Bu gün:
Xezer.info » Bu gün » “Televiziyalarda dinlə bağlı proqramlar hazırlanmalıdır, əks halda...”

“Televiziyalarda dinlə bağlı proqramlar hazırlanmalıdır, əks halda...”




Ekspert: “Bu cür yanaşmalarla yalnız elmsiz insanları aldatmaq mümkündür”

Bir neçə gün öncə məlum oldu ki, İranın molla rejimi Azərbaycanda yeni təxribat həyata keçirmək üçün yeni təşkilat yaratmağa qərar verib. Təbii ki, molla rejiminin bütün şəbəkələrini ifşa edən Azərbaycan bu təşkilata da qarşı lazımi mübarizə aparacaq. Bir sıra ekspertlər qeyd edir ki, bu məsələ ilə bağlı ciddi mübarizə yollarından biri televiziyalarda dini proqramların təşkili, əhalini dinin əsl mahiyyəti ilə bağlı maarifləndirməkdir.

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a deyib ki, İran din pərdəsi altında Azərbaycanda təxribatlar yaratmağa çalışır: “Hesab edirəm ki, televiziyalarda bayağı verilişlər yerinə, din haqqında verilişlər vermək, insanları maarifləndirmək, təbliğat işi aparmaq, camaatla danışmaq lazımdır. Əksər insanların sadəliyindən və cahilliyindən istifadə olunur. Axı insanların hamısı satqın deyil”.

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu gün də ölkəmizin dini mühitinə kənar təsirlər özünü açıq şəkildə göstərməkdədir: “Həm İrandan, həm də ayrı-ayrı ölkələrdən davamlı olaraq, Azərbaycandakı proseslərə, dövlət-din münasibətlərinə, dini vəziyyətə ciddi təsirləri görürük. Və burada ən fəal təbliğat aparan, təşkilatlanmanı həyata keçirən dövlətlərdən biri İrandır. Hesab edirəm ki, çox ciddi maarifləndirmə tədbirlərinə ehtiyac var. İnsanlarımız din haqqında yetəri qədər məlumatlı, bilikli deyil və bu, bir sıra hallarda həmin insanların zərərli təsirlərə, ideologiyalara məruz qalmasına aparıb çıxarır. Bu baxımdan, dinlə bağlı həm televiziyalarımızda davamlı proqramlar təqdim etməli, həm də sosial şəbəkələrdə fəal olmalıyıq. Hər kəs bilməlidir ki, əgər bu məlumatları verməsək, televiziyalarda təqdim etməsək, məlumatları başqaları öz mənafeylərinə uyğun şəkildə təqdim edəcək və dini mühitimizə, ölkədəki proseslərə təsir etməyə çalışacaq. Ona görə də qeyd olunan hadisələrin qarşısını almaq üçün təkcə inzibati yol yetərli olmur. İnzibati yol o zaman tətbiq olunur ki, həqiqətən qanun pozuntusu, terror və qarşıdurma cəhdləri var. Amma hazırkı halda bizim etməli olduğumuz geniş maarifləndirmə proqramları təşkil etmək, təbliğat işləri aparmaqdır”.

Deputat qeyd edib ki, maarifləndirmə, təbliğat işləri zamanında aparılmasa, ciddi işlər görülməsə, ildən-ilə Azərbaycanda vəziyyət daha da gərginləşəcək və daha da ağırlaşacaq: “Ona görə də biz daha çox işlər görməli, addımlar atmalıyıq ki, həmin proseslərin qarşısını ala bilək. Bu çox önəmli və vacibdir. Yəni televiziyalarımızda din haqqında bilgilərin, məlumatların verilməsindən çəkinməməliyik. Hesab edirəm ki, bu gün Azərbaycanın müstəqilliyi, suverenliyini üçün ən ciddi təhdid yaradan məsələlərdən biri din məsələsidir. Beləliklə, din məsələsinə çox həssas yanaşmalıyıq, ona "barmaqarası" baxmaq olmaz".

Qulu Məhərrəmli

Teletənqidçi, professor Qulu Məhərrəmli isə qeyd etdi ki, 100 il bundan əvvəl Azərbaycan Cümhuriyyəti yaranan zaman İran hansı mövqe tuturdusa, yenə də həmin mövqedədir: “Bu cür yanaşmalarla yalnız elmsiz, savadsız ictimai proseslərdən o qədər də başı çıxmayan insanlar aldatmaq mümkündür. Ona görə də bu gün müsəlmançılıq, müsəlmanlıq adı altında vahid cəmiyyət, maraq, mənafe, ümmət haqqında danışmaq İranın çaldığı köhnə bayatılardandır. Biz 44 günlük vətən müharibəsi dövründə aydın şəkildə gördük, İran bu vahid ümməti, yoxsa həmin ümmətə qarşı uzun illərdir terror törədən Ermənistanı dəstəkləyir. Ona görə də düşünürəm ki, İranın apardığı siyasətin həqiqi mahiyyəti haqqında Azərbaycan ictimaiyyətinin son vaxtlar dolğun bilgilər alması və bu prosesi daha sistemi şəkildə aparmaq üçün televiziyalarda davamlı verilişlər, söhbətlər, daimi masalar, görüşlər təşkil etmək çox vacibdir. Yəni İran mollalarını, İran rejimini, Azərbaycana diş qıcıyan məlum ruhani dəstəsini yerində oturtmaq çox vacibdir. Onlar anlamalıdırlar ki, artıq ötən əsrin 90-cı illərin əvvəlləri deyil ki, Azərbaycana yardım adı ilə insanların mənəviyyatını işğal etsinlər, Azərbaycan mədəniyyətinin, musiqisinin içərisinə soxulsunlar və burada özləri üçün uyğun əlverişli şərait yaratsınlar, yeri gəldikdə onu Azərbaycan, onun hakimiyyəti əleyhinə istifadə etsinlər. Ona görə də buna qarşı reaksiya verilməsi çox vacibdir və günün də tələbidir”.