva oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas nəcib keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə xatirələrdə əbədi yaşayan Zərifə xanım Əliyeva nümunəvi həyat yolu keçib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu günü Azərbaycan elminin böyük bayramı kimi dəyərləndirərək bildirdi ki, Zərifə xanım Əliyevanın rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanımın mənalı ömür yolunun xalqa, Vətənə xidmətlə zəngin olan silinməz izləri, həyat təcrübəsi tələbələrinin hərtərəfli inkişaf etmiş mütəxəssis kimi yetişməsində, Azərbaycan səhiyyəsinin inkişafına töhfələr verməsində öz sözünü deyir. Bütün mənalı həyatı boyu yorulmaq bilmədən çalışan, elmin sirlərinə dərindən yiyələnmək üçün səylərini artıran, daim yeniliyə maraq göstərən Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Milli Məclisin deputatı Müşviq Məmmədliqeyd etdi ki, 1949-cu ildən başlayaraq Zərifə xanım Əliyeva Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatlarının nəticələri Zərifə xanımın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi alimlik dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və xalqımız bu xəstəlikdən xilas olur. Zərifə xanım Əliyeva dəyərli elmi əsərlərin müəllifi olmaqla yanaşı, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni nəsil həkimlərin yetişməsində də böyük xidmətlər göstərmişdir.

Respublika Perinatal Mərkəzinin direktoru Mehriban Abasquliyeva çıxışında Zərifə xanımın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirdi. Qeyd etdi ki, mərhəmət, xeyirxahlıq və vətənpərvərlik kimi keyfiyyətləri fəaliyyətində ümumiləşdirən Zərifə xanım Əliyeva sağlığında əfsanəyə çevrilən şəxsiyyətlərdəndir. Onun elmi uğurları, həkimlik peşəsinin məsuliyyətinin böyüklüyünü özündə təsdiqləyən fəaliyyəti, kiçik dövlət kimi dəyərləndirilən ailə dəyərlərinə bağlılığı, bir sözlə, əsl vətəndaşlığı bugünkü və gələcək nəsillərə nümunədir.

Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Nəzakət Əsgərova, oftalmoloq Dilarə Əliyeva, 8 saylı poliklinikanın baş həkimi Nuriyyə Tağıyeva və başqaları çıxış edərək bildirdilər ki, XX əsrdə Azərbaycanın görkəmli alimlərindən biri olan Zərifə xanım, eyni zamanda, alicənab, nəzakətli və çox sadə bir insan idi. Zərifə xanım Əliyeva bütün müsbət keyfiyyətləri ilə insanlığın zirvəsində dayanır.