Qənirə Paşayeva şəhid gizir Qəzənfər Mütəllimovun xanımı ilə görüşüb
16-apr-2023Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsi şəhidi, “Azərbaycan bayrağı” ordenli gizir Qəzənfər Mütəllimovun xanımı Zöhrə Mütəllimova ilə görüşüb.
Bu barədə Musavat.com-a Mədəniyyət Komitəsindən məlumat verilib. Məlumatda bildirili ki, Milli Məclisdə növbəti vətəndaş qəbulu günündə baş tutan görüşdə qəhrəman gizirin xanımının ürək sözləri dinlənilib, ailəsinin qayğıları öyrənilib.
Komitə sədri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət və qayğısından söz açaraq, bu həssaslığın bütövlükdə cəmiyyətimiz, o cümlədən Millət vəkilləri üçün örnək təşkil etdiyini deyib.
Q.Paşayeva şəhid ailələri ilə hər bir görüşün onun üçün çox əziz görüş olduğunu, “Azərbaycan Bayrağı” ordenli şəhid gizirin xanımı ilə müqəddəs Ramazan ayında, Ramazan bayramı ərəfəsində görüşün ikiqat anlam daşıdığını vurğulayıb: “Son üç ildə Ramazan bayramını, digər bayramlarımızı əsl bayram kimi keçirə bilirik. Bu gözəlliyi bizə qəhrəman şəhidlərimiz bəxş edib. Biz böyük fəxarət, qürur hissi ilə bir daha vurğulayırıq ki, əziz Şuşanın işğaldan azad edilməsi, 44 günlük müharibədəki tarixi Zəfərimiz bütün dövnəmlərdəki şəhidlərimizin ruhunu şad edib!
İşğalçı düşmən üzərində tarixi Zəfərdən sonra, düşmənin bir sıra hərbi təxribatlarının qarşısı da qətiyyətlə alınıb.
Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri, erməni vandalizminin Azərbaycanın quruculuq, abadlıq mədəniyyəti ilə əvəzlənməsi xalqımızın, bütün Azərbaycan dostlarının qüruru, sevincidir. Şəhid gizirimiz məhz haqq işi uğrunda, ədalət uğrunda əlinə silah alıb, şəhadət şərbəti içib. Şəhidimizin əziz ruhu qarşısında dərin sayğılarla baş əyirik”!
Onu da vurğulayaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Qəzənfər Ədalət oğlu Mütəllimov (27.01.1992, Sumqayıt – 05.10.2020, Cəbrayıl) 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Sərəncamı əsasında gizir Qəzənfər Mütəllimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Şəhid gizirimiz xidmət illərində “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” (26.06.2013), “Azərbaycan Ordusunun 100 illiyi” (26.06.2018) yubiley medalları, şəhid olduqdan sonra “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.12.2020), “İgidliyə görə” (24.06.2021) medalları ilə təltif olunub.
RUHU ŞAD OLSUN!