Deputat Bakının tıxac bəlasının əlacını göstərdi: bütün istiqamətlərə metro çəkilişi
13-apr-2023Yasin Mustafayev: “Masazır, Xırdalan, Sumqayıt istiqamətində metro stansiyaların sayını artırmaq çox da çətin proses deyil”
Bakının tıxac problemi getdikcə dərinləşir. Nəzərə çatdıraq ki, dünyada meqapolislərdə avtomobil sıxlığı zaman-zaman müşahidə olunub. Ancaq əksər dövlətlər bunu aradan qaldırmaq üçün müxtəlif tədbirlər görüblər və uğurlu alınıb.
Məsələn, İstanbulda tıxac probleminin aradan qaldırılmasında metrobus xətlərinin çəkilməsi, habelə ikimərtəbəli yolların, alternativ yolların çoxaldılması əhəmiyyətli dərəcədə rol oynayıb. Moskvada isə bunu daha çox metronun inkişafı ilə yoluna qoymağa çalışırlar. Avropa şəhərlərində sürət limitinin düzgün tənzimlənməsi, maşın axınının adekvat tənzimlənməsi ilə tıxacları azaldırlar.
Bakıda isə illər keçdikcə problem həll olunmaq əvəzinə daha da dərinləşir. Paytaxtın demək olar ki, bütün yollarında, hətta son zamanlar ətraf qəsəbələrə gedən yollarda da günün istənilən saatında tıxac hökm sürür. Bakıda nəqliyyatın hərəkətinin iflic olmasının səbəbləri haqda ekspertlər bildirir ki, əsas amil ictimai nəqliyyatın düzgün nizamlanmaması, metro stansiyalarının az olması ilə əlaqədardır. Hər gün dəhşətli vəziyyətin müşahidə olunduğu Bakı-Xırdalan yoluna alternativ şosenin olmamasıdır.
Burada infrastruktur da elədir ki, alternativ yol çəkilişi hətta mümkünsüz görünür. Problemlə bağlı Milli Məclisdə danışan deputat Qüdrət Həsənquliyev deyib ki, Bakı şəhərində çox ciddi sıxlıq var: “Hesab edirəm ki, xüsusi dövlət proqramı qəbul olunmalıdır. Ən azı 5 il ərzində Bakıda metro stansiyalarının sayını 100-ə çatdırmaq lazımdır. Bunun üçün həm Dövlət Neft Fondundan vəsait ayırmaq, həm də xarici şirkətləri və investorları bu işə cəlb etmək olar”.
Müşahidələr, təhlillər onu deməyə əsas verir ki, tıxacların yaşandığı ərazilərdə metro stansiyaları çəkməklə problemi maksimum həll etmək mümkündür. Düzdür, metro çəkilişi də asan deyil və böyük məsrəf istəyir. Ancaq mümkünsüz də deyil. Yerin üstü ilə də metro xəttini Xırdalana, Masazıra qədər 2-3 il ərzində aparmaq mümkündür. Son illərdə Bakıda sökülən köhnə məhəllələrin sakinləri əsasən Xırdalana və Masazıra üz tutub. Xırdalan və Masazırda təxminən 1 milyon yarıma qədər əhali məskunlaşıb. Son 5-6 ildə Xırdalan və Masazırda yüzlərlə çoxmərtəbəli bina tikilib. Bu iki qəsəbədən gələn maşınlar isə "20 Yanvar"a cəmi 1 dar yolla gəlir və burada da fəlakət yaşanır.
Nəzərə çatdıraq ki, bir neçə ay öncə Xocasən qəsəbəsinə metro çəkilib. Buradan Xırdalana təxminən 4, Masazıra isə 6 km-lik məsafə var. Bu iki qəsəbəyə metro çəkmək mümkündür. Gələcəkdə isə Saraya, Sumqayıta qədər bu xətti uzatmasaq, nəqliyyat problemini həll etmək mümkün olmayacaq. Bunu etmək mümkünsüzdürmü, yoxsa istək yoxdur?
