Bu gün:
Xezer.info » Sosial » Bu gün keçirilən imtahanda şagirdlər hansı fənn suallarında çətinlik çəkib?

Bu gün keçirilən imtahanda şagirdlər hansı fənn suallarında çətinlik çəkib?



Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanlarda 48 mindən çox şagird iştirak etdiyi bildirilir. Ekspertlərin bu imtahanla bağlı müşahidələri və gözləntiləri hansılardır?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Bu gün Bakı şəhərinin Binəqədi və Yasamal rayonu ərazisində 9-cu siniflər üçün keçirilən buraxılış imtahanını müşahidə etdik, imtahandan çıxan şagirdlər və onların valideynləri ilə söhbətlər apardıq. Qeyd edim ki, imtahanın təşkili, təhlükəsizliyi kifayət qədər yaxşı təşkil olunmuşdu. İmtahanlarla bağlı gəldikdə isə, şagirdlərlə apardığımız söhbətlərdən məlum oldu ki, onlar daha çox riyaziyyat və ingilis dili fənnindən çətinlik çəkiblər. Onlar bildirdilər ki, bu fənlərə kifayət qədər vaxt ayıra bilməyiblər.

Ümumilikdə sualların ağırlıq səviyyəsi ilə bağlı şagirdlərin dedikləri əsasında ilkin rəylər olaraq deyə bilərik ki, Azərbaycan dili fənnindən qrammatik suallar o qədər də çətin olmayıb. Lakin ingilis dili fənnin ilə bağlı şagirdlərimiz yenə də ənənəvi problemləri çətinlik olaraq qəbul ediblər. Riyaziyyat fənni ilə bağlı suallara gəldikdə məlum olur ki, şagirdlər əsasən 9-cu sinfin mövzularında çətinlik çəkiblər.

Qeyd edim ki, test tapşırıqlarının hər biri imtahana qədərki mövzulardan ibarət idi, heç biri proqramdan kənar olmayıb. Bütün suallar kollokvium standartlarına uyğun idi. Sadəcə orta məktəblərdə şagirdlərin böyük əksəriyyəti test modelləri üzərində işləmədikləri üçün müəyyən qədər çətinliklə üzləşiblər.

Ümumilikdə isə bu gün keçirilən imtahanı məqbul hesab etmək olar. Lakin məktəblər bu imtahan nəticələrini təhlil etməli, özlərinin zəif və güclü tərəflərini müəyyənləşdirməlidirlər ki, şagirdlər 11-ci sinifdə daha yaxşı nəticə əldə edə bilsinlər. Çox təəssüf ki, bizim ən ciddi problemimiz odur ki, məktəblər 9-cu sinfin imtahan nəticələrini təhlil etmirlər".