TOVUZ MKTİB-NIN RƏISI ZÖHRAB ƏHMƏDOV IŞÇILƏRI ARASINDA “CADUGƏR OVU”NA ÇIXIB
13-apr-2023Tovuz şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyi ilə bağlı Dəryaz qəzeti olaraq araşdırmalarımız davam edir. Birliyin rəisi Zöhrab Əhmədov öz vəzifəsi ilə bir araya sığmayan kommersiya fəaliyyətini davam etdirir. Belə ki, əhali və qeyri — əhali qrupu ilə heç bir qarşılıqlı müqavilə bağlanmadan özbaşına pul yığımları davam edir. Əhalidən 3 manat, qeyri — əhali qrupu üzrə isə 15 — 20 manat toplanır. Nəzərə alaq ki, Tovuz şəhərində əhali qrupu 3500 — 4000 nəfər arası, qeyri — əhali qrupu isə 300 — 350 şəxs təşkil edir.
Zöhrab Əhmədovdan yığılan pulların dəqiq hesabatını soruşan yoxdur. MKTİB-nin gördüyü işlər yarıtmaz, keyfiyyətsiz və başdansovdu aparılır. Son zamanlar adı mətbuatda tez-tez hallanan, tənqidə tuş gələn Zöhrab Əhmədov isə işində müsbət dönüş etməyə çalışmaq əvəzinə, işçilərindən şübhələnərək, onların sırasından özünə yaxın olmayanları gözümçıxdıya salaraq onlarla münaqişə yaşayır. Onları qorxudur, işdən qovacağı ilə hədələyir.
Video-materialda təqdim olunan bu mənzərə Tovuz şəhəri, Sabir küçəsində, Rayon İcra Hakimiyyətinin 10 metrliyində yerləşən 5 mərtəbəli ümumi yaşayış binasının yaxınlığında yerləşən ərazidə çəkilib. Ümid edək ki, bu sahədəki ciddi maliyyə fırıldaqçılığı ilə bağlı hüquq — mühafizə orqanları təsirli tədbir görəcəklər.