Azərbaycanda buğdanın istehsalı və ehtiyatı niyə azalıb - təhlil
13-apr-2023Suvarılan torpaqların strateji məhsullar üçün ayrılmamasının sirri
Azərbaycan Hesablama Palatası aqrar sektora yönəldilən dövlət subsidiyasının effektivliyini qiymətləndirib. Palata qeyd edir ki, dövlətin birbaşa subsidiyalaşdırma ilə bitkiçilik sahəsinə dəstəyinin 2020-2021-ci illərdə əhəmiyyətli dərəcədə artması bir o qədər də önəmli olmayan meyvə əkinlərini 50,7 min ha (97,4 faiz) və çiyələk əkinlərini 409,3 ha (87,6 faiz) genişləndirib.
Hesablama Palatasının 2022-ci il üzrə bitkiçilik sahəsində yeni subsidiya mexanizminin qiymətləndirilməsi ilə bağlı auditinin nəticələrinə əsasən bu proses önəmi daha yüksək olan buğda əkinlərinin 89,0 min ha (15,9 faiz), çəltik əkinlərinin 1,1 min ha (38,8 faiz), kartof əkinlərinin 2,5 min ha (20,1 faiz), tərəvəz əkinlərinin 6,9 min ha (43 faiz), bostan bitkiləri əkinlərinin isə 4,9 min ha (47,2 faiz) azalması fonunda baş verib.
2021-ci ildə ölkə üzrə ümumi buğda əkini sahəsi 572 min 309 hektar olmaqla 2020-ci illə müqayisədə 16 min 106 hektar və ya 2,7 faiz, 2019-cu illə müqayisədə isə 97 min 711 hektar və ya 14,6 faiz azalıb.
Əkin sahəsinin azalması buğda istehsalında da azalma ilə nəticələnib. Belə ki, ölkədə istehsal olunmuş buğdanın miqdarı 2021-ci ildə 1885,4 min ton təşkil edərək 2020-ci ilə nisbətən 18,1 min ton və ya 1 faiz artsa da, 2019-cu illə müqayisədə 286,1 min ton və ya 13,2 faiz azalıb. Bu dövrdə ölkədaxili tələbatın bir hissəsi ehtiyatların hesabına təmin edilməklə buğda statistik balansı üzrə ehtiyatın qalığı 62,3 faiz azalaraq 01.01.2022-ci il tarixinə 325,7 min ton (eləcə də bütün növ un ehtiyatının qalığı 23,3 faiz azalaraq 359,5 min ton) təşkil edib.
Hesablama Palatasının auditi Ukrayna müharibəsi başlamazdan əvvəlki dövrə dair vəziyyəti ortaya qoyur. Məhz Rusiyanın Ukraynaya hücumu nəticəsində qlobal ərzaq bazarında yaranan böhran Azərbaycanda diqqətin təchizatında çox böyük ölçüdə idxaldan asılı olduğumuz buğdaya yönəltdi. Heç kimə sirr deyil ki, Azərbaycanda istehlak olunan bu məhsulun 80 faizdən çoxu xaricdən alınır. 2022-ci ildə ölkə xaricdən 1 milyon 292,996 min ton buğda idxal edilib ki, bu da 2021-ci ildəki idxaldan 12,6 faiz çoxdur. Bu idxal ölkəyə 436 milyon 551,2 min dollara (artım 31,5 faiz) başa gəlib. Bu isə 2022-ci ildə buğdanın tonunun idxalına 337,6 dollar xərc çəkildiyi deməkdir.
Ötənilki buğda idxalında əsas müsbət məqam alış bazarlarındakı diversifikasiyadır. Belə ki, Azərbaycan 2022-ci ildə Qazaxıstandan 95 milyon 800,45 min dəyərində 280,016 min ton buğda idxal edib ki, bu da 2021-ci ildəkindən 5,3 dəfə çoxdur. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 342,12 dollara başa gəlib.
Hesabat dövründə Rusiyadan buğda idxalında həcm ifadəsində 7,9 faiz azalma baş verib. Şimal qonşudan 1 milyon 8,061 min ton buğda alınıb. Lakin Rusiya məhsuluna ödənilən məbləğ 17 faiz artmaqla 337 milyon 491,94 min dollara çatıb. Nəticədə bir ton Rusiya buğdası üçün Azərbaycan 334,79 dollar ödəyib.
Ötən ilin yekununda Azərbaycana buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb. Qazaxıstan buğdası bir qədər baha başa gəlsə də, ölkənin buğda kimi strateji məhsulun idxalında tamamilə Rusiyaya möhtac olmaması baxımından müsbət haldır.
Xatırladaq ki, Azərbaycan 2021-ci ildə 331,919 milyon dollar dəyərində 1 milyon 148,06 min ton buğda idxal etmişdi. Bunun 956,3 faizi - 315,191 milyon dollar dəyərlə 1 milyon 94,236 min tonu Rusiyadan reallaşmışdı. Qazaxıstandan isə cəmi 15 milyon 850,6 min dollar 52,746 min ton buğda alınmışdı.
Bu ilin yanvar-fevralında ölkənin buğda idxalında ciddi artım qeydə alınıb. Gömrük statistikasına əsasən iki ayda 268 min 114 tondan çox buğda alınıb ki, bu da illik müqayisədə 2.3 dəfə çoxdur. İki ayda buğdanın idxalına 81.99 milyon ABŞ dolları xərc çəkilib.