Yasin Mustafayev
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Bakı şəhərində nəqliyyatın sıxlığının aradan qaldırılması üçün kompleks tədbirlər təklif edilib: “Qüdrət müəllimin təklif etdiyini də biz bunun tərkib hissəsi olaraq bildirmişik. Yəni təkcə metro deyil, ictimai nəqliyyatı inkişaf etdirmək, o cümlədən metro stansiyalarının sayını çoxaltmaq faydalı ola bilər. Bakıətrafı ərazilərdən əhalinin şəhərə avtomobillərlə gəlməsi təbii ki, tıxacın daha da artmasına səbəb olur. Amma ictimai nəqliyyatın geniş şəkildə, həm də növlərinin artırılması bu sahədə inkişafın olmasına ümid verir. Həmçinin bu ərazilərə əhalinin daha çox köçməsi, məskunlaşması, eyni zamanda nəqliyyat vasitələrinin artması fonunda vəziyyət daha da çıxılmaz hala çatıb. Eyni zamanda velosipedlərin, skuterlərin və digər nəqliyyat vasitələrinin inkişafı üçün infrastrukturun yaradılması da bu kompleks tədbirlərin tərkib hissəsidir. Bununla yanaşı, bunu insanlara təşviq etmək lazımdır. Misal üçün, insanın avtomobili varsa, hər yerə avtomobillə gedəcəyini düşünür. Biz metro stansiyasının sayını artırmaqla digər alternativ nəqliyyat vasitələrinə şərait yaratmaqla bərabər, insanlar arasında təbliğat işini də aparmalıyıq. İnsanlar, nəhayət, başa düşməlidirlər ki, onun avtomobili ola-ola digər nəqliyyat vasitəsindən də istifadə edə bilər. Normal vaxtda Masazırdan, Sumqayıtdan, Bakının digər kəndlərindən şəhərə üz tutduğu zaman ictimai nəqliyyatdan rahat şəkildə istifadə edə bilər. Burada heç bir qəbahət yoxdur. Həm vaxt itirməyəcək, həm də maddi cəhətdən sərfəli olacaq”.
Ekspert əlavə edib ki, Masazır, Xırdalan, Sumqayıt istiqamətində metro stansiyalarının sayını artırmaq çox da çətin proses deyil: “Düzdür, metro çəkilişi bahalı işdir. Amma yerüstü xətlərin də çəkilməsi dünya təcrübəsində var. Metro dediyimiz, sadəcə, yer altında olmur. Yerüstü hərəkətin təşkili metro ilə də mümkündür. Dolayısı ilə Qüdrət müəllimin təklifi alqışalayiqdir. Bunun üçün təcili şəkildə "Bakı Metropoliteni"nin tək Bakıda deyil, ətraf ərazilərdə də inkişaf planını hazırlamaq lazımdır. Ola bilər ki, bunlar heç bir-birinə bağlı olmasın. İnsanların bir stansiyaya mindiyi zaman davam edib digər stansiyalara gedə bilər. Ola bilər ki, onlar bir-biri ilə əlaqəsiz stansiyalar olsun. Amma yenə də bu sahədə təcili şəkildə tədbirlər planı hazırlamaq lazımdır".
Eldəniz Cəfərov
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da bildirib ki, bununla bağlı dəfələrlə məsələ qaldırılıb: “Yaxşı olardı ki, "Xocasən" stansiyasından sonra Masazır, Xırdalan və Sumqayıta qədər metro xətləri uzadılsın. Eyni zamanda “Koroğlu” stansiyasından Bakı kəndləri istiqamətində metro stansiyaların sayı artırılmalıdır. Bununla bağlı “Bakı Metropoliteni” QSC və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yaymışdı ki, 2030-cu ilə qədər Bakıda metro stansiyalarının sayı artacaq və xətlər şaxələndiriləcək. Bu işləri görməzdən əvvəl Bakı sakinlərinin fikirləri mütləq nəzərə alınmalıdır. Onu da diqqətə çatdırım ki, avtobus dayanacaqlarından ödəmə terminallarının yığışdırılması xeyli insanı metroya axın etməyə sövq edir. Amma başa düşmək lazımdır ki, avtobus nəqliyyatından fərqli olaraq metro rels üzərində hərəkət edir. Təhlükəsizlik baxımından reqlamentə görə hərəkət edən qatarlar arasında müəyyən interval olmalıdır. Ürəyimiz istəyən qədər metro stansiyası açsaq da, çoxlu qatarlar gətirsək də, intervallara riayət etməli olacağıq. Metronun bir sərnişindaşıma tutumu da mövcuddur. Bundan artıq sərnişin daşımaq mümkün deyil. Avtomobil nəqliyyatında isə bunu etmək bir qədər asandır. Avtobuslar arasında interval 30 saniyə də ola bilər. Bu səbəbdən ictimai nəqliyyat yalnız metro üzərində qurulmamalıdır. Metro ilə yanaşı avtobuslar işləməli, tramvay xətləri çəkilməlidir".
Qeyd edək ki, bu ilin əvvəlində “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə bildirib ki, nəqliyyat məsələlərinin həll olunması məsələsində əsas prioritet haradasa metro stansiyalarının inşası deyil, məhz inteqrasiya olunmuş nəqliyyat, bir nəqliyyatdan digərinə rahat keçidin təmin edilməsi, eyni zamanda insanlara daha çox nəqliyyat seçimi imkanının verilməsidir: “Metro şəhərdaxili nəqliyyat sayılır. Bu mənada Bakının mərkəzi əsas olmaq şərtilə biz hələ ki bu məsələlərin həllinə tam nail olmamışıq. Xırdalan, Sumqayıt böyük şəhərlərdir. Düzdür, dünya praktikasında ətraf ərazilərə metro xəttinin çəkilməsi nümunələri var. Lakin Bakı üçün bu məsələ hazırda aktual deyil”.