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda buğda istehsalı azalaraq 1 milyon 736 min ton təşkil edib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton olmuşdu. Bu isə ötən il Azərbaycanda buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalmanın baş verdiyini göstərir. Açıqlanan göstəricilərdən aydın olur ki, buğda istehsalının azalması məhsuldarlığın aşağı düşməsindən və buğda əkini sahəsinin azalmasından qaynaqlanıb. Məsələn, 2022-ci ildə hər hektardan 31.9 sentner məhsul götürülüb. 2021-ci ildə bu rəqəm 32.9 sentner olub. Deməli, ötən il fermerlər hər hektardan 1 sentner daha az buğda yığa bilib. Məhsul yığılan sahələrin həcmi də həmin müddətdə 572 min hektardan 547 min hektara düşüb.
DSK-nın rəqəmləri buğda ilə yanaşı, arpa və qarğıdalı istehsalında da azalmanı üzə çıxarır. 2022-ci ildə arpa istehsalı bir öncəki illə müqayisədə 1 milyon 146 min tondan 1 milyon 100 min tona enib. Arpanın məhsuldarlığı il ərzində hər hektarda 2 sentner azalıb. Qarğıdalı istehsalı isə 287 min tondan 275 min tona enib. Qarğıdalının hər hektara düşən məhsuldarlığı il ərzində 3 sentner azalıb. Ötən il toplam 3.16 milyon ton taxıl yetişdirilib. Bu o deməkdir ki, 2021-ci illə müqayisədə Azərbaycanda taxıl istehsalı 6 faiz, yəni 202 min ton azalıb.
Ukrayna müharibəsinin aktuallaşdırdığı sərt həqiqət - buğda idxalında namərd qonşudan asılılıq Azərbaycan hökumətini ciddi addımlar atmağa vadar etdi. Belə ki, müasir suvarma sisteminə əsaslanan keyfiyyətli buğda istehsalı stimullaşdırılır. Ötən ilin iyul ayında imzalanan “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Prezident fərmanına əsasən 5 il müddətində pilot suvarma sistemindən istifadə edərək keyfiyyətli məhsul yetişdirən hüquqi və fiziki şəxslərə dəyirman və Dövlət Taxıl Fonduna təhvil verdikləri məhsula görə susbsidiya ayrılacaq. Aqrar Subsidiya Şurasının qərarına əsasən bu sibsidiyanın həcmi hər tona görə 100 manat təşkil edəcək. Eyni zamanda dövlət pivot suvarma sistemlərinin idxalını da subsidiyalaşdırır - dəyərin 60 faizini qarşılayır, qalan 40 faiz üçünsə güzəştli kredit ayırır.
Azərbaycanda buğda istehsalı azalıb: » Gundeminfo.az
Qeyd edək ki, hazırda ölkədə pivot suvarma sistemi ilə təmin olunan buğda sahələri daxili tələbatı tam təmin edəcək istehsal imkanına malik deyil. Belə sahələr əsasən aqroparklardadır: 21,7 min ha. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, ümumilikdə 41 min buğda əkini sahələrindən 2022-ci ildə 152 min tondan çox məhsul istehsal edilib. Bu il ölkədəki 51 aqroparkdan 40-da taxıl əkilib. Əkinlərdən 88,8 min ton ərzaqlıq, 31,4 min ton toxumluq, 32 min ton isə yemlik buğda toplanıb. Buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (3,2 ton/ha) yüksəkdir.
Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 4,5 ton/ha olub. Bu il aqroparkların pivotaltı sahələrində buğda əkinini 52 faiz və yaxud 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır.
Aydın məsələdir ki, yalnız aqroparklar hesabına ölkənin ərzaqlıq buğda təminatını nəzərdə tutulan 80 faizə çatdırmaq mümkün deyil. Bunun üçün əkin planlanmasında prioritetin buğdaya verilməsinə ehtiyac var. Hesablama Palatası buğda əkini üçün yararlı olmayan sahələrdə salınan meyvə bağlarının sahəsinin artmasını qeyd edir. Lakin əsl diqqət yetiriləsi məqam ən münbit torpaqların pambıq, tütün, şəkər çuğunduru kimi yalnız inhisarçı şirkətlərin marağına uyğun gələn bitkilərə ayrılmasıdır. Hazırda bir neçə yüz min hektar suvarılma imkanlı sahə pambıq, şəkər çuğunduru, tütün və digər strateji önəm daşımayan bitkilərin əkinlərinə ayrılıb. Bu siyasətin dəyişməsi, əkin planlaşmasının buğda istehsalının əsas prioritet sayılaraq aparılmasına ciddi ehtiyac var. Lakin hələ ki bu sahədə ciddi dəyişiklik olduğu görünmür.
Rəsmi statistikaya əsasən, 2023-cü ilin məhsulu üçün 1064,1 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib ki, bunun da 664,0 min hektarını buğda, 400,0 min hektarını arpa və 0,1 min hektarını çovdar təşkil edib. Xatırladaq ki, 2022-ci ilin məhsulu üçün 1015,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilmişdi ki, bunun da 602,1 min hektarı buğda, 413,6 min hektarı arpa və 0,2 min hektarı çovdar əkinləri idi. Göründüyü kimi, dənli bitki əkinlərinin sahəsi 48,2 min hektar artırılıb. Bu zaman buğda əkinləri 61,9 min hektar artırılıb, arpa 13,6 min hektar, çovdar isə 0,1 min hektar azaldılıb.
Yazlıq əkinlərdə bitkilər üzrə sahələrin necə dəyişəcəyi yəqin ki, yaxın iki ayda məlum olacaq.